Bia.Az

Prorektorun qətlinə sifariş verməkdə ittiham olunan rektor: "Mənim yerimə keçmək istəyirdi"

Cəmiyyət
 22-01-2024, 17:45     177

2011-ci ildə Təfəkkür Universitetinin prorektoru Tariyel Əhmədovun qətlə yetirilməsilə bağlı məhkəmə istintaqı başlayıb. Onun qətlində ittiham olunan 3 nəfərin - Təfəkkür Universitetinin keçmiş rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun rəhbəri, professor Müşfiq Atakişiyev, onun bacısı oğlu, keçmiş polis mayoru Dəyanət Quliyev və taksi sürücüsü Samir Quliyevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Bizimyol.info xəbər verir ki, yanvarın 22-də hakim Siyavuş Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında prokuror ittiham aktını elan edib. Daha sonra təqsirləndirilən şəxslər və mərhum prorrktorun oğlu ifadə verib.

İttihama görə, Müşfiq Atakişiyev prorektorun onun nüfuzuna zərbə vurduğunu, vəzifədə onun yerinə keçmək istədiyini düşünərək, bacısı oğlu Dəyanət Quliyevə onu öldürmək barədə sifariş verib. Dəyanət Quliyev isə bu işi 40 min dollar müqabilində həmkəndlisi Samir Quliyevə həvalə edib.

Samir Quliyev bir neçə gün prorektoru izlədikdən sonra Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən idman meydançalarından birində dəmir boru ilə Tariyel Əhmədovu öldürüb.

Müttəhimlər Dəyanət Quliyev və Samir Quliyev ittihama münasibətdə özlərini təqsirli biliblər. Qətlin sifarişçisi kimi ittiham edilən professor Müşfiq Atakişiyev isə verilmiş ittihamla razılaşmır. O bildirib ki, özünü Cinayət Məcəlləsinin 126-cı (qəsdən aağlamlığa ağır xəsarət yetirmə-ehriyatsızlıqdan şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə təqsirli bilir.

Müşfiq Atakişiyev deyib ki, mərhum prorektorla əvvəllər yaxın dost olublar, lakin rektor təyin ediləndən sonra Tariyel Əhmədov onu qısqanıb. Təqsirləndirilən professorun sözlərinə görə, Tariyel Əhmədov onun yerinə rektor vəzifəsinə keçib, özünü də sonra həbs etdirmək istəyirdi:

"Ona görə narahat idim. Elə yerlərlə əlaqəsi var idi ki, məni tutdura bilərdi. Axırda çıxılmaz vəziyyətdə qaldım. Bacım oğlu Dəyanətlə danışdıq ki, 1-2 aylıq təcrid olunması üçün ona xəsarət yetirsin. Qətiyyən öldürtdürmək niyyətim olmayıb. Bir-iki aylıq xəstəxanata yatması mənə kifayət idi. Həmin müddətdə işlərimi həll edəcəkdim - rektor müddətim uzaılacaqdı. Dostlarım söz vermişdi ki, 1-2 aya həll olunacaq. Onun ölməsi mənə sərf etmirdi, onunla prinsipdə olan adam kimi ilk məndən şübhələnərdilər. Düşündüm ki, xəsarət alsaydı uzağı bir yolla həll edərik".

Sabiq rektor bildirib ki, Samir Quliyevi ilk dəfə istintaq vaxtı görüb.

Məhkəmədə məlum olub ki, 12 il sonra cinayətin üstü Dəyanət Quliyevin Daxili İşlər Nazirliyinin 102 xidmətinə xəbər vermısilə açılıb. O, zəng edib və 2011-ci ildə Tariyel Əhmədovu öldürdüyünü deyib.

İttihamda yazılıb ki, Dəyanət Quliyev daylsından pul istəyib, ala bilməyəndə qisas məqsədilə zəng eləyib, polisə xəbər verib.

"Dedi ki, qumarda 4 min manat pul uduzmuşam. Mən də əsəbiləşdim, dedim ki, "qumarda uduzan adama verəcək pulum yoxdur"., - Müşfiq Atakişiyev bildirib.

Dəyanət Quliyev isə 12 il sonra cinayətin üstünün açılması barədə bunları deyib: "Son vaxtlar başım pozulmuşdu. Evdəkilərlə də münasibətim pis idi. Dayımdan da pul istədim vermədi. Bir dəfə özümü binadan atmaq istədim, imkan vermədilər. Sonra özümü cilovlaya bilmədim, 102-ə zəng edib etiraf etdim. Dedim ki, illər əvvəl Tariyel Əhmədovu mən öldürmüşəm. Həmin vaxt Samirlə, dayımın adını çəkmədim. Hər şeyi öz üzərimə götürdüm".

Təqsirləndirilən Samir Quliyev də deyir ki, vurduğu adamın kim olduğunu bilməyib: “Dəyanət dedi ki, bir nəfərlə hesabım var, onu qorxutmaq lazımdır. Dediyinə görə, ona işi ilə bağlı təzyiq edirmiş. Həmin vaxt Dəyanət maşınından dəmir boru çıxarıb verdi. Bundan sonra bir neçə gün zərərçəkmişi izlədim. Hadisə günü səhər tezdən idman etmək üçün həyətə düşmüşdü, elə həmin vaxt əlimdəki dəmir boru ilə iki zərbə vurdum".

O, Tariyel Əhmədovu öldürmək niyyəti olmadığını və bu cinayətə görə pul almadığını əlavə edib.

Zərərçəkmiş Tariyel Əhmədovun hüquqi varisi qismində oğlu Zaur Əhmədov tanınıb. O da ifadə verib. Deyib ki, atasının qətlində iki nəfərdən- yeznəsi və Müşfiq Atakişiyevdən şübhələniblər. Yeznəsindən ona görə ki, ailədaxili problemləri olub. Mərhumun oğlunun dediyinə görə, hadisədən sonra Müşfiq Atakişiyevlə münasibətləri davam edib, dəfələrlə atasının ölümü haqda söhbətləri olub:“Deyirdi ki, atamla prinsipdə olub, öldürsəydi, ondan şübhələnərdilər. Atam ölümündən əvvəl deyirdi ki, Müşfiq Atakişiyev yaxın vaxtlarda vəzifəyə gedəcək, onun yerinə də mən təyin ediləcəm. Onu da demişdi ki, Müşfiq Atakişiyev rektorluqdan getməsə belə, onun haqda şikayərlər var, həbs ediləcək”.

Məhkəmə prosesi yanvarın 31-i davam edəcək.

скачать dle 12.1