Bia.Az

Üzü hamıdan gizlədilən ən məxfi generalımız: Putin ona nə demişdi? – FOTOLAR

Cəmiyyət
 21-01-2024, 17:25     178

Yanvarın 19-da ilk türk kosmonavt Alper Gezeravcı Türkiyə saatı ilə 00:49-da kosmosa yola salınıb. O, Beynəlxalq Kosmik Stansiyada 14 gün qalacaq.

Bu günə kimi kosmonavtika sahəsində fəaliyyət göstərmiş türk əsilli şəxslərdən bəhs edilib. Bu sırada SSRİ kosmik sənayesinin banilərindən olan Kərim Kərimovun adı xüsusi çəkilir.

Maraqlıdır, Kərim Kərimov kimdir?

Globalinfo.az mövzu ilə bağlı araşdırma aparıb.

Kərim Əli oğlu Kərimov 14 noyabr 1917-ci ildə Bakı şəhərində mühəndis-texnoloq ailəsində anadan olub. 1942-ci ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Artilleriya Akademiyasında təhsilini davam etdirərək gələcək həyat yolunu kosmik-raket sistemlərinin yaradılması ilə bağlayıb.

O, Azərbaycan Xalq Cümhuriyyətinin parlament üzvü Əsədulla Əhmədovun nəvəsi, milyonçu mesenatlar Hacı Zeynalabdin Tağıyev və Murtuza Muxtarovun qohumu olub.

Kərim Kərimov SSRİ Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə saxlanılmaqla, 1965-ci ildə yeni yaradılmış Ümumi Maşınqayırma Nazirliyinə ezam olunub və burada kosmik raket texnikası üzrə işlərin təşkil edilməsi ilə bilavasitə məşğul olan Üçüncü Baş İdarəyə rəhbərlik edib. O, eyni zamanda, 1966-cı ildə Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasının sədri təyin edilib.


Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın kosmosa göndərilməsində onun da rolu olub. 1961-ci ilin aprel ayının 12-də, SSRİ-nin təyyarəçi-kosmonavtı Yuri Qaqarin Baykonur kosmodromundan “Vostok” gəmisində kosmosa qalxanda onu dünyada ilk kosmik uçuşa yola salanların arasında soydaşımız da olub.

Elə bu tarixi uçuşu həyata keçirənlərin təltifolunma mərasimində Kərim Kərimova “Lenin” ordeni və vaxtından əvvəl general-mayor rütbəsi verilib.

Onu üzdən ancaq SSRİ-nin ali rəhbərliyi tanıyıb. Görkəmli xadimin fəaliyyətləri ABŞ-ın NASA agentliyinin nəzərindən yayınmayıb və MKİ onunla əlaqə qurmaq üçün uğursuz cəhdlər edib.

1987-ci ilə kimi də çox azərbaycanlı bilmirdi ki, sovet kosmonavtikasında əsas vəzifələrdən birini yerinə yetirən şəxs onların həmyerlisidir. Kərim Kərimovun Yuri Qaqarinin kosmosa ilk uçuşundan tutmuş “Mir” kosmik stansiyasına qədər (1986) bütün böyük əhəmiyyətli kosmik missiyalarda iştirak etməsinə baxmayaraq, televiziya kameraları həmişə komonavta yönəlirdi, amma raport verilən şəxsə yox. Kərim Kərimovun ancaq səsi yayımlanırdı.

İyirmi beş il ərzində Kosmik Uçuşlar üzrə Dövlət Komissiyasına başçılıq etmiş K.Kərimovun adı SSRİ-də kosmosun öyrənilməsi sahəsində bir çox nadir elmi-texniki layihələrin həyata keçirilməsi ilə sıx bağlı olub.

Ehtiyatda olan polkovnik Oktay Əhmədov general Kərim Kərimovla bağlı maraqlı məqamlara toxunub:

“Kərim Kərimovun müsahibələrindən birində “niyə kosmonavtlar arasında azərbaycanlı yox idi” sualına belə cavab vermişdi ki, nəinki azərbaycanlı, ümumiyyətlə, müsəlman millətlərindən kosmonavtların olması da məqsədəuyğun sayılmırdı. Yalnız həmyerlimiz Musa Manarovun kosmosa göndərilməsini Kərim Kərimov onun uzun müddət Korolyovla bir yerdə işləməsi ilə izah etmişdi.

Buradan belə bir məntiqi sual meydana çıxır: bəs necə olub ki, Kərim Kərimovun özü belə məxfi sahəyə buraxılıb? Mənə görə bunun səbəbi Kərim Kərimovun qeyri-adi, ilahidən olan bilik və rəhbərlik istedadı və ona bu bacarıq və elmi səviyyədə bərabər ola biləcək alimlərin olmamasıdır. Bu qədər mühüm və məsuliyyətli vəzifədə slavyan yox, azərbaycanlı türk oğlunun 25 il rəhbər olması qıcıq yaratsa da, ən yüksək səviyyədə buna qarşı kiminsə açıq surətdə mane olması mümkün deyildi.

Onun fəaliyyəti Ginnesin rekordlar kitabına daxil edilməyə layiqdir. O, 30 ildən yuxarı kosmonavtika sahəsinə rəhbərlik edib. 1965-ci ildən 1991-ci ilə qədər 26 il pilotlu raketlər üzrə Dövlət komissiyasının sədri olub. O, öz fəaliyyəti ərzində Stalinə, Xruşşova, Brejnevə, Andropova, Çernenkoya, Qorbaçova məruzə edib. Bir-birindən fərqli rəhbərlər dəyişsə də, dəyişməz yalnız Kərim Kərimov olub”.


Kosmonavtikanın inkişafında böyük rolunu və Azərbaycan Respublikası qarşısında nailiyyətlərini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidentinin fərmanı ilə “Şərəf” Ordeni ilə təltif edilib.

Bundan başqa, 2001-ci ildə Rusiya Prezidenti Vladimir Putin Kərim Kərimovu “Vətən qarşısında xidmətlərinə görə” 4-cü dərəcəli ordenlə təltif edib. Moskvada azərbaycanlıların da təhsil aldığı 157 nömrəli orta ümumtəhsil məktəbinə əfsanəvi generalın adı verilib.

2002-ci ildə Kərim Kərimovun 85 yaşı tamam olub. Deyilənə görə, yubiley mərasimində Rusiya Prezidenti Vladimir Putin də iştirak edib. O, Kərim Kərimovun sağlığına badə qaldıraraq “Siz kosmos fatehlərinin sərkərdəsisiniz” deyib.

Qeyd edək ki, generak Kərim Kərimov 29 mart 2003-cü ildə Moskvada vəfat edib və orada dəfn olunub.скачать dle 12.1