Bia.Az

"Samanlıqda iynə axtaranlar..." - “Greencard Azerbaijan”ın rəhbərini "apardılar", müraciətçilər "kodsuz" qaldı

Cəmiyyət
 13-01-2024, 16:52     313

“Greencard Azerbaijan” şirkətinin direktoru Rüfət Piriyevin həbsi müəyyən mənada gözlənilməz olmadı. Sosial şəbəkələrdə onunla bağlı şikayətlər çoxalmışdı. Rüfət Piriyev ABŞ və Kanadaya köçmək istəyənlərə yalan vədlər verərək xeyli vəsaiti mənimsəməkdə ittiham olunur. Yüzlərlə zərərçəkən olduğu bildirilir.

Bizimyol.info xəbər verir ki, “Greencard Azerbaijan” və “Abroad” MMC-nin rəhbəri Rüfət Piriyev yanvarın 9-da həbs olunub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin sözlərinə görə, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsilə cinayət işi başlanıb.

Rüfət Piriyevdən şikayətlər o qədər çoxalmışdı ki, əvvəl-axır bunlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət ünvanlanacağı şübhə doğurmurdu. Nəhayət, dələduzluğa məruz qalanlardan bir neçəsi məsələni hüquqi müstəviyə çıxarmaq qərarına gəlib. Çünki onlarda artıq pullarının geri qayıtmayacağı qənaəti yaranıb. “Greencard Azerbaijan”la bağlı şikayətlər həmişə bir-birini əvəz edib.

Şirkət hansı yollarla insanlardan istifadə edib?

Əvvəlcə “qrin kart”ın mahiyyətindən danışaq. “Qrin kart” ABŞ-da bir şəxsə yaşamağa və işləməyə icazə verən sənəddir. Bunu müxtəlif yollarla əldə etmək olur. Ən asanlarından biri illik viza lotereyasında iştirak etməkdir. Bunun üçün uyğun portalda bir dəfə qeydiyyatdan keçmək kifayət olur. Lotereyada bəxti gətirənlərə ABŞ-a yollanmaq üçün yaşıl işıq yanır. İndiyə qədər dünyanın müxtəlif yerlərindən yüzminlərlə insan bu yolla okeanın o tayına yola düşüb.

Şirkətin adının “Greencard Azerbaijan” olması Azərbaycanda insanları çaşdırır. Əksəriyyət söhbətin rəsmi nümayəndəlikdən getdiyini düşünür. “Greencard Azerbaijan”a məhz buna görə müraciətlərin sayı az olmur. Əslində, viza lotereyası üçün qeydiyyatdan keçməyin çox sadə proseduru var. İnsanlar bilgisizlikdən adıçəkilən şirkətə üz tutur. “Greencard Azerbaijan” həmin şəxslər üçün qeydiyyatı həyata keçirir, amma kodu özündə saxlayır. Həngamə uduş zamanı yaranır. Şirkət qalibə qeydiyyat kodunu təqdim etməkdən boyun qaçırır. Böyük məbləğlər müzakirə mövzusuna çevrilir. Sosial şəbəkələrdə yazılanlardan belə anlaşılır ki, bəzən qalibdən 5-6 min manat tələb olunub.
Bütün bunlar böyük təəssüf doğurur. Daha təəssüfedici məqam insanların böyük həvəslə ölkəni tərk etmək istəyidir. Məhz vətəndən getmək arzusu onları pul tələsinə salır.скачать dle 12.1