"Yenə bu şəhərdə üz-üzə gəldik..." - "Baş Planda qeyd olunan "müasir" nəqliyyat vasitələri gətiriləcək"

Bir neçə gün əvvəl Bakının Baş Planı təsdiq edilib. Baş plan Bakı şəhərinin 2040-cı ilə qədər inkişafını nəzərdə tutan 2020-2027-ci və 2028-2040-cı illəri əhatə edəcək 2 mərhələdə həyata keçiriləcək. Bu müddət ərzində ümumilikdə paytaxtın müxtəlif istiqamətli inkişaf-şəhərsalma konsepsiyası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği 93,5 milyard manatdan çoxdur. Məbləğin 33 milyard manatdan çoxu bilavasitə özəl investisiya mənbələri hesabına, qalan 60,5 milyard manatı isə dövlət (büdcə və s.) və özəl maliyyə mənbələri hesabına həyata keçiriləcək. Baş Planda nəqliyyat məsələləri, Bakı bulvarının uzadılması və s. digər məsələlər yer alıb.
Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hər dövrün öz tələbləri var.
Elməddin Muradlı
“Ola bilsin 5 ildən sonra, 10 ildən sonra bu gün mövcud olan 40-50 qəpiklik gediş haqqı bir manat üzərində olsun və ya bir manat civarında olsun. Bu gün qiymət özü belə sahibkarları qane etmir. Bu səbəbdən də avtobus parkını yeniləyə bilmir, yeni avtobuslar gətirə bilmirlər və müxtəlif problemlərlə üzləşirlər”-deyə Elməddin Muradlı ekspert bildirib.
Ekspert qeyd edib ki, Bakının bütün istiqamətlərində ictimai nəqliyyatın saat dəqiqliyi ilə işləməsi iradəsi var. Bu istiqamətdə müəyyən addımların atılması nəzərdə tutulur. Bu da baş planda da öz əksini tapıb. Eyni zamanda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanan təkliflər sırasında qeyd olunub. Ekspertin sözlərinə görə, bu məsələ Bakı Nəqliyyat Agentliyi səviyyəsində uzun illərdir ki, müzakirə olunurdu.
“Keçmiş nəqliyyat nazirliyi ümumiyyətlə bu istiqamətdə tutarlı bir iş görmədi. Ümuməm “köhnə-təzə fərq etməz, hansısa bir avtobus varsa, vəssalam iş gedir” prinsipi ilə yanaşılırdı. Bakı Nəqliyyat Agentliyi biraz yenilənməyə həvəsli idi və çalışırdı. Təəssüf ki, o da tam olaraq, əhatə etmədi. İndi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu məsələyə prinsipial yanaşır. Nazirliyin əsas prinsipi avtobus parkının yenilənməsidir. Bu günə qədər ilk dəfədir ki, nazirlik səviyyəsində, nazirliyin rəhbərliyi səviyyəsində, nazir müavini Rəhman Hümmətovun dilindən eşitdik ki, Azərbaycanda mövcud olan avtobusların, Bakı şəhərində mövcud olan avtobusların (təxminən 2 min civarında avtobusdan söhbət gedir) 400-dən çoxu istismara yararsızdır. Yəni onların nə isitmə sistemi, nə də soyutma sistemi var. Qışda insanlar soyuqdan donur, yayda istidən bişir. Digər texniki parametrlərə görə də istismara yararsızdır. Amma alternativ variant olmadığına görə, məcburən o avtobuslarla hələ də sərnişin daşınır və biz də bunu qəbul etmək məcburiyyətindəyik. Gələcək dövr üçün bu istiqamətdə atılacaq addımlar çoxdur. Nazirliyin açıqladığı məqamlardan biri budur ki, dövlət proqramı səviyyəsində hansısa formada sahibkarlara dəstək göstəriləcək ki, onlar avtobus parkını yeniləsinlər. Eyni zamanda dövlət xətti ilə də avtobuslar gətiriləcək.
Metro xəttlərinin artırılması, tramvay üçün şəraitin təşkil olunması və dəmir yolu şəbəkəsinin genişlənməsi özü-özlüyündə ictimai nəqliyyatın inkişafına gətirib çıxaracaq”-deyə ekspert vurğulayıb. Onun sözlərinə görə, müasir həyatımıza yeni növ ictimai nəqliyyat növləri daxil olacaq ki, bu da metrobus və tramvay kimi şəhərimizə qismən yad olan nəqliyyat vasitələridir.
“İndi yaşayıb görəcəyik ki, həmin dövrə qədər bu qurumlar nə iş görəcək. Hansısa bir əcnəbi şirkətə hazırladılan dövlət proqramı milli səviyyədə qoruyub saxlanacaqmı, lazımi qaydada icra edə biləcəkmi?! Maraqlıdır və biz də gözləyirik”-deyə Elməddin Muradlı bildirib.