Bia.Az

Müəllimlər etiraz edir: Pulsuz qalırlar - FAKT BUDUR!

Cəmiyyət
 11-01-2024, 16:05     194

Dövlət İmtahan Mərkəzi ümumi və tam orta təhsil səviyyəsi üzrə 2024-cü ildə keçiriləcək buraxılış imtahanlarının tarixlərini açıqlayıb.

Belə ki, tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 3 mart, II zona 10 mart tarixində keçiriləcək. Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı – I zona 17 mart, II zona 7 aprel, III zona 21 aprel tarixində keçiriləcək. Ümumi (9 illik) və tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları modelində dəyişiklik edilməyib və 2024-cü ildə builki imtahan modeli tətbiq olunacaq. İmtahanların mart ayında təşkili isə həm abituriyentlər, həm də repetitorlar üçün sərfəli hesab olunmur.

Mart ayına qədər repetitor müəllim proqramın tamamını tədris etməyi çatdırmır, nəticədə şagird keçirilməyən proqramdan düşən sualları cavablaya bilmir.

Digər bir tərəfdən, imtahanların elə 1-ci mərhələsindən sonra əksər şagirdlər repetitor yanına getməyi dayandırır. Həmin imtahandan topladığı balın onun üçün kifayət edəcəyini düşünən abituriyent ikinci mərhələnin keçiriləcəyi vaxta qədər hazırlığa getməyi uyğun hesab etmir.

Bu, valideynləri bir neçə aylıq əlavə xərcdən azad etsə də, repetitorlar üçün problemə çevirilir. Müəllimlərin bir çoxu böyük məbləğ təşkil edən xərclərini - xüsusilə kreditlərini məhz repetitorluq fəaliyyətindən əldə etdiyi məvacib sayəsində qarşıladığı üçün imtahandan sonra geridə qalan 5 ay çətinlik yaşayır.

Sosial şəbəkələrdə müəllimlərin olduğu qruplarda bununla bağlı şikayətləri görmək mümkündür. Bunu nəzərə alan repetitorlar dərs proqramını imtahana qədər çatdıra bilməcəyini və düşəcək sualları cavablaya bilməyən şagirdlərin məsuliyyətinin onun üzərində olmadığını öncədən valideynə məlumat verir. Həmçinin, dərs proqramının əsasını isə imtahandan sonra tədris edəcəyini şagirdlərə də, valideynlərə də çatdırır.

Yəni, beləliklə, həm də ödəniş alacağı müddəti uzatmış olur. Bunu da onunla əlaqələndirirlər ki, məhz repetitorluq fəaliyyətinə ümid edərək ev, maşın və digər ehtiyaclar üçün kredit götürürlər, məşğəlılərin ilin ortasında bitməsi ödənişdə çətinlik yaradır.

Yüksək bal toplamaq istəyən şagird də sözsüz ki, martdan sonra da bu hazırlıqlara getməli olur. Yığdığı balla kifayətlənən abituriyent isə imtahandan sonra hazırlıqları dayandırır.

Əslində, bu da doğrudur ki, yalnız bir dəfə təşkil olunan imtahanlar zamanı da bəzi dərslərin keçirilməsi çatdırılmırdı. Məsələn, 2015-ci ildə qəbul imtahanında iştirak edən bir çox abituriyent bildirir ki, 11-ci sinifin tarix fənninə aid dərs proqramını çatdıra bilməyib. Bu səbəbdən həmin fənndən düşən sualları cavablandırmayıb.

BİA.az xəbər verir ki, mövzu ilə bağlı "Cebhe.info"-ya danışan təhsil eksperti Kamran Əsədov bildirib ki, buraxılış imtahanlarının mart ayında keçirilməsi yanlış qərardır:

“İlk növbədə qeyd edim ki, mart ayında buraxılış imtahanlarının keçirilməsi yanlış qərardır və heç bir halda qəbul edilə bilməz. Özümüzü onunla müdafiə etməməliyik ki, imtahan sualları yanvara qədər keçirilimiş mövzulardan olacaq.

Həmin tarixlərdə məktəb proqramı yekunlaşmır, proqram bitmədiyi halda hansısa imtahanın keçirilməsi yanlışdır. İkinci səbəb imtahan tarixləri imtahana üç-dörd ay qalmış elan olunur ki, burada abituriyentlərin dərslik proqramını oxuyub bitirməsi üçün çox qısa bir zaman qalır.

Bu səbəbdən şagird məcburən əlavə müəllim yanına üz tutur, hətta getdiyi müəllimin yanında saatını artırmaq məcburiyyətində qalır. Üçüncü səbəb şagirdin dərs prosesi pozulur, buraxılış imtahanını verən şagird artıq tədris ilinin digər hissəsindəki dərslərə etinasız yanaşacaq.

Bəli, real vəziyyət odur ki, buraxılış imtahanlarından sonra şagirdlırin dərsə davamiyyəti və imtahan verdiyi fənlərə marağı ciddi şəkildə azalır.

Misal üçün, 9 və 11 – ci siniflər mart ayındakı buraxılış imtahanlarından sonra İngilis dili fənnindən mövzuları oxumurlar və yekun nəticədə dərsliklərdə olan mövzular mənimsənilmir. Həmçinin qüvvədə olan kurikulum standartları şagirdlərdə tədris ilinin sonunda zəruri bilik və bacarıqları formalaşır. Bu kompetensiyalar formalaşmadan imtahan həyata keçirmək doğru deyil”.
скачать dle 12.1