Bia.Az

Perinatal Mərkəzdəki faciə: FHN və TƏBİB-in heç günahı yoxdur? - AKTUAL

Cəmiyyət
 11-01-2024, 12:20     113

Respublika Perinatal Mərkəzində baş verən hadisə bir neçə il əvvəl Narkoloji Dispanserdə də yaşanmışdı. Amma nəticəsi nə oldu? Kimlər cəzalandı? Bu dəfə də direktor və iki şöbə müdiri ev dustaqlığı olmaqla cinayət məsuliyyətinə cəlb edilərək fəaliyyəti təftiş edilməli olan qurumlar arxa planda qaldılar. Gəlin yada salaq: Baş Prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirir ki, Perinatal Mərkəzində yanğın gecə saat 03:05 radələrində başlayıb.

Növbətçi həkim 7 dəqiqə sonra otağa daxil olub, aidiyyəti qurumlara məlumat verib. Yaxşı, bəs bu 7 dəqiqə ərzində yanğın əleyhinə siqnalizasiya sistemi niyə işə düşməyib? Ümumiyyətlə, Mərkəzdə bu sistem heç olubmu?
Vəkil Aqil Layıc bu mövzuda dəqiq fikirlər bölüşmüşdü. Onun sözlərinə görə, Respublika Perinatal Mərkəzində baş vermiş yanğın 4 ailəyə faciə yaşatdı: "Körpələrin vəfat etməsi çox acı xəbərdir, yaşanan ən acı faciədir.
Ölkədə qurumların adını dəyişirlər, amma mahiyyət dəyişmir. Yenə bədbəxtin birini məsuliyyətə cəlb edəcəklər, rəhbərləri isə öz qlamur həyatlarına davam edəcək.
TƏBİB qədər məsuliyyətsiz və yararsız orqan, bir də özləridir. Adını Təbib yox Həbib qoy, mahiyyət eynidir. Orta statistik cəmiyyətdə belə hallara görə baş məsul şəxs istefa verərdi. Amma görünən odur ki, qlamurlarda belə bir xarakter yoxdu.
Peşə əxlaqından uzaq şəxslərin rəhbər təyin edilməsinin acı nəticələri göz qabağındadır. Səhlənkarlıq və nəzarətsizlik o qədər çoxalıb ki, adi yanğını anında görmək qabiliyyəti belə yoxdur bu qurumda..."
AĞ Partiya funksioneri Malvina Əmirova isə bu faciədə məsuliyyətsizlik edən tərəflər arasında Fövqəladə Hallar Nazirliyini göstərir: "Kimdir günahkar? Hər bir müəssisənin, mehmanxanaların və hətta xırda mağazaların belə, yanğına qarşı sisteminin olması vacibdir. Əgər bu yoxdursa, deməli, bu faciənin ən əsas iki günahkarı var -
Fövqəladə Hallar Nazirliyi və müəssisənin rəhbərliyi. Biri qanunsuzluğa göz yumur, digəri şəxsi mənafeyinə görə qanunu pozur. Biri rüşvət verir, o biri isə alır. Ortada isə həmişəki kimi yazıq millət qırılır, burada isə yeni dünyaya göz açmış 4 uşaq..."
Arzu Qaziyeva bu mövzuda maraqlı xatırlatma edib: "4 körpə yaşamalı olduğu və yaşamaq uğrunda çabaladığı bir vaxtda əldən getdi. Valideynin körpəsi əmanəti hansısa səhlənkarın, məsuliyyətsiz qəddarın "xəyanətinə" tuş gəldi.
Ana dünyaya uşaq gətirsin, amma analıq hisslərinin mutluluğunu yaşamağa, körpəsini əlinə, qucağına almağa macal tapmasın.
Pandemiya vaxtında Fövqəladə Hallar Nazirliyinin modul tipli hospitalında da məsuliyyətsizlik, səhlənkarlıq nəticəsində gecəylə oksigen anbarı partlamışdı, oksigen aparatında olan xəstələr sağ qalmamışdı.
Heç kim də məsuliyyətə cəlb olunmamışdı.
Təhlükəsizlik, nizam-intizam nə qədər ki yola veriləcək, bir o qədər də bu günümüzə zəmanət, əminlik olmayacaq".
Yusif Şamil oğlu isə TƏBİB rəhbərini istefaya çağırıb: "Respublika Perinatal Mərkəzindəki yanğında 4 uşaq ölüb, 3 nəfər tüstüdən zəhərlənib. 26 körpə KTM-ə yerləşdirilib, vəziyyətləri stabildi.
İnsanların təhlükəsizliyi təmin edilmir. Məsuliyyət daşıyan şəxslər Perinatal Mərkəzində baş verən faciəyə görə məsuliyyətə cəlb edilməlidir. İlk TƏBİB-in İcraçı Direktor Vüqar Qurbanov istefa verməlidir. Vüqar Qurbanov cənab Prezident İlham Əliyevin etimadını doğrultmadı. Xəstəxanalar da vəziyyət daha da ağırlaşır".
Bütün bunlar sosial mediada yazılanların, reaksiyaların yarısından da az hissəsidir ki, sizə təqdim etdik. Əslində yüzlərlə bu cür qəzəbli, etiraz dolu postlar yazılıb, FHN və TƏBİB ünvanına tənqidlər səsləndirilib. Sadəcə, sosial şəbəkələrin Azərbaycan seqmentində bütün postları təqdim etsək, uzun bir siyahı alınar. Bu reaksiyalar isə cəmiyyətin ümumi mövqeyini ifadə edir.

Anaxeber.info
скачать dle 12.1