Bia.Az

Naxçıvan üçün Kalininqrad modeli: mümkündür, amma vaxtımızı alacaq - AKTUAL

Cəmiyyət
 9-01-2024, 22:01     188

Azərbaycan Ermənistanın imtina etdiyi Zəngəzur dəhlizi ilə bağlı rəsmi mövqeyini bir daha bəyan edib. Prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın "Berliner Zeitung" qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını (MR) Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə edərkən bildirib ki, Azərbaycan malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: "Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq".

Prezidentin köməkçisi Kalininqrad modelindən də danışıb. Bildirib ki, Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi: “Biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq...".

Zəngəzur dəhlizi ilə bağlı daha bir maraqlı məlumat Türkiyə tərəfindən səsləndirilib. Qardaş ölkənin nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu deyib ki, bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı müsbət mesajlar verib. Uraloğlu xatırladıb ki, ilk dəfə belə bir təşəbbüs irəli sürüləndə Ermənistan tərəfi bu layihənin Ermənistana faydalı olsa da, mənfi reaksiya verib.

Nazirin sözlərinə görə, Türkiyə dəhliz layihəsini 2029-cu ilə qədər həyata keçirməyi planlaşdırır: “Zəngəzur dəhlizinin Bakıdan Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Ümumiyyətlə, bu dəhlizin yaradılması prosesi beş il çəkəcək. Düşünürəm ki, 2028-ci ildə biz bütün işləri tam başa çatdıracağıq”.

“Ermənistan dəhlizin tam başa çatmış sayılması üçün planlaşdırma və tenderlər aparmalıdır. Beləliklə, Türkiyə türk dünyası və Mərkəzi Asiya ölkələrinə birbaşa və asan çıxış əldə edəcək”, - deyə nazir bildirib.

Uraloğlu həmçinin qeyd edib ki, İran da öz növbəsində Ermənistandan yan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirəcək yolun tikintisi təşəbbüsü ilə çıxış edib: “Zəngəzur dəhlizi layihəsi həyata keçiriləcək. Lakin Ankara İranın da öz ərazisi vasitəsilə Türkiyə ilə Azərbaycanı birləşdirən bu əlaqənin bir hissəsinə çevrilməsinə etiraz etmir və bu layihənin vaxtında həyata keçiriləcəyini gözləyir”.

Naxçıvana sərbəst gediş-gəliş üçün Kalininqrad modelinin reallaşması, Zəngəzur dəhlizinin açılması ehtimalları ilə bağlı AYNA-nın suallarını cavablandıran “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib ki, əvvəlcə Kalininqrad modelinin nə olduğuna baxmaq lazımdır:

- İkinci Dünya müharibəsi zamanı Kalininqradın adı Köninsberq idi və Almaniyaya daxil idi. Müharibə zamanı SSRİ qoşunları həmin şəhərə daxil oldular. SSRİ-dən kənarda olan Köninisberq daha sonra SSRİ-yə verildi və adı Kalininqrad oldu. Azərbaycanın materik hissəsindən Naxçıvana quru yolla getmək üçün dəhlizdən keçmək lazımdırsa, Rusiya Litva ərazisindən dəhliz vasitəsilə Kalininqrada getməli idi. İkinci Dünya müharibəsinin bitiş şərtlərinə görə, SSRİ o dəhlizdən rahat istifadə etməli idi və indi də Rusiya o dəhlizdən istifadə edir. Hikmət Hacıyevin həmin keçid modelini gündəmə gətirməsi doğru və strateji yanaşmadır. Niyə Azərbaycanın bir hissəsindən digər hissəsinə gedərkən bizi hansısa ölkənin sərhədçisi, gömrükçüsü yoxlamalıdır?! Hesab edirəm ki, Bakı tərəfindən irəli sürülən Kalininqrad modeli yaxşı ideyadır.

- Reallaşması mümkündürmü?

- Ermənistanın iddiası belədir ki, Azərbaycandan Naxçıvana maneəsiz dəhliz doğru deyil, yol onların ərazisindən keçirsə, yoxlamalıdırlar və s. Onu da deyim ki, erməni rəsmilər son açıqlamalarında Zəngəzur dəhlizi ilə bağlı yumşaq ifadələr işlədirlər. Hiss edilir ki, geri addım atmağa meyillidirlər. Məsələn, bəziləri deyir ki, Azərbaycan Ermənistandan Naxçıvana maneəsiz keçid istəyir, buna sonra baxıla bilər. Guya rəsmi Bakı əvvəlcə İrəvanın şərtləri ilə razılaşmalıdır. Hansı ki, bu şərtləri Ermənistanın Baş naziri Nikol Paşinyan bir neçə ay öncə səsləndirmişdi. Söhbət Paşinyanın Tiflisdə dediyi “sülh qovşağı”ndan gedir. Həmin ideyaya əsasən, Cənubi Qafqazda bütün nəqliyyat-kommunikasiya açılır, amma dövlətlərin yurisdiksiyası daxilində. Bu o deməkdir ki, Ermənistan Naxçıvana keçid yolu verir, amma azərbaycanlıları erməni sərhədçiləri, gömrükçüləri yoxlamalıdırlar. Azərbaycan tərəfi də buna razı deyil.

Kalininqrad modelinin reallaşması mümkündür, amma bu, danışıqlar predmetidir. Bu, düşünürəm ki, bizim vaxtımızı alacaq. Yəni ki, Zəngəzur dəhlizi məsələsi uzun müddət davam edən danışıqlar predmeti olduğu üçün sülh sazişinin kənarında qalacaq. Bu il sülh sazişinin imzalanması ehtimalı yüksəkdir. Hətta bu ilin ilk yarısında müqavilə imzalana bilər. Amma iki məsələ - Zəngəzur dəhlizi və sərhədlərin delimitasiya və demarkasiyası sülh sazişi sənədində yer almayacaq.

- Zəngəzur dəhlizi ilə bağlı Ankaradan da maraqlı açıqlama səsləndirilib. Türkiyənin Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu deyib ki, Zəngəzur dəhlizinin 2028-ci ildə həyata keçiriləcək. Bunu necə qiymətləndirmək olar?

- Hesab edirəm ki, iddialı açıqlamadır. Uraloğlunun dediklərinə nəzər salsaq, məntiqlə 4 ildən sonra dəhliz işə düşməlidir. Ermənistan rəsmiləri Zəngəzur dəhlizində maraqlı olduqlarını ifadə etsələr də, “dəhlizin Ermənistandan keçən hissəsi Ermənistanın yurisdiksiyası əsasında həyata keçirilməlidir” yanaşmasından imtina etməyiblər. Buna baxmayaraq, türkiyəli nazir Ermənistandan müsbət mesajlar aldıqlarını deyib. Ola bilər ki, Ermənistan rəsmilərinin türkiyəli həmkarlarıyla qapalı dialoqlarında “müəyyən şərtlər daxilində açıq dəhlizə icazə verə bilərik” cümləsini işlədiblər. Çünki rəsmi Bakının mövqeyi belədir ki, Azərbaycan vətəndaşları Zəngəzur dəhlizindən istifadə edərkən yoxlamadan keçməməlidirlər. Rəsmi Bakı bununla yanaşı, başqa ölkələrin yüklərinin Zəngəzur dəhlizindən daşınmasının Ermənistan yurisdiksiyasına uyğun həyata keçirilməsinin əleyhinə deyil. Hikmət Hacıyev alman nəşrinə müsahibəsində bu məsələyə toxunub. Yəni ki, bu “mənim vətəndaşlarım dəhlizdən yoxlanılmadan keçməli, digər ölkələrin yüklərini isə yoxlaya bilərsiniz” deməkdir. Bunun qarşılığında Ermənistan rəsmilərindən biri bu günlərdə verdiyi açıqlamada Azərbaycan vətəndaşlarının Naxçıvana keçərkən və geri qayıdarkən Zəngəzur dəhlizindən rahat istifadəsinin müzakirə oluna biləcəyinə eyham vurub. Beləliklə, yenə deyirəm, Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalandıqdan sonra Zəngəzur dəhlizi mövzusunda irəliləyiş əldə etmək mümkündür. Odur ki, Uraloğlunun Zəngəzur dəhlizi ilə bağlı optimist açıqlaması üçün zəmin var.
скачать dle 12.1