"Qızılcanın bu qədər yayılmasına səbəb özəl klinikalardır"- Pediatr OD püskürdü
"Bu gün bu qədər uşağın peyvəndsiz qalmasının başlıca səbəblərindən biri elə özəl klinikalarda baha qiymətə peyvənd vurulmasıdır".
Musavat.com xəbər verir ki, bu fikirləri tanınmış pediatr Aytən İsmayılzadə bildirib. O deyib ki, insanların daha çox verdiyi sual elə bunu göstərir: "Valideynə maraqlıdır, niyə özəl klinikada bu qədər baha, dövlət poliklinikasındakı isə pulsuzdur. Deməli, burada keyfiyyət fərqi var. Bunu təsdiq edən fikirləri də tapanda əmin olur. Məsələn, biri deyir "bəs nə, özəl özəldir də, peyvəndi də keyfiyyətli olacaq". O biri deyir "pulsuz olan nə keyfiyyətli ola bilər ki" və sairə.
Özəl klinikalar onlara olan marağın artmasından istifadə edərək peyvəndləmə işinə də girişdi. Amma nəticə cəmiyyətimiz üçün yaxşı olmur. Çünki özəldə peyvənd etdirməyə pul tapmayan valideyn dövlət poliklinikasında da peyvənd etdirməyə özündə inam tapmır. Ona görə də qərara alır ki, yaxşısı elə peyvənd etdirməyim. Həmin uşaqlar da bu gün bir-bir qızılcaya yoluxur. Qızılca isə bildiyiniz kimi heç də rahat bir xəstəlik deyil. Umumiyyətlə, peyvənd şikəstlik və ölüm verə bilən xəstəliklərdən ötrüdür. Bunu unutmayın. Həm özəldə, həm dövlətdə peyvəndlər eynidir".