Bia.Az

365 gün iqtidarda olan, sözü 30 ildir danışılan lider – Elçibəy söhbəti

Cəmiyyət
 23-08-2023, 14:58     267

Elçibəyin vəfatının 23-cü ilinin tamamında onun əziz tutulan xatirəsinin, barəsində yazılan yaxşı sözlərin içində hələ də mənfi səciyyəli rəylər görəndə adam gerçəkdən heyrət edir.

Sanki Elçobəy bir neçə ay sonra keçiriləcək seçkidə kiminsə rəqibi olacaq və onun barəsində indidən qara piar aparmaq lazımdır ki, lazımi qədər səs toplaya bilməsin.
O, 23 ildir aramızda yoxdur, daha heç kəsin rəqibi deyil. Hətta tarixdəki yeri də fərqlidir, özünəməxsusdur. Elçibəy tarixdə prezident postunu tutmuş şəxsdən çox milli-azadlıq hərəkatın lideri, idealist rəhbər kimi qalacaq.
Onun şəxsiyyətini nə idealizə etməyə, nə aşırı şəkildə təftiş etməyə, fəaliyyətini nə retuşlamağa, nə qaralamağa, barəsində nə müsbət səciyyəli əfsanələr, nə də “ifşaedici təfərrüatlar” uydurmağa ehtiyac yoxdur. Elçibəy Azərbaycan xalqının yaddaşında və tarixində öz səhvləri-düzləri ilə, qoyduğu izləri ilə qalacaq.
O, hakimiyyətdə olduğu zaman xalqına, əksər cığıraçan liderlər kimi, misilsiz xidmətlər də göstərib, yanlış qərarlar da verib, səhv addımlar da atıb, amma burası dəqiqdir ki, o, xalqına qarşı cinayət törətməyib, ona xəyanət etməyib.
Ümumiyyətlə, son 35 ildə hamının bir-birini xalqa xəyanətdə suçlaması dəb olsa da, ədalət naminə demək lazımdır ki, xalqa gerçəkdən də xəyanət edənlər bir əlin beş barmağı qədər olmayıb.
Sadəcə, bir çox siyasi xadimlər ya təcrübəsizlikdən, ya da ambisiyalarının artlq olması üzündən ağır nəticələr verən məsuliyyətsizliklər ediblər, səhlənkarlıqlara yol veriblər, amma xalqa qəsdən ziyan vermək, ölkənin torpaqlarının işğalına bilə-bilə şərait yaratmaq söhbəti olmayıb.
Bəzilərinin Elçibəy və ümumiyyətlə xalq hərəkatı barədə rəylərini oxuyanda belə bir qənaətə gəlmək olar ki, 1988-ci ildə müqavimət hərəkatı başlamasaymış, AXC və Elçibəy meydana çıxmasaymış, hər şey daha yaxşı ola bilərmiş.
Bunu dəfələrlə yazmışıq, amma hərəkata düşmən kəsilənlər izah etmir ki, elə bir şey olsa, nə yaxşı olarmış.
Təsəvvür etmək çətindir. O dövrün partokratları etiraz qabiliyyətlərini itirmiş durumdaydılar, Kreml nəyi tövsiyə etsə, razılaşacaqdılar. Necə ki, ondan əvvəl razılaşmışdılar.
1988-ci ildə xalq hərəkatının yaranması və güclənməsi heç də bir qrup adamın siyasi ambisiyasının nəticəsi deyildi, gerçəkdən millətin iradəsinin nəticəsiydi. Əgər bu gün adlarını bildiyimiz liderlər ortaya çıxmasaydı da, kimlərsə, başqaları çıxacaqdılar.
Bax, o başqaları tanıdığımız liderlərdən daha yaxşı olacaqdılarmı? Kimsə Elçibəydən daha parlaq, uzaqgörən və dürüst ola biləcəkdimi?
Çətin ki, bu sualların cavabı “bəli”dir. Çünki o zaman millət olaraq potensialımız bu qədər idi. Hələ nə yaxşı ki, bu qədərmiş. Tarixdə həlledici anda meydana lider və təşkilat çıxara bilməyən o qədər xalqlar var ki, nə dövlətçilikləri var, nə də adi muxtariyyatları, tam məzlum durumdadırlar.
Sonradan, dövlət müstəqilliyimiz bərpa olunandan sonra “biz də varıq” deyə döşünə döyənlər çoxaldı, amma 1988-ci ildə, SSRİ-nin 3 il süqut edəcəyini bir kimsənin bilmədiyi vaxt sinəsini qabağa verənlərin bir gün tutulub divara söykədiləcəyini düşünənlər dərin sular balıqları kimi dibdəydilər, onlara təhlükə yox idi.
Elçibəyin səhvlərindən danışanların son illərdə artması o üzdəndir ki, onlar tarixə bu günün arşını ilə yanaşırlar. Elə bilirlər, həmişə belə olub və resurslardan istifadə edilməyib.
Bu gün dövlətin sərəncamında hər cür, ağır-yüngül, modern, dəqiq silahlar var, 1992-ci ildə sovet ordusundan pul gücünə nə almışdıqsa, o idi.
Bu gün dövlət büdcəsində, müxtəlif fondlarda milyardlar var. Ayrı-ayrı oliqarxları tutub silkələsən, ortaya dövlət büdcəsindəki qədər pul qoyarlar. O vaxt dövlətin büdcəsində bir qırıcı təyyarə almağa yetəcək qədər pul yox idi.
Bu gün dövlətin əlinin altında bütün sahələr üzrə strukturlar, xidmətlər var, o vaxt əldə olan strukturlar həm məhdud idi, həm də hamısı sovetdən qalmışdı. Dövlətin təhlükəsizliyinə cavabdeh olan qurum isə başqa bir dövlətin idarəsi idi.
Bu gün ordunun şəxsi heyəti tamamilə milli kadrlardan ibarətdir, o zaman Müdafiə Nazirliyinin binasında Azərbaycan türkcəsində danışan yox idi, dili bilənlər ola bilərdi, onlar da yalnız qonşu ilə blokda rastlaşanda iki-üç kəlmə danışırdılar.
Belə bir durumda Elçibəy yox, Napoleon da olsa, yaşı 6 aydan bir az çox olan körpə dövləti ayaq üstə salamat saxlaya, müzəffər dövlət edə bilməzdi.

“Bəs ermənilər” sualı çıxacaqsa, onun da cavabı var:

Ermənilər Azərbaycana ərazi iddiası irəli sürmək üçün fürsət gözləyə-gözləyə azı 30 il hazırlaşmış, silahlanmışdılar. (Biz əlimizdəki silahı təhvil vermişdik).
Erməni diasporu ABŞ-da, Fransada, başqa ölkələrdə çox mütəşəkkil idi və yerli siyasilərdən ibarət lobbi qrupları formalaşdırmışdı. (Bizim Türkiyədəki milli dərnəklə əlaqəmiz qırılmışdı).
Ermənilərin Kremldə havadarları mühüm postlar tuturdular. (Bizdən olan yeganə siyasət adamını Kremldən uzalaşdırmışdılar).
Sovet ordusunda erməni zabitlər bizimkilərdən 10 dəfə çox idi.
Ən ümdəsi, erməniləri məkrli olsa da, aydın ideyası, uzaqmənzilli məqsədləri, hərəkət sxemləri, təşkilatları, fəallar qrupları, liderləri vardı (biz isə ideya ilə çıxış edən liderlərin DTK-ya işlədiyindən şübhələnirdik).
Yəni dövrün, zamanın obyektiv naqisliklərini, neqativliklərini millətinin xoşbəxtliyi, bütövlüyü, gələcəyi üçün canını verməyə hazır olan Elçibəyin və onun silahdaşlarının çiyninə yükləmək əbəs işdir, ədalətsizlikdir, obyektiv reallığı və həqiqəti danmaqdır.
Əgər Elçibəyin xalqımızın yolunun üstündə duran qayanı təpətməyə gücü çatmayıbsa, bu, o demək deyil ki, o uzun illər boyunca qınanmalıdır. Elçibəy ən azı o daşı yerindən tərpətməyə çalışıb, bir hissəini çapıb, irəliyə doğri dar yol və ya cığır açıb. Pis o zaman olardı ki, o, qaya qarşısında durub, “ta nə edək, gücümüz çatmır” deyər və təslim olardı.
 
Xalid KAZIMLIскачать dle 12.1