Rəsulzadənin dediyi kimi etdik - Dünyanı belə SİLKƏLƏDİK
Ermənistan xalqımıza qarşı tarix boyu soyqırımlar və insanlıq əleyhinə cinayətlər törədib, irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti aparıb.
105 il əvvəl, 1918-ci il martın 30-dan aprelin 3-dək Bakı şəhəri və quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və Azərbaycanın başqa ərazilərində Bakı Soveti və “Daşnaksütyun” təşkilatından olan erməni silahlı dəstələri azərbaycanlılara qarşı kütləvi qırğın törədib. On minlərlə dinc azərbaycanlı etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib.
Tarix üzrə fəlsəfə doktoru, dosent Boran Əzizin sözlərinə görə, Mart soyqırımına aid arxiv materiallarının, araşdırmaların, hadisələrin şahidlərinin müqayisəli, obyektiv, tənqidi təhlili göstərir ki, bu soyqırım təsadüfən, bəzi başıpozuq silahlı dəstələrin, irticaçı rus-erməni millətçi qüvvələrin impulsiv hərəkətlərinin nəticəsi olmayıb, ciddi şəkildə düşünülmüş, əvvəlcədən işlənib hazırlanmış hərbi əməliyyatların nəticəsində baş vermiş bəşəri bir cinayətdir.
“Təhlillər göstərir ki, soyqırımın təşkilatçısı Sovet Rusiyası, Lenin başda olmaqla Rusiya XKS-i olub. Onların əsas məqsədi müstəqilliyimizə mane olmaq, Vətənimizi soyqırımdan əvvəlki illərdəki kimi Rusiyanın daxili quberniyasına, Bakını isə adi rus şəhərlərindən birinə çevirmək idi. Ümumiyyətlə, bu siyasət Rusiyanın Şərq, türk-müsəlman dünyasına qarşı yeritdiyi siyasətin tərkib hissəsi olub. Soyqırımın icraçıları burada olan rus əsgərləri ilə yanaşı, erməni hərbi hissələri, “Daşnaksütyun” partiyası və erməni qriqoryan kilsəsi olub. Ermənilərin məqsədi xalqımızı qırıb məhv etdikdən sonra onlara məxsus olan torpaqlara sahib olmaq, bu ərazilərdə özlərinə dövlət yaratmaqdan ibarət idi.
“Mart soyqırımı baş verməyə bilərdimi?” sualına cavab verən Məhəmməd Əmin Rəsulzadə bildirirdi ki, bəli, bundan qaçmaq olardı. Ancaq bunun üçün həm yüz ildən çox çarizmin əsarətində hüquqsuz vəziyyətdə yaşayan Azərbaycan xalqı, həm də onların fikir və düşüncələrini, istək və arzularını dilə gətirən siyasi qüvvələr milli idealların gerçəkləşdirilməsi uğrundakı şərəfli mübarizədən, müstəqillikdən imtina edib əvvəlki illərdə olduğu kimi Vətənimizin Rusiyanın adi, sıradan bir daxili quberniyası, Bakının isə rus-erməni şəhəri olmasına razı olmalı idilər. Bu isə mümkünsüz idi”, - Boran Əziz Musavat.com-a açıqlamasında bildirib.
O vurğulayıb ki, soyqırımla bağlı aktual məsələlərdən biri də onun Mart adlandırılması ilə bağlıdır:
“Bəziləri güman edir ki, soyqırım yalnız 1918-ci ilin mart ayında baş verdiyindən belə adlandırılıb. Bu, yanlış düşüncədir. Əslində, ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər 1917-ci ilin aprelində Bakıda Qafqaz müsəlmanlarının, mayda Rusiya müsəlmanlarının qurultaylarında qəbul edilən qərarlardan sonra başlayıb, Cümhuriyyətin qurulmasına qədər davam edib. İlk dəfə Cümhuriyyət zamanı milli idealların gerçəkləşdirilməsi uğrunda günahsız yerə öldürülən on minlərlə insanın əziz xatirəsini simvolik olaraq bir günlə qeyd etmək qərara alınıb. Uzun müzakirələrdən sonra 1918-ci il mart ayının 30, 31 və aprelin 1-də erməni bolşevik tandeminin Bakıda daha qəddarcasına, çoxsaylı adamları qətlə yetirdiyi bu günlərin ortasındakı rəqəm, yəni 31 mart qəbul edilib.
1919-cu il mart ayının 28-də “Müsavat” partiyasının mərkəzi bürosunun binasında “Müsəlman əmələ və kəsbkarlarının” konfransında 300 nəfərin iştirakı ilə keçirilən iclasda Məhəmməd Əmin Rəsulzadə “Mart matəmi” mövzusunda çıxış edərək ilk dəfə 31 Martı soyqırım kimi keçirməyin zəruriliyini bildirmişdi:
“Bu gün bizi buraya toplayan məsələ mart matəmidir... Mart faciəsi hürriyyət və muxtariyyət əvəzinə bizə xərabəlik vermək istəyənlərin cinayəti idi. Onun üçün martda kəsilən binlərlə qurbanlar, fəda edilən şəhidlər Azərbaycan fikri-hürriyyət və istiqlalının qurban və şəhidləridir. Biz onları martın 31-də xatırlamalı, o günü həyatı durduraraq matəmə girməli, ruhlarına fatihə oxumaqla qanımız bahasına alınan hürriyyətimizi qanımızı tökməklə olsa da, mühafizə edəcəgiz, deməliyiz”.
“Azərbaycan” qəzetinin 2 aprel 1919-cu il tarixli sayında M.Ə.Rəsulzadənin “Nümuneyi-imtisal bir gün” adlı yazısından aydın olur ki, matəm səhər saat 8-dən axşam saat 6-ya qədər davam edib. Parlamentin göstərişi və hökumətin qərarı ilə 1919-cu il mart ayının 31-i qeyri-iş günü elan edilib, günahsız yerə öldürülənlərin xatirəsi böyük bir ehtiramla yad edilib. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci il martın 31-də də bu ənənəni davam etdirib”.
Tarix üzrə fəlsəfə doktoru qeyd edib ki, sovet işğal rejimi dönəmində soyqırımı xalqın yaddaşından silməyə cəhd edilmişdi:
“Onun haqqında danışmaq, yazmaq belə qadağan edilmişdi. Hətta onların əxlaqsızlığı, mənəviyyatsızlığı o həddə çatmışdı ki, günahsız yerə öldürülənlərin dəfn edildiyi “Çəmbərəkənd” qəbiristanlığı yerlə-yeksan edilmiş, yerində isə sovetsayağı “Dostluq” parkı salınmış, restoran tikilmişdi”.
“Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli fərmanına əsasən, mart ayının 31-i yenidən Cümhuriyyət zamanındakı kimi azərbaycanlıların soyqırımı günü keçirilməyə başlanıldı. Bu fərman soyqırımın daha dərindən araşdırılmasına, təbliğinə təsir göstərdi”, - Boran Əziz vurğulayıb.
O bildirib ki, ermənilər bu soyqırımı etiraf ediblər, buna haqq qazandırıblar:
“Məlumdur ki, ermənilər ABŞ və Qərb ölkələrində guya türklərin onlara qarşı soyqırım törətmələri haqqında yalançı göz yaşları tökmüşdülər. Ancaq Lozanna sülh konfransından sonra erməni millətçiləri İranda ciddi şəkildə düşünülmüş bir plan əsasında fəaliyyətə başlamışdılar. Bu planın ana xəttini soyqırımın ermənilər tərəfindən türklərə qarşı bilərəkdən, “ariyanizm” və “paniranizm” nəzəriyyələrini əsas götürdükləri üçün həyata keçirdiklərini etiraf etmələri təşkil edir. Olduqca məkrli məqsəd güdən bu nəzəriyyələrin yayılmasında erməni düşüncələrinin tərənnümçüsü olan “Droşaq”la yanaşı, həmin dövrdə İranda çap edilən “Təbriz”, “Pərvəriş” qəzetləri də onlara yardımçı olmuşdular. Ermənilərin türklərə qarşı həyata keçirdiyi soyqırıma haqq qazandırmaq məqsədi ilə ortaya atdıqları ideoloji nəzəriyyənin mürtəceliyi Mirzə Bala Məmmədzadənin “İran və ermənilər” adlı əsərində, həmçinin bu dəyərli əsərin təhlilinə həsr etdiyim məqalələrdə geniş təhlil edilib”.
Boran Əziz qeyd edib ki, Vətənimizin azadlığı, müstəqilliyi uğrunda qurban getmiş dəyərli insanlarımızın xatirəsini ehtiramla yad edərkən vacib məsələlərdən biri bu hadisələrdən ibrət dərsi götürməyimizdir:
“M.Ə.Rəsulzadə Mart soyqırımında qətlə yetirilənlərin əziz xatirəsini ehtiramla yad edərkən tökülən qanların hədər getməməsi üçün onları yaddan çıxarmamağı, ehtiramla yad etməyi, istiqlalımız və azadlığımızı bərk saxlamağı vacib hesab edirdi: “Tətil heyəti bizi bu gün matəmə dəvət edir. Bu dəvəti qəbul edərək, bütün həyatı durduraraq Mart şəhidlərinin ruhi-məzlumu qarşısında diz çökəlim. Çökəlim də deyəlim ki, Siz məzlum oldunuz; biz sizin məzlumatınızı təlafi etdirmək üçün qanınız bahasına aldığımız hüriyyət və istiqlalı bərk saxlayacağıq”.
Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər Sovet dövründə (deportasiyalar) də, I Qarabağ müharibəsi (Qaradağlı, Xocalı, Ağdaban, Ballıqaya, Başlıbel və s.) dövründə də, işğal illərində də (ekosid, vandalizm və s.), Vətən müharibəsi dövründə də (Gəncənin, Bərdənin raketlərlə vurulması və s.) davam etdi.
Lakin biz Məhəmməd Əmin Rəsulzadənin dediyi kimi etdik - Vətənimizin azadlığı uğrunda qurban getmiş dəyərli insanlarımızı unutmadıq. Ən əsası, 44 günlük müharibədə bizə uzanan qanlı əlləri kəsərək, düşməni diz çökdürdük. 100 ildən artıq Azərbaycan xalqına qarşı davam edən soyqırım siyasətini dünyanı silkələyən ZƏFƏRİMİZLƏ dayandırdıq.