Bia.Az

Elmar Məmmədyarov ermənilərlə apardığı gizli danışıqların detallarını açdı: “Mənə dedilər ki…”

Cəmiyyət
 10-03-2023, 16:37     177

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Globalinfo.az-a müsahibə verib. Keçmiş nazirin əməkdaşımızla söhbətini təqdim edirik:

– Elmar bəy, 10 noyabr Bəyanatının şərtləri Rusiya tərəfindən davamlı pozulur. Üçtərəfli saziş qüvvədən düşə bilərmi?
– Biz bunu ləğv etməzdən öncə düşünməliyik ki, sazişin pozulması Azərbaycanın maraqlarına uyğundur, ya yox. Bu, hüquqi baxımdan işimizi davam etdirməyimizə imkan yaradır. Əgər pozuntular varsa, Rusiya ilə tam şəkildə müzakirələr aparılmalıdır. Hazırda sazişin pozulmasının Azərbaycanın milli maraqlarına uyğun olmadığını düşünürəm.
– Azərbaycan nə vaxtsa birtərəfli qaydada bu razılaşmadan çıxa bilərmi?
– İki il sonra Rusiya sülhməramlılarının regionda qalma müddəti başa çatır. İki ildən sonra nə baş verəcəyini dəqiq deyə bilmərik. Gərək bunun əsasında biz hansısa qərar qəbul edək. İndi nəsə demək tezdir.
– Sülhməramlıların vaxtından əvvəl getməsi və ya Qarabağda qalma müddətinin uzadılması mümkündürmür?
– Hər şey mümkündür. Sülhməramlıların Qarabağda qalma müddəti uzadıla və ya vaxtından əvvəl dayandırıla bilər. Çünki vaxtilə Rusiya qoşunları Qəbələdə yerləşdirilmişdi. O zaman qarşılıqlı razılaşma nəticəsində Rusiya öz qoşunları çıxardı. İki il böyük müddətdir və biz bunu yenidən təhlil etməliyik. Dediyim kimi, əgər milli maraqlarımıza uyğundursa, saxlayarıq, uyğun deyilsə, yola salarıq.
– Rusiya sülhməramlılarının ermənilərə yardım etməsi ilə bağlı görüntülər, məlumatlar yayılır. Hətta deyirlər, Ermənistan tərəfi sülhməramlıların dəstəyi ilə Qarabağa silah-sursat daşıyır. Bu görüntülərdən sonra ruslara güvənmək olarmı?
– Bu xəbəri Azərbaycan Müdafiə Nazirliyinin bəyanatında gördüm. Amma orada açıq şəkildə rusların silah daşıması deyilmir. Ona görə də gərək istintaq aparılsın, izlənilsin görək nə məsələdir. Əgər ortada fakt varsa, o zaman Rusiya hərbi rəhbərliyinə təqdim edib, bunun qanunsuz olduğunu bildirməliyik.
Bəziləri oranın “Laçın dəhlizi” olduğunu bildirir. Amma ora Azərbaycan torpağıdır. Bəli, rus sülhməramlıları ermənilər üçün yük daşımağa şərait yaradırlar. Amma bu danılmazdır ki, Xankəndi, Xocalı və digər ərazilər Azərbaycan torpaqlarıdır! Heç kim bunu şübhə altına ala bilməz. Eyni zamanda ekoaktivistlərimizin hansısa bir yolla gec-tez bu məsələdə nələrəsə nail olacağına inanıram.
– Gəlin bir az da sizin nazir olduğunuz dövrdə baş tutan danışıqlardan bəhs edək. Keçmiş Qarabağ münaqişəsinin həlli üçün nəzərdə tutulan Madrid və Kazan prinsipləri danışıqlarında sülhməramlıların qalma müddəti barədə razılaşma var idi?
– Xeyr, bu barədə razılaşma yox idi. Ümumiyyətlə, belə bir fikir səsləndirilmişdi ki, erməni qoşunları çıxarılsın və onların yerinə sülhməramlılar yerləşdirilsin. Amma biz bunun sonrakı məsələ olduğunu və razılaşdırmaq gərəkdiyini bildirirdik.
– Həmin vaxt sülhməramlıların ərazilərimizə gəlməsi şərtləri necə idi?
– Sülhməramlıların bizim ərazilərimizdə yerləşdirilməsi sazişin bir hissəsi idi. Orada şərtlər yox idi. Əsas məsələ – sülhməramlılarla bağlı razılığı Azərbaycan verməli idi. Razılığa gəlinmişdi ki, hansı ölkə sülhməramlı yerləşdirsə, o biri ölkə də yerləşdirə bilər: biz deyirdik, türklər gəlsin, ermənilər isə rusları istəyirdilər.
– O zaman danışıqlarda Qazaxın kəndlərindən və Kərkidən bəhs edilirdi?
– Bəli, biz tez-tez bu məsələni qaldırırdıq, amma həmsədrlər bunun gələcəkdə müzakirə olunacağını deyirdilər. O zaman əsas məsələ erməni qoşunlarının Qarabağdan çıxarılması idi. Mən hər dəfə Qazaxla bağlı söhbəti açan kimi onlar bu məsələyə qayıdacaqlarını bildirirdilər.
– Bəs həmin vaxt baş tutan danışıqlarda Qarabağdakı ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyası məsələsi var idimi?
– Əsas mövzu azərbaycanlıların öz ata-baba yurdlarına qayıtması idi. Ermənilər isə “status” məsələsinin həllini istəyirdilər.
– Ara-sıra ermənilər tərəfindən atəşkəs pozulur. Hətta bir neçə gün öncə iki şəhid verdik. Sizcə, antiterror əməliyyatına ehtiyac varmı?
– İlk növbədə təxribatlara cavab vermək lazımdır. Əgər atəşkəsi pozurlarsa, deməli, layiqli cavablarını almalıdırlar. Ortada sülh sazişi, delimitasiya-demarkasiya olmadığı üçün zamanla belə təxribatlar olacaq. Ona görə də mütləq sülh sazişi bağlanmalıdır.
Bunu dəfələrlə demişəm və yenə də təkrar edirəm: sülh sazişi daha çox Ermənistana lazımdır. Ona görə də onlar artıq addım atmalıdırlar.
– Bu gün Azərbaycan separatçılarla bağlı hansı addımları ata bilər?
– Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşları olduğu üçün biz onlarla təmasda olmalıyıq. Burada gec-tez məsələsi var. Ola bilər, ermənilər arasında bir ağıllı tapılar, deyər, “inkişaf etmək, yaxşı yaşamaq üçün Azərbaycanla daha sıx təmasda olmaq lazımdır”. Belə adamın olacağına şübhə etmirəm. Yoxdursa, gərək kömək edək ki, Qarabağ erməniləri arasında belə adam yetişsin. Çoxu bunun yaxşı nümunə olmadığını düşünür, amma baxın, Çeçenistanda Kadırov meydana çıxdı və onlar normal həyatlarını yaşaya bilirlər.
– Ermənilər arasında “ağıllı” adam yetişdirmək mümkündür?
– Hansısa təhlükənin olacağını düşünmürəm. İlk növbədə, həmin şəxslə müxtəlif nazirliklərdən əlaqə saxlayanlar olacaq. Bütün bunlar genişləndiriləcək. Başqa yolu yoxdur.
– Bu qədər şəhid verdikdən, faciələr yaşadıqdan sonra Qarabağ erməniləri ilə birlikdə yaşamaq, onlara güvənmək olarmı?
– Mənim bir tanışım var, o, İkinci Dünya müharibəsində atasını və əmisini itirib. Amma adam bu gün Almaniyaya səfər edir. Ona görə də düşünürəm ki, zaman özü hər şeyi göstərəcək. Belə böyük müharibədən sonra Almaniyaya gediriksə, buna da alışacağıq.
– Elmar bəy, var alman dəqiqliyi, var erməni hiyləgərliyi. Almanla ermənini bir tutmaq…
– Mən sizi yaxşı başa düşdüm, amma inanın ki, zaman özü bunu göstərəcək. Kim Azərbaycanı qəbul etmirsə, cənab Prezidentin də dediyi kimi, çamadanlarını götürüb, gedə bilər. Ondan sonra harada istəyirlər, orada da yaşasınlar. Qəbul edən isə qalıb Azərbaycan vətəndaşı kimi Qarabağda rahat yaşaya bilər.
– Ermənilər vətəndaşlığımızı qəbul edib Azərbaycanda yaşasalar, bizim digər şəhərlərimizə də gedə biləcəklərmi?
– Bu, şəraitdən, vəziyyətdən asılıdır. Azərbaycanlılar öz ata-baba yurdumuz olan Zəngəzura, İrəvana getmək istəyir. Amma bunu qarşılıqlı şəkildə etmək mümkün olar. İndi biz deyə bilmərik ki, erməni Kürdəmirə, Gəncəyə və ya başqa şəhərlərimizə gələ bilər, ya yox. Xoşniyyətlidirsə, buyurub gələ bilər. Amma onlar gəlsə də, təxribat törətmək üçün gələrlər.скачать dle 12.1