Bia.Az

Almaniyadan Azərbaycana "ölüm" gətirənlər kimdir? - ŞOK DETALLAR

Cəmiyyət
 21-12-2022, 14:16     186

Nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov ölkənin avtomobil bazarındakı durumla bağlı Musavat.com-a müsahibə verib. 
eldeniz.jpg (57 KB)
Müsahibəni təqdim edirik:
- Bu il avtomobil bazarında hansı yeniliklər oldu?
- Bu il Azərbaycanın avtomobil bazarı müəyyən əlamətdar hadisələrlə zəngin oldu. Belə ki, ölkəyə gətirilən ekoloji təmiz nəqliyyat vasitələrinin istismarını və idxalını stimullaşdıran bir neçə vacib addım atıldı. Bu növ avtomobillərin vətəndaşlar üçün əlçatanlığını təmin etmək məqsədilə kredit şərtləri də sadələşdirildi. İdxalda əlavə dəyər vergisindən azadolmalar, elektromobillərin gömrük rüsumlarından azadolmaları nəzərə çarpdı. Bu dəyişikliklər avtomobil bazarına müsbət təsir etdi. Qanunvericilikdəki müəyyən dəyişikliklərə görə, bu ilin ikinci yarısından idxal olunan ekoloji təmiz nəqliyyat vasitələrinin sayı artmağa başlayıb. Bu baxımdan 2023-cü il avtonəqliyyat seqmentinin elektrikləşmə ili ola bilər. Ənənəvi benzin və dizel yanacağından elektrikə keçid dövrü ola bilər.
- Hazırda bazarda durum necədir? Yeni və köhnə avtomobillərin qiymətləri hansı aralıqdadır?
- Azərbaycanın avtomobil bazarının təhlilinə gəlincə, bu il 2 dəfə qiymət artımı olub. Lakin bu artım kəskin deyil. Yazda 2%, yayda isə 5% artım oldu. Artım xüsusilə idxal olunan yeni komfortlu avtomobillərə şamil edilmişdi. Bu da Azərbaycan iqtisadiyyatına və avtomobil bazarına aidiyyəti olmadan, istehsalçılar tərəfindən həyata keçirilib. İri avtomobil sənayeçiləri hazırda ehtiyat hissələrinin defisitini (yarımkeçirici çiplər və s.)  yaşayırlar. Çatışmazlıq ucbatından komfortlu avtomobillərin, xüsusilə də hibrid və elektromobillərin istehsalında bir qədər ləngimə yaranmışdı. Bununla yanaşı, logistika xidmətlərinin 50%-dək yüksəlməsi də idxal zamanı avtomobillərin qiymətinin artmasına gətirib çıxarmışdı.
İkinci əl avtomobil bazarına gəldikdə, köhnə maşınların qiymətində il ərzində kəskin dəyişmə baş verməyib.
kohne.jpg (128 KB)
5% yüksəlmə olmuşdu, amma yenidən bazar bu qiymətləri tənzimləmişdi. Bu gün ikinci əl avtomobil bazarında qiymətlər stabildir. Bu ilin sonuna qədər avtomobil bazarında 2-5% artımın ola biləcəyini proqnozlaşdırmışdıq, lakin bu baş vermədi.
Bu il ölkəyə yeni – Aİ ölkələrinin avtomobil markaları da gətirilib. Məsələn, ekoloji təmiz nəqliyyat vasitəsi kimi "Pejo" da gətirilib. Çin və Yaponiya istehsalı olan yeni markaların, modellərin sayının artdığını müşahidə edirik. Qeyd etmək lazımdır ki, Çin daha çox hibridlərin istehsalı ilə məşğuldur.
Rusiyadan idxal olunan avtomobillərin sayı demək olar ki, sıfıra enib. Əgər əvvəllər daha çox Rusiya istehsalı olan avtomobillər alınırdısa, hazırda birincilik Cənubi Koreya, Yaponiya və Aİ ölkələrinin istehsal etdiyi avtomobillərə məxsusdur. Lakin Çin avtomobilləri hələ ki, Azərbaycan bazarında Top-5-likdə deyil.
- Hansı tip avtomobilə üstünlük verilir? 
- Ötən il olduğu kimi, bu il də vətəndaşlar ikinci əl avtomobil bazarında mühərrik həcmi təxminən 1500 kubsantimetr olan maşınlara üstünlük veriblər. Bunlar Yaponiya, ABŞ və Avropa  istehsallı avtomobillərdir. Yeni avtomobillərdən isə alıcılar mühərrik həcmi 2000-2500 kubsantimetr olan krossoverlərə, hibrid maşınlara üstünlük veriblər.
hibrid.jpg (135 KB)
 - Bazarın inkişafına mane olan əsas amillər hansılardır?
 - Azərbaycanda avtomobil bazarının inkişafı məsələsinə gəldikdə, burada söhbət sırf alqı-satqıdan gedirsə, bu gün bu sahədə hər hansı bir problem yoxdur. Lakin avtoservisdə problem var. Təəssüf ki, bəzən rəsmi, həm də qeyri-rəsmi servislərdə biz keyfiyyətsiz işin görüldüyünün şahidi ola bilirik. Bununla bağlı müəyyən şikayətlər olur. Ölkədə satılan ehtiyat hissələri məsələsi problemlidir. Biz tamamilə yararsız ehtiyat hissələrinin də satılmasını müşahidə edirik. Daha da təhlükəli olan işlənmiş avtomobil təkərlərinin, şinlərinin satılmasını görürük. Bu hal özünü ikinci əl avtomobil bazarında göstərir. Bu təkərlər xüsusilə Avropa İttifaqı ölkələrindən gətirilir və tamamilə yararsız olurlar. Almaniyada zibilliyə gedən təkərləri bəzi iş adamları alıb Azərbaycana gətirərək satırlar. Bu təkərlər xüsusilə qış mövsümündə ağır qəzalara səbəb olur. Yararsız təkərlər yayda da yolda partlaya, kəsilə bilir. Hesab edirəm ki, avtoservis və ehtiyat hissələri məsələsində görüləsi işlərimiz çoxdur, bu sahəyə xüsusi diqqət yetirmək lazımdır. Ustaların hazırlanması, onların peşəkarlığı aşağı səviyyədədir.
Sevindirici haldır ki, avtomobil almaq istəyən vətəndaşlar ilk növbədə ekoloji təmiz nəqliyyat vasitələri ilə maraqlanırlar. Qiymət münasib olarsa, avtomobili alırlar. Gələcəyə baxmaq lazımdır. Nəzərə almaq lazımdır ki, idxal olunan "Aİ-95" premium markalı benzinin qiymətinin xaricdəki siyasi, iqtisadi məsələlərə görə yüksəlməsi daim gündəmdədir. Bu baxımdan hibrid, elektromobil və yaxud mühərrik həcmi kiçik olan avtomobil almalarını tövsiyə edirəm.
kia-ev6.jpg (56 KB)
- Yeni illə bağlı proqnozunuz necədir?
- 2023-cü ildə Azərbaycanın avtomobil bazarında tamamilə yeni dövr olacaq. Biz bazarda yeni modellər və markalar da görəcəyik. Bunlar xüsusilə krossoverlər və mini krossoverlər olacaq. Elektromobillərin idxalında 5-6 dəfə artım ola bilər. Təxmini proqnozuma görə, 2023-cü il ərzində ölkəmizdə "Avro-5" ekoloji standartları da tətbiq oluna bilər. Çünki "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" mövcuddur. Dövlət qarşısına məqsəd qoyub ki, 2030-cu ilə qədər Azərbaycan təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilsin. Belə olan halda ekosistemin yaxşılaşdırılmasına ehtiyac var. Bunu da etmək üçün ilk növbədə atmosferə buraxılan zərərli qazların miqdarını azaltmaq lazımdır. Düşünürəm ki, "Avro-5"ə keçid il ərzində ola bilər.  скачать dle 12.1