Bia.Az

"Azərbaycan cəmiyyəti və dövləti Fransanı qəbul etməyəcək" - FAKT BUDUR!

Siyasət
 14-10-2022, 10:58     163

"Bizə qarşı sanksiyalar hazırlanır: öz səsinlə Azərbaycanı qoru!" - Bir qrup sıravi azərbaycanlı Fransa senatının 6 üzvünün ölkəmizə qarşı sanksiyalar tətbiq etmək təşəbbüsü ilə bağlı cəmiyyətə açıq şəkildə səslənib. Azərbaycanın fərqli şəhər və rayonlarından olan 10 vətəndaş Mesopinions.com Fransa petisiya saytında Fransa Senatına və xalqına müraciət yerləşdirib. Onların petisiyasında qeyd edilir: “Azərbaycan hakimiyyətinin rəsmi mövqeyini təqdim etməyən sadə vətəndaşlar daha öncə heç bir zaman kollektiv şəkildə Fransanın parlament orqanlarına və xalqına müraciət etməyiblər. Bunu etməyə bizi 3 oktyabr 2022-ci il tarixində Senatın altı üzvü tərəfindən irəli sürülən qətnamə layihəsi sövq etdi, həmin qətnamənin nəzərdən keçirilməsi 15 noyabr tarixinə təyin edilib”.
Fransa Senatının qətnamə layihəsinin müəllifləri növbəti ittihamları və tələbləri irəli sürüblər:

Azərbaycan “çoxsaylı təcavüzkar hərəkətlərdə” ittiham edilir;
Azərbaycandan Laçın dəhlizindən çıxmaq tələb edilir;
Azərbaycan “irqçilikdə” ittiham edilir;
Azərbaycan ermənilərin Qarabağa geri qayıtmaq “haqqının” təmin edilməsinə çağırılır;
Azərbaycan Qarabağdakı “erməni mədəni və dini irsinin” qorunub-saxlanılmasına çağırılır;
Fransa hakimiyyəti Beynəlxalq Cinayət Məhkəməsində “kütləvi cinayətlər və hərbi cinayətlər” törədilməsinə dair ölkəmizi ittiham edir və istintaqın başladılmasına çağırış edir;
Fransa hakimiyyəti “Azərbaycandan idxal edilən qaz və neftin embarqo edilməsinin” Avropa İttifaqı miqyasında başladılmasına çağırış edir;
Fransa hakimiyyəti Qarabağdakı Azərbaycan ərazilərində özünün “humanitar bürosunu” yaratmağa çağırılır;
Fransa hakimiyyəti Ermənistanın hərbi potensialının möhkəmlənməsinə çağırılır.
Buna cavab olaraq, bir qrup azərbaycanlı Fransa Senatının üzvlərinin Azərbaycan xalqına qarşı olan ədalətsiz münasibətinə görə petisiya imzalayıb və aşağıdakı tələbləri səsləndirib:

Senatın qətnamə layihəsinin müəllifləri sadəcə erməniləri dəstəkləyirlər, azərbaycanlıları kəskin şəkildə qınayır və diskriminasiya edirlər: bu, irqçiliyin nümayişidir!
Fransa Senatı 30 ildir ki, 1.000.000-dan çox azərbaycanlı qaçqının geri qayıtmaq hüququ haqqında susurdu, indi isə Qarabağdan çox az sayda köç etmiş ermənilərin Qarabağa geri qayıtmasına çalışır;
Fransa Senatı 30 il ərzində Azərbaycanın işğal olunmuş torpaqlarında məscidlərin, tarixi-memarlıq abidələrinin dağıdılmasının fərqinə varmırdı, indi isə erməni mədəni-tarixi irsinin qorunub-saxlanmasını tələb edir;
Senatın qətnamə layihəsinin müəllifləri öz siyasi reytinqlərini artırmaq üçün Fransadakı erməni diasporunun nifrətindən istifadə etməyə çalışırlar, sülhü siyasi karyeralarına qurban berirlər;
Fransa Ermənistan-Azərbaycan münaqişəsində birtərəfli mövqeyindən əl çəkməli və daha balanslaşdırılmış mövqe almalıdır;
Fransa Senatı danışıqlar prosesinə şans verməyə, Azərbaycana qarşı ittihamlar və sanksiyalarla vəziyyəti gərginləşdirməməyə çağırılır;
Fransa Senatına izah edilir ki, Azərbaycana qarşı təhdidlər sülhə nail olmaq üçün töhfə vermir.
"Biz, 30 illik rüsvayçılıq və işğala laqeyd olmayan hər kəsə, şəhidlərimizi və Gəncədə həlak olmuş uşaqları unutmayan hər kəsə, “Xocalı soyqırımı”nın məna kəsb etdiyi hər kəsə, özünü azərbaycanlı hesab edən hər kəsə səslənirik! Gəlin hamımız Senata və Fransa xalqına yönəlmiş bu petisiyaya dəstək olaq! Xüsusilə də, Avropaya ixrac edilən neft və qaza embarqo tətbiq edilməyi hər birimizə zərbə vuracaq – dövlət büdcəsinin, demək olar ki, yarısı enerji resurslarının satışından əldə olunan vəsaitlərlə formalaşır. Biz milyonlarıq! Fransanın və bütün Avropanın, nəhayət, səsimizi eşitməsinin vaxtı gəldi!".

BİA.AZ-ın məlumatına görə, məsələ ilə bağlı Bizimyol.info xəbər portalına danışan siyasi analitik Turab Rzayev bildirib ki, Azərbaycana qarşı, Azərbaycan xalqına qarşı Fransa senatının altı nümayəndəsinin belə bir sanksiyalar paketi hazırlaması, Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı sərt addım atılması istəməsi, həm bölgədə sülhə gətirib çıxaracaq bir addım deyil, yəni bölgədəki sülhün əleyhinədir, həm də Fransa ilə Azərbaycanın münasibətlərin gərilməsinə gətirib çıxaracaq. Çünki bu senatorlar uzun müddət ərzində Azərbaycan əhalisinin çəkdiyi iztirabları, milyona yaxın qaçqını və məcburi köçkünü, bizim mədəni-tarixi abidələrimizin dağıdılmasını, əhalimizin itkin düşməsini, şəhid olmasını, ölən və yaralılarımızın olmasını görmədilər.

“Azərbaycanın şəhər və kəndlərinin dağıdılmasını, infrastrukturların dağıdılmasını görmədilər. İndi isə, cəmi bir neçə yüz erməni Xankəndindən müharibədən sonra köçüb gedib. Əslində onların qayıtmasında heç bir mane yoxdur. Güya onların qayıtması ilə bağlı addımlar atırlar. Azərbaycanı fərqli şəkidə ittiham edirlər. Əslində isə bu ithamlar özü irqçilikdir. Çünkü Ermənistanın, Azərbaycana qarşı etdikləri qeyri-adekvat hərəkətləri qiymətləndirmirlər. Sadəcə Azərbaycanın atdığı addımlara qarşı cavab verirlər. Bu da bölgədə sülhə gətirib çıxarmayacaq. Bölgədə sülh üçün həm Ermənistan həm də Azərbaycan tərəfini hər ikisini sülhə dəvət etmək lazımdır. Bölgədə sülh üçün Fransa əslində daha neytral olmalıdır. Tək ermənipərəst olmalı deyil. Gəlib həm Azərbaycan ilə, həm də Ermənistan ilə görüşə bilməlidir. Yoxsa tək Ermənistanı dəstəkləsə, aydın məsələdir, Azərbaycan cəmiyyəti, Azərbaycan dövləti Fransanı qəbul etməyəcək və Fransa sülhün bir hissəsi olmayacaq. Bu petisiya əslində Fransa xalqına müraciətdir, bu petisiya Fransa xalqına deyir ki, "Ey Fransa xalqı, siz bu seçkilər vaxtı erməni diasporundan pul uman, bölgədə sülhü öz siyasi karyerasına qurban verən sırf erməni seçkilərini əsas almaq üçün siyasi riyakarlıq edən insanları dəstəkləməyin. Ey Fransa xalqı, siz ədalətli yanaşın həm Azərbaycana, həm Ermənistana, hər iki ölkə ilə dostluq və bərabərlik, qardaşlıq çərçivəsində yanaşın”,- deyə politoloq əlavə edib.

Turab Rzayev hesab edir ki, çox müsbət hal olardı ki, bundan başqa məhz Fransa hər iki ölkə ilə birlikdə çalışardı. Əslində, bu petitsiya Fransa cəmiyyətinə, Fransa dövlətinə bir müraciətdir ki, bölgədə sülh məhz Fransa hər iki ölkəyə bərabər hüquqlu və ədalətli şəkildə yanaşacağı təqdirdə mümkün olacaq.
скачать dle 12.1