Bia.Az

PAŞİNYAN İSTEFAYA, ERMƏNİSTAN SEÇKİYƏ GEDİR... - 10 noyabr və 11 yanvar bəyanatlarının icrası necə olacaq?

Gündəm
 30-03-2021, 01:02     378

Aprelin 10-da Azərbaycanın tarixi qələbə qazandığı 44 günlük Vətən müharibəsinin başa çatmasının 5-ci ayı tamam olacaq. Döyüşlər düşmən ordusunun darmadağın edilməsinin son mərhələsində Rusiya prezidenti Vladimir Putinin müdaxiləsi ilə dayandırılmışdı.

Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladığı atəşkəs razılaşması müharibənin başa çatmasını, işğalda olan 3 rayonun mərhələli şəkildə boşaldılmasını, erməni silahlı birləşmələrinin ərazini tərk etməsini, qaçqınların geri qayıtmasını, kommunikasiyaların açılmasını və Rusiya sülhməramlı qüvvələrinin bölgəyə yeridilməsini özündə ehtiva edir.
Ötən 5 ayda bu razılaşmanın bir neçə bəndi yerinə yetirilib, amma Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb edən 3 vacib məsələnin icrası ləngiyir. Bu günə qədər Qarabağ bölgəsində kommunikasiyaların açılması baş tutmayıb. Azərbaycan hərbçiləri, habelə mülkü vətəndaşlar sülhməramlıların müşayəti altında Şuşaya gedib-gəlir. Tərtər-Ağdərə-Kəlbəcər yolu da açılmayıb, nəticədə Azərbaycan qışda keçilməz olan təhlükəli Göygöl-Kəlbəcər yolundan istifadə etməyə məcbur qalıb.
Bundan başqa Prezident İlham Əliyevin sərəncamı ilə 55 kilometrlik Füzuli-Şuşa avtomobil yolu inşa edilir ki, bu da kifayət qədər iri maliyyə vəsaiti tələb edir. Həm də Şuşaya məsafə bir neçə dəfə uzanır. Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə şəhərə çatmaq üçün daha qısa zaman tələb olunur.
Razılaşmada nəzərdə tutulub ki, 3 il müddətində Ermənistanla Dağlıq Qarabağ arasında əlaqəni təmin edəcək Laçın dəhlizinə paralel qapalı yol inşa olunmalıdır. Bundan sonra dəhliz Azərbaycanın nəzarətinə verilməlidir. Amma bu istiqamətdə də hər hansı iş görülməyib.
İcrası ləngiyən məslələrdən biri də erməni silahlı birləşmələrinin hələ də Qarabağda qalmasıdır. Sülhməramlılar onların rotasiyası, texniki, hərbi və ərzaq məsələlərinin rahat təmin olunması üçün şərait yaradır 10 noyabr razılaşmasına görə, bütün silahlı birləşmələr ərazidən çıxarılmalı olduğu halda Rusiya bu maddənin icrasını təmin etmir.
Nəhayət, bəyanatda qaçqınların geri qayıtması məsələsi birtərəfl qaydada icra edilir. Məlumdur ki, sülhməramlılar ermənilərin geri qayıtması, humanitar problemlərinin həll edilməsi üçün müstəsna səylər göstərir. Onlara maddi, texniki, təşkilati dəstək verir. Amma azərbaycanlı qaçqınların geri dönüşü ilə bağlı hər hansı müzakirə yoxdur. Eyni zamanda razılaşmada göstərildiyi kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı prosesə cəlb olunmayıb.
Bu arada Ermənistanda müharibədən sonra başlayan siyasi böhran növbəti mərhələyə qədəm qoyub. Nəhayət, Paşinyanın Rusiyapərəst müxalifətin daxildən və xaricdən təşkil etdiyi sərt basqılar altında növbədənkənar seçkilərə getməyə məcbur oldu. Baş nazir apreldə istefa verəcəyini açıqlayıb, iyunun 20-də isə parlament seçkiləri keçiriləcək.
Doğrudur, rəy sorğularına görə, Paşinyan əhalinin 33-35 faiz dəstəyinə malikdir, onun rəqibləri isə cəmi 2-3 faizə iddia edə bilərlər. Əhalinin 60 faizi isə heç bir siyasi qüvvəyə inanmadığını ifadə edir. Belə şəraitdə Paşinyanın devrilməsində maraqlı olan Rusiya 2012-ci ildə Gürcüstanda Mixail Saakaşviliyə qarşı tətbiq etdiyi "İvanaşvili ssenarisini" işə salıb.

Rusiya erməniləri İttifaqının rəhbəri, milyarder Ara Abramyan Ermənistanda iyun ayına təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak edəcəyini açıqlayıb. O, tezliklə koalisiya formalaşdıracağını, proqramını açıqlayacağını bəyan edib.
Müşahidəçilərin qənaətinə görə, bu əhali arasında nüfuzunu itirmiş rusiyapərəst müxalifətin yenidən reanimasiya edilməsi cəhdidir. Moskva prosesə yeni qüvvələri, maliyyə çevrələrini qoşmaqla qərbyönlü Paşinyan komandasını iqtidardan uzaqlaşdırmağa çalışır.
Şübhəsiz ki, yaxın aylar Ermənistanda olduqca qızğın rəqabət şəraitində keçəcək və hər iki tərəf qələbə qazanmaq üçün bütün imkanlarından istifadə etməyə çalışacaq. Bəzi müşahidəçilər Paşinyanın parlamentdə həlledici üstünlüyünü itirə biləcəyini proqnozlaşdırılar.
Əgər Rusiyanın ssenarisi baş tutarsa, 10 noyabr razılaşmasının aqibəti necə olacaq? Ermənistanda revanşist qüvvələr hakimiyyəti ələ keçirsə, regionda situasiya necə dəyişə bilər?

Politoloq Elxan Şahinoğlu "AzPolitika.info"-ya şərhində bildirib ki, Ermənistan açıq-aşkar nə 10 noyabr, nə də 11 yanvar bəyanatlarını yerinə yetirmir. 
"Erməni silahlı birləşmələri Qarabağdan çıxarılmayıb, separatçılar tərksilah edilməyib, kommunikasiyalar açılmayıb. Hazırda Ermənistan növbədənkənar parlament seçkilərinə gedir. Məntiqlə seçkilərə qədər bu addımların heç biri atılmayacaq. Paşinyan qorxur ki, bu addımları atsa, müxalifət ona təzyiqləri artıra bilər. Ona görə də seçkiqabağı maksimum ehtiyatlı davranmağa çalışacaq",-deyə o vurğulayıb.
Politoloq qeyd edir ki, buna baxmayaraq, Paşinyan özü və bəzi nazirləri Türkiyə və Azərbaycanla kommunikasiyaların açılmasının alternativinin olmadığını söyləyirlər: "Bu o deməkdir ki, parlament seçkilərindən sonra bu məsələ reallaşacaq, əlaqələr bərpa oluanacaq. Amma seçkilərə qədər bu haqda nəsə demək çətindir. Maraqlıdır, Rusiya da bununla bağlı Ermənistana hər hansı təzyiq göstərmir, halbuki, Moskva bu məsələdə maraqlı olmalı idi".
Ekspertin sözlərinə görə, separatçıların tərksilah olunmaması Rusiyanın apardığı siyasətlə bağlıdır. Kreml istəsəydi, onu reallaşdırardı: "Hətta minalanmış ərazilərin xərtələrini də Azərbaycana təhvil verərdilər. Moskva bunları istəmir deyə bu hadisələr baş verir. Görünür, bölgədə vəziyyətin gərgin qalması, münaqişənin tam həll olunmaması Rusiyadakı siyasi mərkəzlərin maraqlarına cavab verir. 
Təsadüfi deyil ki, Rusiyada sentyabra təyin olunmuş parlament seçkiləri qabağı bəzi siyasi qüvvələr şovinist şüarlarla çıxış edirlər, Qarabağın Rusiyaya birləşdirilməsini təklif edirlər. Bu da nəticə etibarı ilə o deməkdirki, Rusiyadakı mərkəzlər Qarabağ münaqişəsinin tam həll olunmasını istəmirlər".

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "AzPolitika.info"-ya bildirib ki, əslində ən ciddi problem Rusiyadan Azərbaycanı işğal etmək üçün səsləndirilən bəyantlardır: "Məlumdur ki, partiya sədrləri, deputatlar Qarabağın Rusiyaya birləşdirilməsindən dəm vururlar, bu da təsadüfi deyil. Ona görə nəinki 10 noyabr razılaşmasının icrası, ümumiyyətlə rus qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması istiqamətində tədbirlər görmək lazımdır".
Ermənistanda cərəyan edən proseslərin regiondakı situasiyaya təsirinə gəlincə, S. Cəlaloğlu bildirib ki, o Paşinyanın hakimiyyətdə qalacağına inanır: "Fikrimcə, o iqtidarda qalacaq. Çünki erməni əhalisinin əksəriyyəti onun kimi düşünür. Bu da Azərbaycanın maraqlarına uyğundur. Çünki Paşinyan Rusiyadan məsafəli, müstəqil siyasət yürütməyə, Qərblə əlaqələri gücləndirməyə çalışır. Ona qalib gələ bilməyəcəklər".

BİA.AZ
скачать dle 12.1