Bia.Az

Sumqayıtda “ölməmiş ayının dərisini bölüşürlər”: hələ ayrılmamış 4000 hektar ərazi satışa çıxarılıb

Cəmiyyət
 19-10-2023, 16:47     373

Məlum olduğu kimi, Sumqayıt şəhərinə əlavə olaraq 4000 hektar ərazinin verilməsi təklifi parlamentə təqdim olunub. Həmin təklifə əsasən Abşeron və Binəqədi rayonlarından ayrılması nəzərdə tutulur.

Yenixeber.org: Qeyd edək ki, bu məsələ hələ 2010-cu ildə gündəmə gəlib. Həmin vaxt Sumqayıtın icra başçısı Zakir Fərəcov parlamentə əhali sıxlığını əsas gətirərək, bu təkliflə çıxış eləmişdi. Lakin həmin təklif qəbul edilməmişdi. İndi yenidən məsələ gündəmə gətirlib və parlamentin müvafiq komissiyasında müzakirəyə çıxarılıb. Amma onun keçəcəyi də bir qədər inandırıcı görünmür.
Lakin bizim toxunacağımız məsələ bu deyil. Hələ torpaq ayrılması məsələsi parlamentin müzakirəsinə çıxarılmayıb, bu barədə sərəncam və ya fərman verilməyib. Amma Sumqayıtda şıdırğı torpaq alveri gedir. Etibarlı mənbələrdən verilən məlumata görə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlı İdarəsinin rəhbəri Adil Xudadatov gələcəkdə ayrılacaq torpaq sahələrini satışa çıxarıb. Mənbə bildirir ki, Xudadatov bu məsələni elə təqdim edir ki, sanki torpaq artıq ayrılıb və onun üzərində sərəncam vermək hüququ da ondadır.
Gələn xəbərlərə görə, Memarlıq İdarəsinin rəhbəri sahibkarlara, torpaq almaq istəyində olan şəxslərə bildirir ki, hələlik torpaqlar sənədsiz veriləcək və bir müddətdən sonra sənəd təqdim olunacaq. Hətta o da deyilir ki, Xudadatov torpağa qiymət də qoyub. Belə ki, o, torpağın hər sotunu 5000 manatdan satışa çıxarıb.
Bildirək ki, Sumqayıt ölkənin əhali sayına görə üçüncü şəhəridir. Orada əhali sıxlığı problemi də var. Lakin bunun üçün hansısa rayonun ərazisinə göz dikməyə də gərək yoxdur. Çünki Sumqayıtda istismar müddəti bitmiş xeyli sayda bina və yataqxanalar var. Onları söküb, yerində daha guşad və hündürmərtəbəli binalar inşa etmək mümkündür. Hətta bir çox yataqxanalar var ki, onlar qəzalı vəziyyətdədir və onların sökülməsi vacibdir.
İcra başçısı Zakir Fərəcovun “xas adamı” olan Adil Xudadatovun ortalığa düşməsi onu deməyə əsas verir ki, bu iş elə birbaşa icra başçısının marağındadır. Çünki Adil Zakirin icazəsi olmadan bir addım belə atmaz. Görünən isə odur ki, Zakir Fərəcovla Adil Xudadatov “ölməmiş ayının dərisini bölüşdürməklə” məşğuldurlar. Çünki ortada nə torpaq var, nə də qərar.
Həmçinin o da görünür ki, Zakir Fərəcova ciddi şəkildə pul lazımdır. Məlumdur ki, icra başçısının həm dövlət pullarını mənimsənilməsi, həm avtobusların alınması, həm də şəhərdə abadlıq və quruculuq işləri görmüş iş adamlarına külli miqdarda borcu var. Bəllidir ki, İcra Hakimiyyətinin şöbə müdiri Gündüz Əliyev barəsində cinayət işi açılıb və onu 5.5 milyon manat mənimsəməkdə ittiham olunur. Hazırda onun işi məhkəmədədir. Avtobusların alınmasına görə də Fərəcovun 6 milyin manat “Paşa Bank”a borcu yaranıb. Bununla əlaqədar icra başçısının özü belə məhkəməyə verilib.
İş adamlarına gəlincə, onlar bildirir ki, Fərəcovun borcu 10 milyon manatdan bir qədər çoxdur. Həmin pulları isə 2016-cı ildən bəri qaytarmır.
Bunların fonunda hələ ayrılmamış torpaqların satışa çıxarılması və hər sotunun 5000 manata təklif olunması onu güman etməyə əsas verir ki, Sumqayıtın icra başçısı bu dəfə Adil Xudadatovun əli ilə borcları bağlamağa çalışır. Amma bu işi tam qanunsuz şəkildə həyata keçirməklə.
Bu əsnada, belə bir xəbər də daxil olub ki, artıq həmin 4000 hektar ərazidən bir qismi ayrı-ayrı adamlara vəd olunub və pulları da alınıb.(Jamaz.info)
Yazıda adı keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.скачать dle 12.1