Bia.Az

Dünya səviyyəli MÜALİCƏ MƏRKƏZİ - "Gözəl Naftalan" sanatoriyasında gördüklərimiz...

Cəmiyyət
 4-09-2023, 06:23     1 208

İsti qızmar yay günlərində imkanlılar xaricə, digər təbəqələr respublika istirahət mərkəzlərinə, kimisi çimərliyə, kimisi müalicə almaq üçün sanatoriyalara, maddi imkanları olmayanlar isə evdə bağda-bağçada sakit dincəlməyi üstün tuturlar.

Müalicə almaq üçün Kiçik Qafqaz dağlarına boylanan Naftalan şəhəri "Gözəl Naftalan" sanatoriyasının ərazisinə daxil oluruq. İlk baxışdan təmizlik, səliqə-səhman, fəvvarə, zövqlə salınmış yaşıllığa baxa-baxa , giriş qapısının pilləkənlərini qalxa-qalxa binanın sağında-solunda idman hərəkətləri üçün yenicə quraşdırılmış idman qurğuları diqqətimizi çəkir.

Qeydiyyatdan keçib, otaqla təmin olunduqdan sonra baş həkim Nəzakət Əhmədovanın təyin etdiyi prosedurlara başlayırıq. Elektrokardioqrammadan (EKQ) və digər analizlərdən keçmək mütləqdir. Prosedurlardan keçərək işçilərlə ünsiyyətdə olarkən, hər şey adama daha aydın görsənir. Müalicə mərhələlərini keçərkən otaqlarda, dəhlizlərdə, yeməkxanada təmizliyin şahidi olursan. Hiss edirsən ki, çox şey yerindədi, nəzarətdədir.

Ara vaxtda tanışlıq məqsədi ilə həyətdə təşkil olunmuş kiçik çayxanada çay içirik. Çayın da qiyməti gələnlərin cibinə uyğun olaraq 1 manatdır. Həyətin təmizliyinə baxan, həm də bir parça çörək pulu qazanmaq üçün özünü oda-közə vuran, sac üzərində ləzzətli qutab bişirən Ulduzə xanımın da bişirdiyi qutab məşhurdur. Bu və yaxınlıqda yerləşən sanatoriyaya gələnlərin çoxu onun qutabından dadmamış getmirlər. Hər həftəiçi axşam saatlarında insana daha da ruh verən canlı musiqiyə qulaq kəsilənlər az deyil. Həftə sonları isə Nizami, İmamzadə məqbərəsinə, Hacıkəndə, Göy gölə, Maral gölə turlar təşkil olunur. Heç də uzaqda olmayan Ağcakəndə də üz tutanlar olur.

Prosedurlardan keçərkən parafin otağında uzun illər çalışan, öz işinə vicdanla yanaşan, üz-gözündən nur tökülən tibb bacısı Rəfiqə Əhmədovadan razılıqlar eşitdikdə müalicəyə inamımız biraz da artdı. Yüksək enerjili işçi (masajçı) Dilqəm Məmmədovanın, hər gün 7 kilometrlik məsafəni gedib - gəlməyinə baxmayaraq, müalicə alan 60-70 nəfərə necə xidmət göstərdiyini danmaq mümkün deyil. 44 günlük Vətən savaşında könüllü iştirak edən "Qarabağ uğrunda" medalı ilə təltif olunan, hələ də əlaqədar qurumlar tərəfindən veteranlıq statusunu ala bilməyən, hazırda sanatoriyada insanların sağlamlığının keşiyində tər tökən Samir Məmişovun xidməti əvəzolunmazdır.

Ayrı-ayrı mərtəbələrdə, dəhlizlərdə, xüsusilə də dördüncü mərtəbədə yerləşən yeməkxanada təmizliyə, gigiyenik qaydalara ciddi əməl olunmasını görməmək mümkün deyil. 350 nəfəri birdəfəyə yola verən baş aşbaz Nəsibə Əliyeva yemək vaxtlarında süfrələrə ciddi nəzarət edir. Onun köməkçiləri Muradova Südabə, Mürşüdova Aybəniz, Muradova Naibə, Hüseynova Cəmilə, Orxanın öz işlərinin öhdəsindən layiqincə gəldiklərini desək yanılmarıq. Açığını deyim ki, yeməkləri qiymət müqabilində normal saysaq da, bəzilərinin qiymətdən artıq istəkləri insafsızlıqdır.

Sanatoriya daxilində bəzən nizam-intizama əməl etməyən xəstələr də olur. İnzibatçı Aynur xanımın pozuntuya ciddi reaksiya verməsi ilə məsələ tez həllini tapır. Öz sahəsində saçını-saqqalını ağartmış təcrübəli kardioloq İskəndər Cabbarov da çoxlarının imdadına yetişir. Qeydiyyat şöbəsində işləyən, bir neşə funksiyanı yerinə yetirən Rəna Həsənovanın, eləcə də müalicə alanların xidmətində canla-başla duran adını çəkə bilmədiyimiz əməkdaşları da qəlbən bu siyahıda gördük. Bu şəfa ocağında hansısa bir əməkdaşın kimdənsə pul istədiyini nə gördük, nə də eşitdik. Onu da qeyd edim ki, səhər saat 5-6 dan axşam 5-ə kimi olan iş rejimində işləyənlərin taqətdən düşdüyünü hiss etsək də, hər biri müraciət edənləri razı yola salmağı bacarırdılar.

Adını çəkdiyimiz sağlamlıq mərkəzində hidrokolonoterapiya, kosmetik parafin, ozonoterapiya, zəli terapiya, iynəbatırma (akupunktur), üz masajı, seragem, vakum, USM, hicama, biomasaj, dartınma, limfodrenaj, gözaltı masaj, bölgəsəl piylərin, buxağın əridilməsi, inqalyasiya xidmətlərinin ödənişli olması başa düşüləndir. Lakin parklanma ilə bağlı ödənişin olması bir çoxlarının haqlı narazılıqlarına səbəb olan məqamdır. Düzdür, qonşu sanatoriyada parklanma ödənişli olsa da, istifadə etmək üçün kölgəliklər kifayət qədər idi. İnanıram ki, bu sanatoriyada da kölgəliklərin sahəsi genişləndirilməli, günün qızmarında dayanmamaq üçün bütün şərait yaradılmalı, ödəniş haqqında lövhələrdə məlumat olmalıdır. Yoxsa ki, “qonşuya baxaram, özümü oda yaxaram” anlamında iş qurulmamalıdır.

“Gözəl Naftalan” sanatoriyasının 2008-ci ildən sahibi olan Həsən müəllimlə həmsöhbət olmağa da vaxt tapdıq. Həsən müəllimi Naftalanda, eləcə də onun hüdudlarından kənarda da tanıyanlar az deyil. Söhbət zamanı müalicə alanların vaxt-saat baxımından toqquşmaların olduğunu diqqətinə çatdırmağı lazım bildim. Qeydiyyat şöbəsində komputer olması sıxlığın qarşısını almağa xidmət etməzmi?- deyib münasibətini öyrənirik. Dünyanı dörd dolanmış Həsən müəllim “yaranmış məsələ ilə bağlı çıxış yollarını axtarırıq” deyərək cavab verir. Bizə çay qonaqlığı verən tələbkar, təvazökar, idarə etmə qabiliyyəti və bacarığı olan, işin təşkilini düzgün quran, yeməkxanaya şəxsən diqqət və nəzarət edən, bəzən xörək paylayan sadə bir insanla söhbəti davam etdiririk. Söhbət zamanı otaqların təmir olunması, xeyli yeni mebellərin quraşdırılmasını da öyrənə bildik. Müasir tələblərə cavab verə bilən tibbi avadanlıqların da vacib olduğunu nəzərə çatdırdıq. Cavab da o oldu ki, bu haqda fikirlərimiz böyükdür, inşallah tədricən həyata keçirəcəyik. Söhbət zamanı bir nəfər süfrə arxasında əyləşən vaxt Həsən müəllim sorğu-suala son qoyaq, biraz da qonaqla nərd oynayaq deyərək yarı zarafat-yarı gerçək söhbətə son qoydu.

Bəzi çatışmazlıqlara baxmayaraq onun komandası digər sanatoriyalardan hər tərəfli xidməti nəzərə alsaq heç də geri qalmır, əksinə neçəsindən də üstündür. Bir sözlə sanatoriyada qiymət baxımından eləcə də vəziyyət baxımından qənaətbəxş olsa da nöqsanlar da var. Təbii ideal heç nə yoxdur. Etiraf etmək lazımdır ki, onun müalicə alanlara olan yanaşması Həsən müəllimin üstün cəhətlərindəndir. Məhz bu üstünlük xüsusi rol oynayır. Bu münasibətin və idarəetmənin nəticəsidir ki, gələnlərin sayı durmadan artır. Müalicə alıb razılıqla gedənlərin üzündə təbəssüm görəndə biraz da fərəhləndik.

Bir məsələyə də toxunmağı özümə borc bildim. Bütün sahələrin inkişafı naminə sahibkarlara geniş meydan verilməli, süni əngəllər yaradılmamalıdır.

P.S. 

Beləcə yazını qələmə alaraq 100-dən artıq işçisi olan “Gözəl Naftalan” şəfa ocağının müasir tələblərə cavab verməsini, peşəkarların sanatoriyaya cəlb olunmasını istəməklə yanaşı, “Gözəl Naftalan”ı əməlləri ilə daha da gözəlləşdirilməsini arzulayırıq. Bu yolda sanatoriyanın sahibi alicənab, dünyagörmüş Həsən Əliyevə can sağlığı, oranın inkişafında uğurlar diləyirik.

Bu istəklə gördüyümüzü qələmə alan:
Zahid Hüseynli


BİA.az
скачать dle 12.1