Bia.Az

Təbrizdə konsulluğumuz bağlanır, Ermənistan konsulluğu açılır?

Siyasət
 1-04-2023, 16:10     424

İran mübarək Ramazan ayında da Azərbaycana qarşı düşmən davranışından qalmır. Dünən – martin 31-də Təbrizdəki Baş Konsulluğumuz önündə bir qrup adam etiraz aksiyası keçirib. Bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb. İsraildə səfirliyimizin fəaliyyətə başlamasına etiraz bildirən “aksiyaçılar” Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb ediblər.

Hakim rejimin ssenariləşdirdiyi şübhə doğurmayan bu olayın sözsüz ki, ayrı səbəbləri də var. Məsələ ondadır ki, elə həmin gün İran XIN-in mətbuat katibi Nasir Kənani guya İran əleyhinə İsrail-Azərbaycan “iş birliyi” haqda danışaraq, rəsmi Bakıdan izahat tələb eləmişdi. Söhbət martın 30-da Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında onun israilli həmkarı Eli Kohenin “İsrail və Azərbaycan İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdır” açıqlamasından gedir. Yəni ifadə C.Bayramova məxsus deyildi.
Bu xüsusda bizim XİN-in cavabı yerində və adekvat oldu. Həm də sərt. Cavabda vurğulanır ki, “Azərbaycan öz ərazisindən heç vaxt üçüncü dövlətlərə qarşı istifadəyə imkan verməyib”. Ardınca ölkəmiz əleyhinə cənub qonşumuzun pislikləri bir-bir sadalanırdı. Eyni zamanda, cənab Kənaniyə tövsiyə edilirdi ki, C.Bayramovun səsləndirdiyi fikirlərə diqqətlə qulaq assın.
Başqa necə və nə deyilməli idi görəsən?
Gəl ki, molla rejimi kirimir. Aydındır ki, İran İsraildə səfirliyimizin açılmasından məmnun deyil. Halbuki Ermənistanın yəhudi dövlətində səfirliyi daha əvvəl (2020) işə başlayıb. Amma Tehran rəsmilərinin buna neqativ reaksiyası olmadı nədənsə. O sırada Ermənistanın Tehrandakı səfirliyi önündə hansısa etiraz aksiyası təşkil edilmədi. Əksinə, İran-Ermənistan qardaşlığı ondan sonra da gücləndi və güclənməkdədir. Özü də müstəsna olaraq Azərbaycana qarşı!
Demək, səbəb ayrıdır. Səbəb – dövlətimizə və xalqımıza təzyiq eləmək, o taylı-bu taylı xalqı qorxutmaqdır. Səbəb – Azərbaycanın qüdrətlənməsidir, torpaqlarımızın erməni işğalından azad edilməsinə İsrail dövlətinin verdiyi tarixi töhfə, köməkdir. Hansını ki, Azərbaycan xalqı heç vaxt unutmayacaq. Necə ki, cənub qonşumuzun erməni faşistlərinı hələ də davam edən dəstəyini dünyadakı 50 milyonluq toplum yaddan çıxarası deyil.
Təbrizdəki konsulluğumuz qarşısında siyasi şouya gəlincə, fars rejimi nəyə nail olmaq istəyir? Bu, konsulluğa da terror hücumunun ola biləcəyinin bir anonsumu? Onsuz da məlum səbəbdən iki ölkə arasında diplomatik münasibətlər üç aydır faktiki, dayanıb. Konsulluğun bağlanması isə ikitərəfli rəsmi əlaqələrin sıfırlanması demək olacaq. O halda ölkəmizdəki İran səfirliyinin də bir işi qalmayacaq – istər bu səfirliyin qapadılması tələbi ilə Bakıda aksiya keçirilsin, ya keçirilməsin.
Bəlkə Təbrizdəki konsulluğumuzun bağlanması və Ermənistan konsulluğunun açılmadı ilə İran rahatlıq tapacaq, bu, ona hansısa divident gətirəcək? Güneydəki 35-40 milyonluq xalq buna “əla” deyəcəkmi? İran adlı dövlətin uduşu nə olacaq?
Əlbəttə, heç kim çörəyi qulağına yemir. Təbrizdəki konsulluq binasının önünə gətirilmiş 5-6 adamın xalqımıza dəxli olmadığını da az qala, uşaq da bilir. Azərbaycanlı doğulmaq hələ azərbaycanlı, Türk olmaq demək deyil. Gərək soy-kökünü əməlinlə, həyatınla təsdiqləyəsən! Tehrandakı səfirliyimizə əli avtomatla girən Yasin Hüseynzadə nə qədər türkdürsə, “etirazçılar” da bir o qədər azərbaycanlıdır. Yəni sırf rejimin ələ aldığı, öyrədilmiş kəslərdir. Azərbaycan xalqı özü-özünə niyə pislik eləsin ki? Bu istisnadır.
Odur ki, nə qədər gec deyil, yaxşı olar İran hakimiyyəti batil niyyətlərindən daşınsın, şimaldan ona göndərilən mesajları düz oxusun. Azərbaycanı atıb Ermənistanı tutmaq heç bir ölkəyə xeyir gətirməyəcək. Azərbaycanı və onun xalqını qorxutmaq cəhdləri də əbəsdir. Qısası, yamanlıq yenə fars-molla rejiminə və onun kapitulyant dostlarına qalacaq. Bunu hesablamaq çoxmu çətin?../musavat.com/скачать dle 12.1