Bia.Az

Deputat: “Faktiki olaraq İranla diplomatik münasibətlərimiz dondurulub” – EKSKLÜZİV

Siyasət
 30-01-2023, 01:22     183

İranın paytaxı Tehran şəhərində səfirliyimizdə baş verən teraktdan sonra, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən orada fəaliyyət göstərən diplomatik korpus nümayəndələri Bakıya geri çağırılıb.

Xatırladaq ki, eyni təyyarə ilə terror hadisəsi zamanı şəhid olan Orxan Əsgərovun nəşi də vətənə gətirilib.
Bununla bağlı xarici işlər nazirinin müavini Xələf Xələfov da açıqlama verərək bildirib ki, Tehranda 5 nəfər səfirliyin binasını, əmlakını qorumaqla bağlı müəyyən əməkdaşlar qalacaq, amma onlar diplomatik fəaliyyət aparmayacaq.
Mövzu ilə bağlı Globalinfo.az-a açıqlamasında Milli Məclisin deputatı, professor Elman Nəsirov səfirliyimizin geri çağırılmasının doğru addım olduğunu vurğulayıb.
O bildirib ki, İrandakı səfirliyimizin əməkdaşlarına qarşı törədilmiş terror aktına cavab olaraq İranın Azərbaycandakı səfiri ölkəmizin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb:
“Ona nota təqdim edilib və cinayətkarın cəzalandırılması tələbi ortalığa qoyulub. İran dövləti məlum 1961-vi il Vyana Konvensiyasından irəli gələn diplomatik münasibətlər haqqında tələbləri icra etməlidir. Cinayətkar ən sərt şəkildə cəzalandırılmalı, terroru sifariş verənlər üzə çıxarılmalı, İranın hüquq-mühafizə orqanları ilə dövlət təhlükəsizlik xidmətinin bu sahədəki fəaliyyətinə qiymət verilməli və bu sahədə olan boşluqlara görə günahkarlar cəzalandırılmalıdır”.
Millət vəkili deyib ki, şəhidimizlə birlikdə bütün diplomatik heyətin Tehrandan Bakıya qayıtması faktiki olaraq İranla diplomatik münasibətlərin dondurulması anlamına gəlir:
“Düzdür, bu, rəsmən elan edilməyib. Lakin faktiki olaraq bizim diplomatik münasibətlərimiz dondurulub. Nə qədər ki, bu hadisənin əsl mahiyyəti açılmayacaq, cinayətkar cəzalandırılmayacaq, qarşı tərəf üzrxahlıq etməyəcək, mənə elə gəlir ki, diplomatik münasibətlərimizin yenidən əvvəlki məcraya qayıdışı mümkün olmayacaq. Necə deyərlər, İran beynəlxalq hüquqa uyğun olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir”.скачать dle 12.1