Bia.Az

Stalinin zarafatları – O, köməkçisinin qızının riyazi tənliyini telefonla 15 dəqiqəyə həll edib

Dünya
 21-12-2022, 14:56     176

21 dekabr tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlərdən biri olan Stalinin doğum günüdür. İosif Vissarionoviç Cuqaşvili 1879-cu ilin məhz bu günündə Gürcüstanın Qori şəhərində anadan olub. O, ən çox öyrənilmiş şəxsiyyətlərdən biri olsa da, yəqin ki, hələ bundan sonra Stalinin tam öyrənilməsinə uzun illər lazımdır.

Milyonların yaddaşına diktator, despot, qəddar, amansız bir siyasətçi kimi həkk olunan Stalin son dərəcə mürəkkəb və ziddiyyətli xarakterə malik olub. Amma “xalqlar atası” eyni zamanda güclü yumor hissinə malik olması və hazırcavablığı ilə də fərqlənib.
Stalinlə bağlı növbəti yazımızda biz nadir hallarda üzündə təbəssüm görünən sovet liderinin təbəssüüm doğuracaq əməllərindən söhbət açacağıq...
stalin-umor-23oh.jpg (129 KB)
Vaxt məhdudiyyətinə baxmayaraq Stalin kino və teatra böyük maraq göstərib, incəsənət nümayəndələri ilə görüşməyə vaxt ayırıb, Kremldə keçirilən tədbirlərə onları da dəvət edib. Kreml ziyafətlərinin birinə aktyor Andrey Abrikosov da dəvət edilib. Ziyafət zamanı Stalin hiss edib ki, SSRİ xalq artisti adını daşıyan aktyor içkinin təsirindən əməlli-başlı səs-küy yaradır. Abrikosovu “ayıltmaq” üçün Stalin düşünüb ki, ona söz vermək lazımdır və ona tost deməyi təklif edib. Bu təklifdən daha da ruhlanan və cuşa gələn xalq artisti qədəhinə ağzına qədər araq süzüb, ayağa qalxaraq olduqca yüksək səslə Stalinin şərəfinə tost deyib:
- Yoldaş Stalin, sizin sağlığınıza!
Qədəhi sona qədər başına çəkdikdən sonra Stalin sakit səslə ona cavab verib:
- Mənim sağlığım öz yerində. Amma yaxşı olar ki, siz də öz sağlamlığınız və gələcək karyeranız haqqında düşünəsiniz.
***
Uzun illər yüksək vəzifələrdə işləyən Andrey Jdanov Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. Stalinin ona xüsusi hörməti və ehtiramı olub. Jdanovun sovet liderinə təqdim etdiyi sənədlər çox vaxt müzakirəsiz imzalanıb. Mövcud dövrdə incəsənət xadimlərinə fəxri adların verilməsi məhz Jdanovun əlindən keçib. Günlərin birində Jdanov çox sevdiyi və dostluq münasibətində olduğu bəstəkar Yevgeni Qolubevin adını Stalin mükafatına təqdim olunanların siyahısına salıb. Hamı elə düşünüb ki, bəstəkar Stalin mükafatı laureatı olacaq. Siyahı Stalinə təqdim olunub. Aşağı instansiyalarda hamı Qolubevin laureat olmasına imza atıb. Yalnız bir nəfər buna etiraz edib. Stalin Jdanovdan soruşub:
- Qolubevin laureat olmasına bir nəfər etiraz edən kimdir?
- Yoldaş Stalin, bu Şostakoviçdir, bilirsiniz də o, bir az çətin adamdır.
Stalin bir neçı saniyə düşündükdən sonra fikrini bildirib:
- Şostakoviç çətin adam ola bilər. Bu onun öz işidir. Amma o, musiqini məndən yaxşı bilir. Buna görə də mən onunla razıyam – deyə Qolubevin adını siyahıdan çıxarıb.
***
2020-11-03-mixnews-63919ada7c48b7e2c5c45835edb8b.jpg (87 KB)
1947-ci ildə rejissor Yuli Rayzmanın “Qatar şərqə gedir” filmi ilk olaraq Stalinə nümayiş etdirilib. Film Stalinə darıxdırıcı görünüb. Belə ki, filmdə qatarın uzun-uzadı yol getməsi, arabir stansiyalarda saxlaması Stalini bezdirib və sovet lideri rejissordan soruşub:
- Növbəti stansiya hansı olacaq?
- Demyanovka.
- Orada saxlayarsınız, mən düşəcəyəm.
***
stalin-umor-1-91fg.jpg (184 KB)
Müharibədən sonrakı illərdə Siyasi Büronun iclasında Nikita Xruşov yeni aqrar şəhərciklərinin yaradılması haqqında uzun-uzadı çıxışı büro üzvlərini yorsa da, Stalin ona sona qədər qulaq asıb. Xruşov çıxışını bitirdikdən sonra Stalin gülümsəyərək soruşub:
- Nikita Sergeyeviç, mülahizələriniz bundan ibarətdir?
- Bəli, yoldaş Stalin.
Stalin ona yaxınlaşıb, əlini çiyninə qoyub:
- Ay mənim balaca Marksım...
***
Akademik Boqomolets uzunömürlülük nəzəriyyəsini irəli sürəndə Stalin onun elmi yaradıcılığı üçün xüsusi şərait yaradıb. Nəzəriyyədə insanın 150 il ömür sürmək mümkünlüyü ilə bağlı fikirlər Stalində maraq doğurub. Ancaq bu maraq tez də sönüb. Çünki 1946-cı ildə akademik Boqomolets 65 yaşında vəfat edib. Akademikin vəfatı haqqında Stalinə məlumat verəndə o başını bulayaraq deyib:
- Yaramaz hamımızı aldatdı.
***
stalin-cherchill-19ny.jpg (117 KB)
 
Böyüklərə qarşı sərt olsa da, Stalin uşaqlara həssaslıqla yanaşıb. Günlərin birində axşam saatlarında Stalin öz qəbul otağında gəzişərkən telefon zəng çalıb. Poskrebışev otaqda olmadığıdan dəstəyi Stalin qaldırıb. Xəttin o başından uşaq səsi eşidilib:
- Ata, mənəm, mənə sənin köməyin lazımdır.
Stalin uşağa cavb verib:
- Yox, qızım, atan deyil, o yarım saatdan sonra gələcək. Bəlkə mən sənə kömək edim.
- Mən indi riyaziyyatdan məsələ həll edirəm. Tapşırıq ondan ibarətdir ki, hovuzun içində nə qədər su olduğunu hesablamalıyam. Amma nədənsə bu suyun həcmi gah çoxalır, gah da azalır.
Stalin hovuzun dərinliyini, enini, uzununu soruşub, stolun üstündəki kağızda qeydlər aparıb və nəhayət, hər ikisinin səyi nəticəsində suyun miqdarı tapılıb. Bu işə onlar təxminən 15 dəqiqə vaxt sərf ediblər. Həmin uşaq Poskrebışevin qızı Natalya olub. Sonralar o, xatirələrində yazıb ki, Stalinin vaxtını 15 dəqiqə aldığına görə atası onu tənbeh edib.
***
Stalin insanların fikrini oxumağı da bacarıb. Xüsusilə, ondan çəkinib sözünü deyə bilməyən insanların. Hərbi təyyarələrin sınaq uçuşunu həyata keçirən pilotlarla görüşdə də sovet lideri onların dilə gətirə bilmədikləri narazılıqlarını dərhal anlayıb. Pilotların qarşısında çıxış edən Stalin sonda soruşub:
- Sınaqların sona çatdırılmasına nə qədər vaxt lazımdır? Ordunun təyyarələrə ehtiyacı böyükdür.
Pilotlar cavab veriblər:
- Biz üç aya bu işləri yekunlaşdıra bilərik.
Stalin anlayıb ki, onların bu cavabının arxasında bir narazılıq var:
- Siz ayda nə qədər pul alırsınız?
- 25 min rubl.
- Demək üç aya 75 min rubl alcaqsınız. Mən göstəriş versəm ki, sizə bir aya 100 min rubl versinlər, siz ay ərzində sınaq uçuşlarını yekunlaşdıra bilərsiniz?
- Əlbəttə, yoldaş Stalin.
- Onda əvvəlcədən deyərdiniz ki, maaşları qaldırmaq lazımdır.
***
1aaf07cce5e6581f7b96f4912f5.jpg (108 KB)
Stalin mühafizəçilərinə qarşı tələbkar olsa da, onlarla arabir zarafat etməyi də xoşlayıb. Müharibədən sonrakı illərdə Stalin Molotovla birgə Moskva ətrafında yerləşən hərbçilərin müalicə aldığı sanatoriyaya səfər ediblər. Mühafizəçi Tukov sürücünün yanında, Stalinlə Molotov arxada əəyləşiblər. Təxminən 15 dəqiqə yol getdikdən sonra mühafizəçi mürgüləməyə başlayıb. Molotov Stalindən soruşub:
- Yoldaş Stalin, indi kim kimi mühafizə edir, siz Tukovu, yoxsa Tukov sizi?
- Vyaçeslav Mixayloviç, hər şey göz qabağındadır. Tukov maşına minməzdən əvvəl tapançasını da hər ehtimala qarşı mənə verib.
Stalinin həyatında belə hadisələr az olmayıb və “xalqlar atası” yarıciddi, yarızarafat düz 30 il SSRİ-nin birinci kürsüsündə əyləşib.
İlham Cəmiloğlu, Musavat.comскачать dle 12.1