Bia.Az

2.50 = 44.0 olduğunu bilirdinizmi? Yaxud - dövlətin malı dəniz, bu malı yeməyən öküz - prinsipi ilə işləyən məmurlar

Fakt
 21-11-2022, 12:30     276

Bu gün Azərbaycan reallıqları silsiləsindən daha bir məqamı nəzərinizə təkrar çatdırmaq istəyirik. İstəyimizi isə artıq bir neçə ildir gündəmdə olan Xaçmaz rayonu, daha dəqiq desək, həmin rayonun Suvarma Sistemləri İdarəsinin nümunəsində həyata keçirəcəyik. İdarənin gündəmdə olmasına səbəb isə məhz onun rəisi Vaqif Səlimovdur. Sual edə bilərsiniz - Niyə? Cavab isə çox sadədir və indi o cavabı alacaqsınız.

Beləliklə, mətləbə keçək. Xaçmaz rayonunda illərdir mövcud olan vəziyyət barədə olan məlumatlara əsasən, sözü gedən İdarə öz vəzifələrini kifayət qədər “yaxşı” və “məsuliyyətlə” yerinə yetirdiyinə görə, vəzifəli olmayan təsərrüfat sahibləri ondan daha çox “razılıq” edirlər. Belə ki, məlumatlara əsasən, suvarma məsələsində heç bir ayrıseçkilik edilmədən yalnız maddi imkanı aşağı olan təsərrüfat sahiblərinə “fərq” qoyulur. Vaqif Səlimovun rəhbərlik etdiyi idarədə ilk növbədə həmin təsərrüfat sahiblərinə “xüsusi” münasibət bəslənilir. Bundan əlavə, 100-ə yaxın texnikaya malik İdarənin maşın və mexanizmləri həmişə iş başındadır. Vaqif Səlimov bu texnikalardan istifadə etməklə özü üçün qazanc “əldə etmir”. Həmin maşın və mexanizmlər tam olaraq “təyinatı üzrə” çay kənarında karxanası olan sahibkarlara xidmət edir. Sözsüz ki, bu texnikalar onlara havayı verilməyib. Onlar dövlətin inventarıdır. Məlum olduğu kimi, onlar icarəyə verilib. Alınan icarə haqqı da İdarəyə gəlir. Bəli, ümumən götürəndə, belədir. Vaqif Səlimov İdarənin rəisidir. Ancaq maşın və mexanizmlərin icarəsindən daxil olan vəsaitin hara yönəldiyini rəisin özündən başqa dəqiq bilən olmaz. Eyni zamanda, balansda olan maşın və mexanizmlərə texniki qulluq üçün ayrılan ehtiyyat hissələri, sürtgü materialları da tam sayda “toxunulmaz” şəkildə yerindədir. Sözsüz ki, bu yerin də hara olduğunu da ancaq Vaqif Səlimov və onların olduğu yerin sahibləri bilirlər. Ehtiyyat hissələri və sürtgü materialları da dövlətə aid olduğu üçün onların satışından gələn vəsait İdarəyə daxil olur. Yəni, Vaqif Səlimova verilir.
Vaqif Səlimovun bir addımı da “təqdirəlayiqdir”. O, 1 hektar sahənin suvarma suyu ilə suvarılmasına görə dövlət tərəfindən 2.50 AZN qiymət müəyyən olunmasına baxmayaraq, təsərrüfat sahiblərindən 44.0 AZN ödəniş alır. Sözsüz ki, bu halı suya verdiyi dəyərlə əsaslandırardı.
Vaqif Səlimovun “peşəkarlıqla” idarəetməsinin bir göstəricisi də onu İdarədə axtaranda tapa bilməməkdir. “Öz işini” tam olaraq “sistemləşdirən” İdarə rəisini faktiki olaraq iş otağında tapmaq mümkün deyil. O, həmişə haradasa başqa yerdədir. Zənglərə cavab verən katibə də onun harada olduğu barədə dəqiq bir məlumat verə bilmir. Ən çox verilən cavab isə Vaqif Səlimovun müalicə almağa, sanatoriyaya getməsidir. ”İşini” sistemli qurmaq budur.

Əslində məhz Vaqif Səlimov kimilərinin “sistemli işi” nəticəsində Respublikada süni qiymət artımı, nəticədə isə əhalinin - vətəndaşların narazılığı yaranır. Əkin sahəsini suvarmaq üçün təxminən 20 dəfəyə yaxın artıq xərc çəkən kəndli-fermer topladığı məhsulu baha qiymətə təklif etməli olur. Konkter olaraq Vaqif Səlimov öz “sistemli işini” qurub idarə etməyinə münasibətdə isə media nümayəndələrinə - Siz məndən yazmaqla nəyə nail olacaqsınız?. Mənim “arxa-dayağım” komitəmizin hörmətli sədridir. Bugünə kimi yığdığımı yığmışam, yediyimi yemişəm. Tutaq ki, məndən yazırsınız, məni işdən çıxardırlar, o halda mən heçnə itirəsi deyiləm, gedin nə bacarırsınızsa, onu da yazın - deyir. Belə yerdə bir zərb məsəli yada düşür - arxalı köpək qurd basar...

Görəsən Vaqif Səlimov kimi yuxarı rəhbərliyə arxayın olub, rəhbərlik etdiyi dövlət qurumunu öz şəxsi təsərrüfatı kimi idarə edən daha neçə məmur hazırda vəzifələrdə iş başındadır? Onlara havadarlıq edən yuxarı rəhbərləri əhali arasında hakimiiyətə qarşı narazılıq yaratmaqla nəyə nail olmağa çalışırlar.

Ardı olacaq.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

BİA.az
скачать dle 12.1