Bia.Az

İstanbul terrorunda Rusiya izi

Siyasət
 15-11-2022, 01:15     220

Bu gün, təkqütblü yoxsa çoxqütblü dünya sualının cavabı yoxdur, qlobal maraq savaşları var.

Qlobal maraqlar uğrundakı savaşlar, daha çox mərtəbəli, çox şaxəli və qəliz gedişlərin əks olunduğu siyasi dolanbaclar və sosial labirintlər üzərində qorulmuş savaşlardır.
Bu qarşı-durmaları, iki kiçik ölkənin bir-birinə qarşı iddia etdiyi ərazi və torpaq müharibələrindən qat-qat fərqlidir, tam əksinə, bü cür torpaq müharibələri də, qlobal güclər arasındakı qarşıdurmalardakı kiçik gedişlərdir.
Beynəlxalq siyasəti təqib edən, regional və qlobalyönümlü konfliktləri izləyən hər bir mütəxəssis, baş verən hadisənin yaratdığı görüntüdən daha çox, hadisənin baş verdiyi ana qədər, hadisəylə əlaqəli olması ehtimal olunan lokal, regional və qlobal hərəkətlərin xronoloji ardıcıllığına diqqət edir.
Qlobal maraqların qarşıdurmasında istifadə olunan amansız silahlardan biri də terror aktlarıdır. Rəqibi olduğu, düşmənçilik etdiyi, hansısa məsələdə narazı qaldığı ölkənin daxilində terror aktları keçirməklə, o ölkənin daxili-siyasi stabilliyinə zərbə vurmaq, hakimiyyətin legitimliyini sarsmaqla, ictimaiyyət arasında təşviş yaratmaqla, həmin ölkənin qlobal aktivliyini azaldaraq, ölkədaxili problemlərə və asayişin təmin olunmasına yönləndirmək, qarşı ölkənin əsas məqsədlərindən biridir.
Artıq dünya o qədər qloballaşıb ki, bir ölkənin başqa bir ölkədə hərbi əməliyyat yaxud terakt təşkil etməsi üçün, heç də öz vətəndaşlarından istifadə etməsi lazım deyil.
Bu gün qlobal güclərin, qlobal və regional güc iddiasında olan ölkələrin təhlükəsizlik xidmətlərinin əməliyyatın həyata keçirildiyi yaxud keçiriləcəyi ölkələrdə, elə o ölkələrin vətəndaşlarından yaxud digər əcnəbiəsillilərdən ibarət formalaşdırdıqları casus şəbəkələri mövcuddur.
Bir çox halda, bu şəbəkələr, bir-başa yaxud dolayı yolla sifarişlərini icra etdikləri ölkələrdə eyni ideologiyanı bölüşmürlər. Yəni, bir terror aktının sifarişçisi və icraatçısı, tamamilə zidd qütblərə dayana və bir—birindən fərqli ideologiya daşıya bilərlər.
Məsələn, islam şiəliyi üzərində qurulan İran İslam Respublikasının, inkişaf etmiş qərb ölkələrində, kommunist partiyalarını və radikal sol və markisist təşkilatlanmaları dəstəklədiyi, artıq heç kimə sirr deyil.
Bunun əksini isə, Rusiyada görmək mümkündür. Provaslav xristianlığı və rus milliyyətçiliyini əsas alan hazırkı Rusiya Federasiyasının, islam adından istifadə edən radikal dini qruplaşmalardan istifadə etməsi də, su keçirməz həqiqətdir.
Bənzər fəaliyyət, qlobal güc iddiasında olan inkişaf etmiş qərb ölkələri üçün də keçərlidir.
13 noyabrda İstanbulda baş verən terror aktını da bu fonda dəyərləndirmək lazımdır.
Düz 7 il əvvəl, eyni gündə (13 noyabr 2015), radikal islamist qruplaşma tərəfindən Parisdə törədilən terror aktı, bu hadisənin aydınlanmasında ipucu sayıla bilər.
İstanbul və Parisdə 7 il arayla eyni gündə törədilmiş terror aktlarının mahiyyət və zaman baxımından bir-birinə bənzərliyi diqqətdən qaçmır. Hər iki terror aktında dini ekstremizm ön planda görsənsə də, sifarişçinin başqa bir dövlət olduğu aydın görünür.
Hər iki terror hadisəsi, Ukraynadakı müharibənin səbəb olduğu Rusiya ilə gərgin münasibətlər fonunda baş verib.
Parisdəki terakt zamanı, Rusiya Ukraynanın ilkin işğalına başlamışdı, Fransanın təklifləriylə Avropa Birliyinin Rusiyaya qarşı ciddi sanksiyalar qoymasıyla bağlı qərarlar qəbul olunurdu ki, əksəriyyəti bu gün də qüvvədədir.
Həmçinin, o dövrdə Fransa ordusunun, Suriyada hərbi əməliyyatlar aparması, Bəşər Əsədlə ittifaq halında olan Rusiyanı qıcıqlandırırdı.
Yeddi il sonra, eyni vəziyyəti, bu dəfə Türkiyə - Rusiya tandemində görmək olar.
Bu gün, Suriyada Rusiyanın irəliləyişini durduran, nüfuz dairəsini daraldan Türkiyə var.
Ukrayna müharibəsində, qərb ölkələrindən fərqli olaraq, Türkiyə, Rusiya ilə siyasi və iqtisadi əlaqələrini saxlasa da, Ukraynaya böyük həcmli hərbi yardımlar etməkdən geri durmur, Rusiyanın Ukraynada apardığı işğalçı müharibə, başda Türkiyə prezidenti olmaqla, türk siyasi elitası tərəfindən daima pislənməkdədir.
Eyni zamanda, Rusiyanın dəstəklədiyi Ermənistana qarşı, 2-ci Qarabağ müharibəsində Türkiyən açıq şəkildə Azərbaycana verdiyi hərbi-siyasi dəstək, Putini özündən çıxarmamış deyil.
Hər nə qədər, mehriban düşmən rolları davam etsə də, Putin Rusiyasının ən çox qəzəbli olduğu ölkələr siyahısında Türkiyə başı çəkməkdədir. Xüsusən son iki ildə, Türkiyənin liderliyindəki Türk Dövlətləri Birliyinin intensivləşən fəaliyyəti, keçmiş SSRİ-nin tərkibində olmuş türk respublikalarına ardıcıl rəsmi səfərlər, çoxtərəfli iqtisadi, siyasi və hərbi əlaqələrin inkişaf tempi, bu ölkələri öz kölgəsində saxlayan Rusiya üçün qəbuledilməz yeniliklərdir, başqa bir dillə desək, arı yuvasına çomaq soxmaqdır, qış yuxusuna hazırlaşan ayını yuvasından qovmaqdır.
Türkiyə hər nə qədər Rusiya ilə münasibətləri öz tarazlığında saxlasa da, NATO-nun fəal üzvü olaraq qalmaqda Rusiya ilə münasibətlərdə müttəfiq dövlətlərin, əsasən Böyük Britaniya və ABŞ-ın maraqlarını nəzərə almaqdadır.
Hər nə qədər, bir sıra geo-siyasi və qlobal məsələlərdə Türkiyə və Fransa başda olmaqla, bir sıra Avropa Birliyi ölkələriylə fikir ayrılıqları olsa da, ümumi mənzərədə, Ukrayna məsələsində, Türkiyə, NATO və AB ölkələrinin həmrəyliyini görmək mümkündür.
Rusiyaya tətbiq olunan qlobal sanksiyalardan bir qədər kənarda durmaqla, Türkiyə Rusiyaya üçün iqtisadi nəfəslik rolunu oynasa da, bu heç də qarşılıqsız deyil, Türkiyənin regional maraqları ilə bağlıdır.
İstanbulda törədilən terror aktının görünən sifarişçisinin, Rusiya hərbçilərinin nəzarətində olan Suriyanın şimalındakı separatçı kürd qruplaşmalarının olması, bu terror aktının əsas müəllifini də ortaya çıxarır.
Bu baxımdan, xronoloji ardıcıllıqlar və ortaya çıxan faktlar işığında İstanbuldakı terror aktının arxasında, Putin Rusiyasının dayandığını deyə bilərik.
Terror aktından iki gün əvvəl, Özbəkistanın Səmərqənd şəhərində keçirilən Türk Dövlətləri Birliyinin Zirvə Toplantısında iştirak edən türkdilli respublikaların dövlət başçılarının, Əmir Teymurun nəvəsi Uluqbəyin adını daşıyan mədrəsə kompleksinin önündə, birgə əl sallamaları bir çox diplomatik yozumları və müxtəlif şərhləri bərabərində gətirdi.
Mən bu əl sallamanı, türkdilli ölkələrin həmrəyliyi kimi görməklə bərabər, Putin Rusiyası ilə sağollaşmaqları kimi də dəyərləndirirəm. Türkiyənin yaxın və Orta Asiyada güclənməsi, bu regionda yerləşən türkdilli keçmiş sovet respublikalarını imperialist Rusiyanın caynağından xilas edəcəkdir.
Ümid edirəm ki, vaxt gələcək, bu gün sallanan o əllər, sözünün əsl mənasında bir gücə çevriləcək, bütün işğalçıların təpəsinə bir yumruq kimi enəcəkdir.
İstanbul terrorunda vəfat edənlərin ailələrinə və türk xalqına baş sağlığı və Azərbaycan xalqının da onlarla birlikdə olduğunu bir daha qeyd edirəm.
 
Elnur Məcidliскачать dle 12.1