Bia.Az

50 ölkədən uyğur bəyanatı

Dünya
 4-11-2022, 15:17     164

50 ölkə Çində uyğurların vəziyyəti ilə bağlı bəyanat qəbul edib. Novator.az-ın məlumatına görə, sənədi ABŞ, Almaniya, Avstraliya, Avstriya, Belçika, Bolqarıstan, Böyük Britaniya, Kanada, Çexiya, Xorvatiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Litva, Lüksemburq, Niderland, Yeni Zelandiya, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Türkiyə, Ukrayna, Albaniya, Andorra, Beliz, Esvatini, Qvatemala, Liberiya, Lixtenşteyn, Marşal adaları, Monako, Monteneqro, Nauru, Şimali Makedoniya, Palau, San Marino, Somali imzalayıb.

Sənəd BMT-nin insan haqları üzrə ali komissarının bu ilin avqust ayında dərc etdiyi hesabata əsaslanır. Həmin hesabatda Çin dövlətinin uyğurlara və digər müsəlman azlıqlara münasibətdə ciddi hüquq pozuntularına yol verdiyi bildirilib. Qeyd olunub ki, uyğurlara qarşı törədilən vəhşiliklər beynəlxalq cinayətlərlə, o cümlədən insanlığa qarşı cinayətlə eyniləşdirilə bilər. Hesabatda Çin hökumətindən Sincan Uyğur Muxtar Rayonunda qanunsuz həbsdə saxlanan insanların hamısını azad etmək üçün təcili tədbirlər görmək, işgəncə, cinsi istismar, zorakılıq, amansız rəftar, habelə məcburi əməyə cəlb etmə, dustaqlar arasında ölüm halları barədə Sincan bölgəsindən daxil olan məlumatları araşdırmaq xahiş edilib.
50 ölkənin qəbul etdiyi bəyanatda Çin BMT-nin insan haqları üzrə ali komissarının hesabatında yer alan bütün tövsiyələrə əməl etməyə çağırılır.
Bəyanatı BMT Baş Assambleyasının İnsan Hüquqları Komitəsinin bu həftə keçirilən iclasında Kanadanın BMT-dəki təmsilçisi Bob Ray oxuyub.
Bob Ray Çində insan haqları ilə bağlı durumun ciddi narahatlıq doğurduğunu vurğulayıb, eyni zamanda təəssüflə bildirib ki, rəsmi Pekin BMT-nin insan haqları üzrə ali komissarının hesabatından nəticə çıxarmaq istəmir.
Bob Ray bəyanatı səsləndirəndən sonra Böyük Britaniyanın xarici işlər naziri Ceyms Kleverli “Tvitter” şəbəkəsində yazıb ki, 6 qitəni əhatə edən 50 ölkənin birgə bəyanatı Çində uyğurlara və digər müsəlman azlıqlara münasibətdən narahat olan ölkələrin sayının artdığını, məsələnin beynəlxalq səviyyədə getdikcə daha geniş miqyas aldığını göstərir.
Sincan Uyğur Muxtar Rayonu Çinin şimal-qərbində yerləşir. Müxtəlif beynəlxalq qurumların hesabatlarına əsasən, Çində milyonlarla uyğur məcburi əməyə, işgəncəyə və cinsi zorakılığa məruz qalır, hökumət uyğurların kökünü kəsmək üçün qadınların uşaq dünyaya gətirməsinə də maneələr törədir.
ABŞ hökuməti, Kanada, Böyük Britaniya, Niderland, Belçika, Fransa, Litva, Çexiya və İrlandiya parlamentləri Çin hökumətinin uyğurlara qarşı hərəkətlərini soyqırımı və ya soyqırımına cəhd kimi qiymətləndirib.скачать dle 12.1