Bia.Az

“Mərkəzi Hospitalın rəhbərliyi ağır yaralı oğlumu xəstəxanadan çıxarıb” – Qazi anası

Sosial
 8-12-2020, 14:46     76

Təəssüf ki, müharibə bitdikdən sonra yaralı əsgərlərimizə qarşı tibb müəssisələrində göstərilən biganəliklərlə bağlı şikayətlər günbəgün çoxalır. Bununla əlaqədar sosial şəbəkə səhifələrində də tez-tez xoşagəlməz və narahatçılıq doğuran səhnələrlə qarşılaşırıq.

Belə şikayətlərdən biri də Yevlax şəhəri, İnşaatçılar küçəsi, ev 7-də qeydiyyatda olan və Bakı ş., Nərimanov rayonu, Əliyar Əliyev küç.ev 19/3, mən., 42-də yaşayan qazi əsgər anası Kərimova Aygün Rafiq qızı tərəfindən ölkə başçısına və digər müvafiq orqanların rəhbərlərinə ünvanlanıb.

Bir nüsxəsi də “AzPolitika.info”-ya göndərilən məktubda deyilir ki, Vətən Müharibəsində ağır yaralanmış əsgər Məmmədov Amil Habil oğlu birinci əməliyyatdan sonra ciddi müalicə kursu keçməyə, daha sonra ikinci əməliyyata ehtiyacı olduğu halda, Müdafiə Nazirliyinin Mərkəzi Hospitalından çıxarılıb. Ağır vəziyyətdə olmasına baxmayaraq, evdə köməksiz və imkansız şəraitdə qalmağa məhkum edilib: “Oğlum Məmmədov Amil Habil oğlu hərbi xidmətini yerinə yetirərkən sentyabrın 28-dən Füzuli istiqamətində döyüş zonasına göndərilib. Oktyabrın 7-də 1-ci dəfə yaralanıb. 10 gündən sonra onu sağaldıb yenidən cəbhəyə göndəriblər. Lakin noyabrın 3-də Şuşa istiqamətində gedən döyüşlər zamanı ağır yaralanıb, bütün bədəninə çoxsaylı qəlpələr dolub. 10 gün Yevlax Hospitalında yatdıqdan sonra Bakıdakı MN-in Mərkəzi Klinik Hospitalına gətirilib. Birinci əməliyyat zamanı bədənindəki qəlpələrin bir hissəsi çıxarılıb. Hazırda hər iki ayağı gipsə qoyulduğundan yataq xəstəsidir. Hər iki ciyərində qalan digər qəlpələrin çıxarılması üçün həkimlər 2-ci əməliyyat qabağı ciddi rejimli müalicə təyin ediblər. Lakin Mərkəzi Hospitalın rəhbərliyi ağır yaralı oğlumu evdə müalicə olunması üçün xəstəxanadan çıxarıb.”

Hazırda Nərimanov rayonunda uçuq-salxaq, şəraiti olmayan evdə yaşadıqlarını deyən qazi anası, xadimə işlədiyini və oğlunun müalicəsi üçün maddi imkanının olmadığını yazır: “Oğlumun müalicəsi üçün dərmanları almağa pulum olmasa da, insaflı qonşularımın yardımı ilə gündəlik yemək üçün pendir, çörək ala bilirəm. Lakin oğlum hələ çarpayıda belə oturmağa çətinlik çəkir. Özüm 1 aya yaxındır ki, işə də gedə bilmirəm. Mənim ailəmdə bir oğlumdan başqa kimsəm yoxdur. Mən onu uşaqlıqdan atasız, min bir əziyyətlə böyütmüşəm. İndi Amil Mərkəzi Hospitaldan müalicəsi yarımçıq qovulduqdan sonra çıxılmaz vəziyyətə düşmüşəm. Evdə də satmağa dəyəri olan bir əşyamız yoxdur.”
Sonda Ali Baş Komandana müraciət edən qazi anası oğlunun sağlamlığının bərpasına kömək etməsini xahiş edir: “Sizdən çox xahiş edirəm, 2 dəfə ağır yaralanmış oğlumun müalicəsi və ayağa qalxa bilməsi üçün Səhiyyə nazirinə, TƏBİB rəhbərinə göstəriş verəsiniz ki, sabah mən qazi anası olaraq oğluma dərman almaq üçün qapı-qapı düşüb dilənçilik etməyim.”скачать dle 12.1