Bia.Az

Saleh Rüstəmov çağırışları

Siyasət
 13-12-2021, 11:46     223

Tibb elmləri doktoru Adil Qeybulla aclıq aksiyası keçirən məhbus Saleh Rüstəmovun durumunun çox ağır olduğunu bildirir.

 “Turan”ın məlumatına görə, dekabrın 12-də açıqlama yayan həkim qeyd edir ki, Saleh Rüstəmova venadaxili infuziya şəklində parenteral, yəni həzm sisteminin iştirakını istisna edən qida verilməsinə başlanıb: “Amma alimentar (normal) qidanı heç nə əvəz edə bilməz. Yaş, əlavə xəstəliklər, stress fonunda həyata keçirilən parenteral dəstək müvəqqəti xarakter daşıyır. İstənilən an ölümcül ağırlaşmalar yarana bilər.

Su qəbulu ilə müşayiət olunan uzunmüddətli aclıq zamanı qidalandırıcı maddələrin çatışmazlığı ilk növbədə orqanizmdə yığılmış piy resurslarının sərfi ilə kompensasiya edilir. Piy toxuması zülalların və enerji materiallarının sintezinə səfərbər olunur, orqanizm arıqlayır. Bu proses ardıcıl olaraq getdikdə həyati əhəmiyyətə malik orqanlarda, o cümlədən baş beyində, ürəkdə, qaraciyərdə, böyrəklərdə distrofiya prosesləri, bərpa olunmaz proseslər baş verir.
Aclıq təkcə bədən dəyişikliklərinə səbəb olmur, həm də insanın psixikasına və davranışına ciddi təsir göstərir. Yaddaş və koqnitiv (psixi) funksiyalar zəifləyir, hallüsinasiya və apatiya baş verə bilər. Ölüm orqanizmin həyati əhəmiyyətə malik funksiyaları təmin edə bilmədikdə baş verir”.
Saleh Rüstəmovun koronavirus keçirdiyini vurğulayan Adil Qeybulla onun immun sisteminin zəiflədiyini, aclığın hər an ölümlə nəticələnə biləcəyini qeyd edir.
1992-1993-cü illərdə – Azərbaycan Xalq Cəbhəsinin hakimiyyəti vaxtı Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı postunu tutmuş Saleh Rüstəmov noyabrın 6-dan aclıq aksiyası keçirir. O, həbsdə qanunsuz saxlandığını deyir, azadlığa buraxılmasını istəyir. Noyabrın 8-də məhbus Bakıdakı 13 saylı Cəzaçəkmə Müəssisəsindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.
Saleh Rüstəmov Birinci Qarabağ müharibəsinin veteranıdır. 1992-ci ildə Gədəbəyin Başkənd kəndinin erməni işğalından azad edilməsi əməliyyatının rəhbərlərindən olub.скачать dle 12.1