Bia.Az

“MƏĞLUBİYYƏTİ ERMƏNİ CƏMİYYƏTİNƏ HƏZM ETDİRİR” - Paşinyanın çıxışındakı 4 əsas məqam

Siyasət
 21-01-2021, 14:40     250

Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 20-də parlamentdə etdiyi çıxışında və müxalifətdən olan deputatların suallarına cavablarında bır sıra məqamlara toxunub. Onun dediklərini şərh edən politoloq Elxan Şahinoğlu bir neçə önəmli məqama diqqət çəkib:

"Birincisi, Paşinyan dedi ki, o müxalifətlə erkən parlament seçkisinin tarixini müzakirə etməyə hazırdır. Paşinyan müxalifətə səslənərək bildirdi ki, “məni istəmirsinizsə seçki keçirək ən layiqlini baş nazir seçək”.

Paşinyan seçki tezisi ilə müxalifəti çətin vəziyyətə sürükləyib. Müharibədə məğlub olan Paşinyan bir müddət müxalifətin təzyiqi ilə üzləşdi, indi isə əks-hücuma keçib.

Müxalifət seçki istəmir. Səbəbi sadədir. Müxalifət seçki nəticəsində hökuməti formalaşdırmaq üçün kifayət qədər səs toplamayacağını proqnozlaşdırır. Ona görə də Paşinyan müxalifətə zəif damarından basır.

İkincisi, Paşinyan Dağlıq Qarabağ mövzusunda dedi ki, Minsk Qrupu çərçivəsində status danışıqlarına başlanılmasının tərəfdarıdır. Paşinyan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da onun kimi düşündüyünü bildirdi.

Üçüncüsü, Paşinyan yenidən əsirlər mövzusunda toxunaraq bildirdi ki, bu mövzunun daima gündəmdə olmasının Ermənistanın maraqlarına ziddir. Yəni Paşinyan demək istədi ki, əsirləri qaytarmağa çalışsa da, bu alınmır və bu mövzunun daima müzakirə olunması Ermənistana əlavə problemlər yaradır. Başqa sözlə Paşinyan ona işarə etdi ki, əsirlər mövzusu erməni cəmiyyətini parşalayır.

Dördüncüsü, Paşinyan dedi ki, Dağlıq Qarabağda rusiyalı sülhməramlıların varlığını müsbət qiymətləndirir".



E. Şahinoğlu burada Paşinyandan sitat gətirib: “Təhlükəsizlik sahəsində Ermənistanla Arsax (Qarabağ) arasında dəyişən bir şey yoxdur. Digər tərəfdən rusiyalı hərbçilərin Dağlıq Qarabağda olmaları Arsax üçün əlavə təhlükəsizlik amilidir”.

Ekspertin sözlərinə görə, baş nazirin çıxışından o nəticəyə gəlmək mümkündür ki, zaman geçdikcə Paşinyan erməni ictimaiyyəti qarşısında məğlub sindromundan qurtulmağa və fəallığını artırmağa çalışır.

"Paşinyan parlamentdə müxalifətin istənilən sualını cavablandıra biləcəyini göstərir. Əslində isə Paşinyan faktiki məğlubiyyəti erməni cəmiyyətinə həzm etdirməklə məşğuldur. Bizə də elə bu lazımdır"-deyə Şahinoğlu vurğulayıb.

BİA.AZ
скачать dle 12.1