Ukrayna Rusiyaya qalib gələ bilərdi – 1994-cü ildəki tarixi səhv…

“Qərb Ukraynaya nüvə silahı versə, Prezident Volodimir Zelenskinin ondan istifadə edəcəyini elan etməsi mümkündür”.
Bu sözləri Globalinfo.az-a politoloq Məhəmməd Əsadullazadə Rusiya Prezidenti Vladimir Putinin ölkəsinin nüvə doktrinasında dəyişiklik edərək, nüvə silahı işlədə biləcəyini bəyan etməsi haqda deyib.
O bildirib ki, Kreml Ukraynanın Qərbin verdiyi silahlarla Rusiyanın dərinliklərinə zərbə endirməyindən çəkinir:
“Çünki bu, Rusiya daxilində ciddi narazılıq və etirazlara gətirib çıxara bilər.
Putinin bu qərarı Rusiyanın adi silahlarla döyüşə bilmədiyini və ordusunun Ukrayna qarşısında zəif olduğunu göstərir. Təbii ki, Rusiya Ukrayna qoşunlarına nüvə silahı tətbiq edə bilməz. Vaşinqton Ukraynaya verdiyi silahlarla Rusiyanın ərazisinə zərbə endirməsinə icazə verə bilər. Putin nüvə təhdidi ilə Qərbi şantaj edir. Qərb liderləri Putinin nüvə şantajından çəkinərsə, Ukrayna və Şərqi Avropa Moskvanın nəzarətinə keçə bilər. Demək olar ki, Rusiya və Ukrayna müharibəsində yeni bir mərhələ başlayır”.
Politoloq Elxan Şahinoğlu isə deyib ki, SSRİ dağılandan sonra Ukrayna nüvə silahlarını Rusiyaya təhvil verməsəydi, bu gün Kiyev də Kreml kimi nüvə doktrinasını dəyişib “mənim ərazimə mərmi və raket atanları nüvə silahı ilə vuracam” qərarını elan edərdi:
“1994-cü il Budapeşt memorandumuna görə, Ukrayna SSRİ-dən qalma nüvə silahlarını Rusiyaya ötürdü. Kreml bunun qarşılığında Ukraynaya qarşı ərazi iddiası irəli sürməyəcəyi öhdəliyi götürdü. Görünür, Kiyev elə o vaxtdan, yəni Kremllə münasibətlərinin normal olduğu dövrdən Rusiyanın gələcək siyasətindən şübhəli idi. Budapeşt memorandumunun təminatçı dövlətlərindən biri Amerika Birləşmiş Ştatları idi. Rusiya 2014-cü ildə Krımı ilhaq edəndə və 2022-ci ildə Ukraynaya qarşı müharibəyə başladıqda nə imzaladığı Budapeşt memorandumunu nəzərə aldı, nə də Vaşinqton təminatçı dövlət olaraq Kremli dayandıra bildi. Bu gün bunun acısını Ukrayna çəkir”.
Turan Rzayev
Globalinfo.az