Azərbaycanın Qərblə münasibətlərində ciddi problem – suyu bulandıran əsas ölkə budur

Son günlər Rusiyanın yenidən aktivləşməsinin şahidi oluruq. Belə ki, rəsmi Moskva Azərbaycan Ermənistan danışıqlarında vasitəçiliyi üstlənmək istəyir.
Kremlin prosesə müdaxiləsinin neqativ nəticələrinin olacağını iddia edənlər var.
Rusiyanın prosesə müdaxiləsi mümkündürmü? Sülh Rusiyanın vasitəçiliyi ilə əldə edilə bilərmi? Bakı ABŞ-Rusiya balansı ilə sülhə nail olmaq istəyir?
Mövzunu Globalinfo.az-a şərh edən politoloq Fərid Şəfiyev Azərbaycanın hərbi cəhətdən strateji hədəflərinə nail olduğunu qeyd edib.
Politoloqun sözlərinə görə, bundan sonra sülh sazişinin imzalanması Ermənistana daha çox lazımdır, nəinki Azərbaycana:
“Bizim üçün fundamental məsələ Ermənistanın konstitusiyasının dəyişməsidir. Görünən də odur ki, bu və ya digər formada Ermənistan rəhbərliyi bunu həyata keçirmək istəyir. Ola bilsin, gələn il məsələyə qayıdacaqlar. Nikol Paşinyan bu günlərdə Ermənistanın müstəqilliyi ilə bağlı çıxış edərkən təkrar olaraq konstitusiyanın dəyişməli olduğunu bəyan edib. Burada Rusiyanın neqativ cəhətdən müdaxiləsini görmürəm.
Fərid Şəfiyev
Bundan öncə bəli, biz görürdük ki, Moskva məsələnin təxirə salınmasını istəyir. Lakin məsələ artıq bitib. Azərbaycan tərəfindən balanslı siyasət davam etdirilir. Hər halda davam olunmalıdır da”.
F.Şəfiyevin fikrincə, görünən odur ki, ABŞ-da bu ilin noyabr ayında keçiriləcək prezident seçkiləri geosiyasi baxımdan bir çox məsələni həll etmiş olacaq:
“Son zamanlar Azərbaycanın ətrafında müxtəlif söz-söhbətlər var ki, biz BRİKS-ə qoşuluruq, Asiya ölkələri ilə əlaqələrimiz genişlənir. Amma əgər Qərb əlaqələri inkişaf etdirmək istəsə, Azərbaycan hazırdır. Şəxsən mən balanslı siyasətin və Qərblə əlaqələrin genişlənməsinin tərəfdarıyam. Lakin burada problem ondan ibarətdir ki, Fransa daxil bəzi Qərb ölkələri buna mane olurlar. Məsələn, bizim Avropa İttifaqı (Aİ) ilə əlaqələrimiz ittifaqa üzv olan bəzi dövlətlərin ümumi mövqeyindən asılıdır. Həmin mövqeyə isə Fransa kimi ölkə neqativ təsir edir”.
Politoloq Rusiyanın sülh sazişi ilə bağlı hər hansı aktiv rolunu görmədiyini vurğulayıb:
“Sənəd üzərində işlər davam etdirilir. Dəfələrlə Ermənistana təklif də etmişik ki, biz hər hansı bir vasitəçi olmadan bu işi davam etdirməyə hazırıq. Elə də edirik. Düzdür, müxtəlif yerlərdə görüşürük, amma hazırda vasitəçi yoxdur. ABŞ sülh sazişinin imzalanmasının tərəfdarıdır. Orada da prosesə Konqres tərəfindən neqativ müdaxilələr var. Bunları nəzərə almaq lazımdır. Neqativ müdaxilə isə həm şimal, həm qərb, həm də cənub tərəfindən oluna bilər. Sual yaranır, Ermənistan özü müstəqil qərar qəbul edəcəkmi?! Nəhayət, bu coğrafiyada sülh şəraitində yaşamaq, qonşu ölkələrlə əməkdaşlıq etmək istəyəcəkmi?”