Bia.Az

Dumanda gizlənən müəmma və kritik 50 gün: - elə gizlinlər ortaya çıxacaq ki...

Siyasət
 22-05-2024, 14:40     280

İran Prezidenti İbrahim Rəisinin, ölkənin xarici işlər naziri Hüseyn Abdullahianın və digər rəsmilərin həlak olduğu helikopter qəzası barədə dünya mediasında bir çox mülahizələr, versiyalar səsləndirilir. Son məlumata görə, rəsmi Tehran hadisəni texniki nasazlıq kimi dəyərləndirib. Ekspertlərin mütləq əksəriyyəti hesab edir ki, Prezidentin uçduğu helikopter çox köhnə, az qala, istismara yararsız olub, pis hava şəraiti də qəzanın baş verməsini şərtləndirib.

İran tərəfinin ilkin versiyası da pis hava şəraiti səbəbindən Rəisinin helikopterinin sərt eniş nəticəsində qəzaya uğradığıdır. Bəzi analitiklər bu hadisə ilə bağlı daxili siyasi savaş nəticəsində təşkil oluna biləcək sui-qəsd ehtimalını irəli sürürlər.

Lakin İrandakı bəzi rəsmi və qeyri-rəsmi dairələr “xarici qüvvələrin sui-qəsdi” versiyasından danışırlar. Məsələn, İranın sabiq xarici işlər naziri Cavad Zərif açıqlamasında, dolayısı ilə ABŞ-ı ittiham edib. Zərifin dediklərindən belə qənaətə gəlmək olar ki, ABŞ İrana sanksiyalar tətbiq etməsəydi, Prezident Rəisi müasir helikopterlə uçardı, qəza da baş verməzdi.

İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə “xarici qüvvə” amilini irəli sürür və “qisas” vədi verir. SEPAH-a yaxın “Telegram” kanallarında “xarici qüvvələr” hədələnir. Ünvan görtəsilməsə də, Korpusun İranın düşmən bildiyi ölkələri nəzərdə tutduğu ehtimal edilir.

Qeyd edək ki, Rəisinin helikopteri mayın 19-u günorta saatlarında İran Prezidenti ilə Azərbaycan Prezidenti İlham Əliyev arasındakı görüşdən sonra Şərqi Azərbaycan əyalətinə sərt eniş edərək yerə düşüb. İlkin məlumata görə, helikopter qatı duman və elektron nasazlıq səbəbindən idarəetməni itirib, dağın yamacına düşüb və alovlanıb.

Qəza ilə bağlı ehtimallar, verilən bəyanatlar və versiyalar barədə AYNA-nın suallarını cavablandıran “Şərq-Qərb” Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu deyib ki, hadisə səbəbindən Cavad Zərif kimi bəzi şəxslərin ABŞ-ı, İsraili, digər xarici qüvvələri ittiham etməsi adətkarlıqdandır:

- Xarici amillərdən danışmaqdansa, öz ölkələrini qınamırlar ki, niyə 45 ilin helikopterindən istifadə edilir. Yeri gəlmişkən, həmin helikopter ABŞ istehsalıdır və həmin helikopterlər hərbi təyinatlı olub. Amma həmin helikopterlər modernizasiya olunub, funksiyalarında dəyişiklik edilib və mülki istifadə üçün də bir partiya istehsal edilib. Bu helikopterlər 1990-cı il istehsalı ola bilməz, ən yaxşı halda 1979-cu il istehsalı ola bilər. Məhz İslam İnqilabından, ABŞ səfirliyinin girov götürülməsindən sonra İran dövlətinə sanksiyalar tətbiq olunub. Bundan sonra İran ABŞ-dan helikopter ala bilməzdi.

İkincisi, İrana nə mane olurdu ki, Rusiyadan helikopter almırdı? Prezidentin helikopterini müşayiət edən digər iki helikopter Rusiya istehsalı olan Mİ-8 olub. Bu helikopterlərdən dünyanın bütün ölkələrində, hətta NATO ölkələrində də var. Hesab edirəm ki, bu iddialar artıq məsuliyyəti başqalarının üzərinə atmaq cəhdirdir.

Üçüncüsü, qəza ilə bağlı çox qəribə məqamlar var. Məsələn, biri odur ki, İranın Prezidenti, XİN başçısı, yəni, ölkənin birinci, ikinci şəxsləri bir helikopterdə uçur və onları müşayiət edən iki helikopter gəlir Təbrizdə rahat eniş edir. Axı, bu helikopterlərin vəzifəsi Prezidentin helikopterini müşayiət etmək idi. Sual olunur: bəs niyə sonadək müşayiət etməyiblər?! Həmçinin analizlər nəticəsində ortaya başqa bir sual çıxır: niyə pis hava şəraitində uçuşa icazə verilib? Prezidentin mühafizəsinə məsul olan xidmət heç bir halda pis hava şəraitində həmin marşrut üzrə uçmağa icazə verməməli idi. Bu suallara İran dövləti və rəsmiləri, qeyri-rəsmiləri cavab tapmalıdırlar. Başqalarını ittiham etmək lazım deyil.

- Niyə məhz xarici müdaxilə versiyasına üstünlük verirlər?

- Bu, İranın ənənəvi siyasətidir. İran xarici siyasətinin müəyyən paradiqmaları var. Bu paradiqmalardan biri də “xarici düşmən” paradiqmasıdır ki, burada da sistem hazırdır - böyük düşmən ABŞ, kiçik düşmən İsraildir. Bir də bu dövlətlərin “aləti” rolunu oynayan dövlətlərdir. Artıq SEPAH-a bağlı bəzi “Telegram” kanallarında “sionist xidmətində olan Azərbaycan” adı da qeyd olunur, ittihamlar səsləndirilir.

Sual olunur: axı Azərbaycan İrana nə edib? Azərbaycan region ölkəsi olaraq İrana təklif etdi ki, gəlin müqavilə bağlayaq, iş quraq, normal fəaliyyət göstərək. Sağ olun, təklifi qəbul etdiniz, prezidentlər görüşdülər, razılaşdılar. İndi İran Prezidenti qayıdanda helikopteri qəzaya uğrayıbsa, bunda Azərbaycanın nə günahı var? Prezidentlərin görüşündə də müsbət mesajlar, yaxşı qonşuluq, dostluq haqqında mesajlar verildi. Bu qəza baş veribsə, Azərbaycanı buna görə ittiham etmək gülüncdür. Məncə, Tehrandan absurd iddialar irəli sürülməsindənsə, qəzanın həqiqi səbəbləri barədə düşünmək lazımdır.

- Sizin versiyanız nədir: bu, həqiqətən də qəzadır, yoxsa sui-qəsd? Çünki belə mülahizələr də var ki, bu hadisə İran daxili siyasi gərginliyinin nəticəsidir...

- Mən peşəkar ekspert olaraq, rəsmi versiyaya istinad etməyi üstün tuturam. Bu hadisədə daxili səbəblər varsa, amma İrandakılar xarici səbəblərdən danışırlarsa, o zaman bu, biabırçılıqdır. İran öz Prezidentini qoruya bilmirsə, nə demək olar?! Gedib dünyanı qarışdırırlar, amma öz ölkələrinin rəhbərlərini, generallarını, alimlərini qoruya bilmirlər. Mən daxili siyasi intiriqalardan doğan qəza versiyasını bir kənara qoyuram. Əgər doğrudan da daxili sui-qəsd elementi varsa, daxili xəyanət elementi varsa, bu, mütləq sonradan üzə çıxacaq. Çünki Konstitusiyaya görə İranda 50 gündən sonra yeni prezident seçkiləri keçirilməlidir.

Burada da iki siyasi güc mərkəzi var: SEPAH-a bağlı ifrat mühafizəkar qanad və özünü mötədil adlandıran qüvvələr. Əslində bunlar eyni ideyalı qüvvələrdir, sadəcə iki qrup halındadırlar. Mötədillər seçkilərdə ifrat mühafizəkarların səslərini almaq uğrunda mübarizə aparacaqlar. Bu zaman isə Rəisinin ölümünə səbəb olan qəza barədə ittihamlar başlayacaq. Təbii ki, rəsmi səviyyədə, prezidentliyə namizədin dili ilə yox. Amma namizədi dəstəkləyən qrupların dili ilə qarşılıqlı ittihamlar irəli sürüləcək. O zaman biz həqiqətləri eşidəcəyik. Bu gün isə rəsmi versiyaya üstünlük verilməlidir.

Rəsmi versiya da budur ki, qəza baş verib və səbəb də məsuliyyətsizlikdir. Prezidenti 45 ilin helikopterinə mindirirlərsə, başa düşməlidirlər ki, hər şey ola bilər. Yaxud da, mühafizə öz işini görmürsə, dumanlı hava şəraitində dağlıq əraziyə 45 ilin helikopteri ilə Prezident aparırlarsa, qəbul etməlidirlər ki, qəzanın olması normaldır. Bütün hallarda isə seçki ərəfəsində - 50 gündə çox şey açılacaq. Bu hadisədə daxili, yaxud xarici faktor varsa, bunlar seçki ərəfəsində, seçki mübarizəsi zamanı ortaya çıxacaq.

- Başqa bir məqam, SEPAH-ın “intiqam” vədidir. Maraqlıdır, dedikləri intiqamı kimdən və hansı formada almaq niyyətindədirlər?

- SEPAH “intiqam” ünvanını göstərməyib, anonim açıqlamadır. SEPAH-a bağlılığı ilə bilinən “Telegram” kanallarında Azərbaycanın da adı çəkilir. Hər halda, “qisaslarının” nədən ibarət olacağını qarşıdakı günlərdə biləcəyik. Dəqiq kimdən və nə üçün “intiqam” alacaqlarını açıqlamadıqlarına görə, nəyi nəzərdə tutduqlarını bilmirik. Bəlkə də, “xarici qüvvə” amilini gücləndirəcəklər və SEPAH-ın da nəzərdə tutduğu bu qüvvələrdir.

- Belə ehtimallar da irəli sürülür ki, növbəti prezident seçkilərindən sonra İran siyasətində dəyişiklik olacaq...

- Bəli, iddia var ki, İran indiki xarici siyasət doktrinasından imtina edəcək, proksi qüvvələrindən imtina edəcək və s. Amma bu, belə olmayacaq, İran heç vaxt bunu etməyəcək. Çünki hakimiyyətə istənilən halda radikallar gələcək. Hakimiyyət uğrunda mübarizə sərt gedəcək, ona görə ki, bu, birinci post uğrunda olacaq. Söhbət 85 yaşlı Ali Dini Lider Seyid Əli Xameneyinin postundan gedir. Bu amillər İranda normal düşüncəli, İranı normal siyasət müstəvisinə qaytara biləcək şəxslərin nəinki prezident seçkilərində qalib gəlməsini, ümumiyyətlə, seçkilərdə iştirakını istisna edir. İran proksilərindən imtina edərsə, bu, ölkənin sonu ola bilər. Çünki İran bütün xarici siyasət doktrinasını proksi yaratmaq üzərində qurub. Bu gün İranın azı 8 ölkədə silahlı, xüsusi təlim keçmiş, maliyyələşdirilən proksi qrupları var. Bu doktrinanın mahiyyəti təhlükəni özündən uzaqlaşdırmaqdır. Yəni İrana çatanacan rəqiblər həmin proksilərlə üz-üzə gəlməlidir. Bu doktrinadan İran imtina edərsə, dövlət mövcudiyyətini itirəcək.
скачать dle 12.1