Bia.Az

“RƏİSİNİN SƏFƏRİ FACİƏYƏ SƏBƏB OLA BİLƏCƏK BİR ŞƏKİLDƏ PLANLANIB” - “İranın min oyunu bir Azərbaycan məsələsinə bağlıdır”

Siyasət
 22-05-2024, 13:12     270

Türkiyənin Çağ universitetinin professoru Xaləddin İbrahimli “AzPolitika.info”ya müsahibəsində İran Prezidenti İbrahim Rəsinin, xarici işlər naziri və digər rəsmi şəxslərin həlak olması ilə nəticələnən helikopter faciəsinin bu ölkənin daxili vəziyyətinə, eləcə də xarici siyasətinə mümkün təsirlərini şərh edib.

Müsahibəni təqdim edirik:

-Professor, mayın 19-da İran Prezidenti İbrahim Rəisi, Xarici İşlər naziri Əmir Abdullahiyan və onları müşaiyət edən heyət helikopter qəzasında həlak oldu. Hadisənin pis hava şəraitinə görə baş verən qəza, yaxud planlaşdırılmış sui-qəs olduğu ilə bağlı qızğın müzakirələr gedir. Siz bu barədə nə düşünürsünüz?

- Bu hadisənin qəza kimi görünməsi üçün çoxsaylı mülahizələr yürütmək olar və yürüdülür də. Məsələ burasındaddır ki, çagdaş dünyamızda dövlət başçsının başqa ölkəyə səfəri və geri dönüşü sıfırdan başlayaraq protokollaşdırılır: nə vaxt, harada, nə ilə, kiminlə gedəcək, nə yeyib-içəcək və s. Bu səfər başdan-ayağa yanlış planlanıb. İbrahim Rəisi məraismə niyə köhnə helikopterlə gedirdi, niyə orada 9 adam olub, niyə xarici işlər naziri də prezidentlə bərabər olub, niyə dumanlı hava şəraiti ilə bağlı mərkəzdən xəbərdarlıq edilməyib? Bu sualların cavabı Rəisinin səfərinin başlanğıcdan faciəyə səbəb ola biləcək bir şəkildə planlandığını və ustalıqla qəza alqısının yaradıldığı fikrini formalaşdırır.

- Sui-qəsddirsə, sifarişçi kimdir və onu zəruri edən səbəblər nədən ibarətdir?

- Mənim fikrimcə, hadisədə xarici güclərin əlinin olması ehtimalı sıfıra bərabərdir. Sui-qəsddirsə, içəridəki qüvvələrin işidir və yaxın günlərdəki siyasi gəlişmələr bunu göstərəcək. Amma İran yönətimi gerçəkliyi heç vaxt söyləməyəcək, öz “gerçəkliklərinin” əks etdirən bir versiya ortaya qoyacaqlar. İran belə bir dövlətdir, danışdıqları çox zaman gerçəkliyin gizlədilməsinə xidmət edib.

- Bu hadisə İrandaxili proseslərə necə təsir edəcək? Yeni perezident seçilənə qədər ölkədə ayaqlanmalar ola bilərmi?

- Heç nə olmayacaq. İranda totalitar bir rejim var, hakimi mütləq Ali Dini Şuranın başçısıdır. Rəisinin ölüm xəbəri hələ təsdiqlənməmiş başçı dedi ki, faciə İrana təsir etməyəcək. Bu, “hər şey mənim kontrolumdadır” demək idi.

- İranın xarici siyasətində, xüsusən Türkiyə, Rusiya və Azərbaycana münasibətdə hansı dəyişiklilər ola bilər?

- Heç nə dəyişməyəcək. İranın xarici siyasəti hər zaman geopolitik mövqeyinə və Azərbaycan məsələsinə indeksləşdirilir. Tehran yönətimi geopolitik mövqedən ABŞ, Çin, Rusya, Türkiyə, son zamanlar da Avropa Birliyi və Hindistan arasında bazarlıq aləti kimi istifadə edir. Şah rejimindən fərqli olaraq indiki rejim bu amildən ustalıqla yararlanır.

Digər bir məsələ Azərbaycan məsələsidir. Təsəvvür edin ki, Güney Azərbaycan müstəqil dövlət oldu. Bu zaman İranın yerdə qalanını xəyal edin: təxminən Özbəkistan böyüklükdə bir dövlətə çevrilir və dünya siyasətinə təsiri də Özbəkistanın təsiri qədər olur. İranın min oyunu bir Azərbaycan məsələsinə bağlıdır və bu ana məsələ xarici siyasətin bütün vektorlarına təsir edir. Ona görə də Rusiya, Çin, ABŞ, Orta Dogu, Qafqaz, Türkiyə, eləcə də dünyanın digər bölgələrinə yönəlik siyasətlərin hər şeydən öncə Azərbaycan mövzusuna necə təsir edəcəyini düşünür, hesablayır. Bu baxımdan, İranın xarici siyasətinin fəlsəfəsi dəyişə bilməz, sadəcə idarəetmədə xırda-para dəyişmə ola bilər ki, bu da heç nə deməkdir.
скачать dle 12.1