Bia.Az

Qlobal Bakı Forumu - dünyadakı nüfuzumuzun göstəricisi

Siyasət
 19-03-2024, 10:56     368

Siyasi şərhçi: “Bu forum ölkəmizi daha yaxşı tanıtdırmağa imkan yaradıb”]

Ötən həftənin Azərbaycan üçün ən yadda qalan hadisələrindən biri 14-16 mart tarixlərində XI Qlobal Bakı Forumunun keçirilməsi oldu.  Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən forum “Parçalanmış dünyanın bərpası” mövzusunda idi.  
XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıb, 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edirdi.
Forumda COP28-in nəticələri və COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparıldı, yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulması, onun qlobal sülhə təsiri, qarşıda duran çağırışların həlli yolları müzakirə olunub. Dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulub. Eyni zamanda qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolu, regional perspektivlər, Avropa İttifaqı və onun qonşuları ilə münasibətləri, gənclər siyasəti, qlobal çağırışlara qarşı davamlılığı artırmağın yolları, qeyri-bərabərlik, təbii ehtiyatların azlığı və miqrasiya məsələləri, süni intellekt, dronlar və kibersilahlar dövründə yeni təhlükəsizlik nümunələri barədə müzakirələr aparılıb. Yekunda Bakı Bəyannaməsi qəbul edilib.
Yusif Bağırzadə Prezidentliyə namizədliyini verdi
 Yusif Bağırzadə
Siyasi şərhçi Yusif Bağırzadə “Yeni Müsavat”a şərhində bildirdi ki, paytaxtımızda belə forumun keçirilməsi dövlətimizin beynəlxalq aləmdəki nüfuzunu göstərir: "Forumun Azərbaycanda keçirilməsi göstərir ki, qlobal aləm, dünya birliyi Azərbaycana, onun çağdaş dünyamızdakı yeri və roluna mühüm əhəmiyyət verir. Forumda Prezident İlham Əliyevin çıxışı, həmin çıxış əsnasında səsləndirdiyi bəyanatlar mühüm əhəmiyyətə malikdir. Dövlətimizin başçısının dünyadakı hadisə və proseslərə yanaşma tərzi, qlobal böhran və problemlərə yanaşma forması bir daha Azərbaycanın nə qədər sülhpərvər siyasət yürütdüyünü ortaya qoydu. Ümumiyyətlə, Prezident İlham Əliyevin forumda səsləndirdiyi fikirlər, sadəcə, ölkəmiz üçün deyil, bütün region və onun gələcək inkişafı üçün yol xəritəsi hesab edilə bilər. Hesab edirəm ki, regionumuzun inkişafı və tərəqqisi üçün bütün region dövlətləri Azərbaycan Prezidentinin çağırışlarını dəstəkləməli, bu çağırışların daha geniş miqyasda reallaşmasına töhfələrini verməlidir”.
Siyasi şərhçi qeyd etdi ki, xüsusilə son illər Azərbaycanın regionda aparıcı aktora çevrilməsi, dünyada artan nüfuzu onun beynəlxalq təşkilatlarla əlaqələrində və onların fəaliyyətində fəal iştirakına gətirib çıxarıb. Artıq dünya dövlətləri Azərbaycanı etibarlı, mühüm tərəfdaş, sözü imzası qədər dəyərli olan ölkə kimi qəbul edir: “Təsadüfi deyil ki, BMT, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatı və digər nüfuzlu təşkilatlar Azərbaycanla əməkdaşlığı strateji prioritet kimi müəyyənləşdiriblər. Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə 2013-cü ildən bəri keçirilən Qlobal Bakı Forumu artıq müasir dünyamızın aktual problemlərinin müzakirə olunduğu, perspektivi müəyyən edən ideyaların yarandığı və təşəbbüslərin irəli sürüldüyü beynəlxalq diskussiya platforması statusunu alıb. Bu illər ərzində Qlobal Bakı Forumu müstəvisində aparılan müzakirələr, irəli sürülən təşəbbüslər dinlərarası dialoq, miqrasiya, multikulturalizm və inteqrasiya, enerji təhlükəsizliyi kimi məsələləri aktual saxlamağa, bu sahələrdə çətinliklərin aradan qaldırılması ilə əlaqədar qlobal əhəmiyyətə malik qərarların qəbuluna yardım göstərib. Forumlarda keçirildiyi dövrün reallıqlarına uyğun olaraq, müxtəlif məsələlər ətrafında müzakirələr aparılır. Bu baxımdan, Qlobal Bakı Forumunun Azərbaycanın dünyada nüfuzunun artmasında çox böyük əhəmiyyəti var. 
Qlobal Bakı Forumunun dünya əhəmiyyətli diskussiya platformasına çevrilməsi Azərbaycanın da beynəlxalq müstəvidə təsirini artırıb, mövqelərini möhkəmlədib və ölkəmizi dünyaya, dünyanı ölkəmizə daha yaxşı tanıtdırmağa imkan yaradıb. Prezident İlham Əliyev Qlobal Bakı Forumunun verdiyi imkanlardan milli maraqlarımızın müdafiəsi, ölkəmizin inkişafı problemlərinin həlli baxımından maksimum yararlanıb".
Ekspert vurğuladı ki, forumu əhəmiyyətli edən məsələlərdən biri də tam müstəqil bir forum olmasıdır. Bu da Azərbaycan dövlətinin tam müstəqil siyasət yürütdüyünün bariz nümunəsidir: “Qlobal Bakı Forumu heç bir halda hansısa dairələrin maraqlarına uyğun missiyanı yerinə yetirmək məqsədi güdməyib. Bu forum hər hansı bir tərəf sərgiləmədən, hər hansı bir cəbhədə yer almadan dünyanı narahat edən obyektiv məsələlərin həlli istiqamətində müzakirələrin təşkil olunmasından ibarətdir. Onu fərqləndirən ən üstün cəhət bu amildir”.скачать dle 12.1