“Sülhü biznes-ideya kimi reklam etmək lazımdır” - erməni ekspert
Dia-az.info “Yol kəsişməsi” sülhməramlı birgə layihəsinin inzibatçısı Arin Melikyanın (İrəvan) Pressklub.az-a müsahibəsini təqdim edir:
– Bakı ilə İrəvan arasında sülh prosesinin hazırkı vəziyyətini necə qiymətləndirərdiniz? Bunu qənaətbəxş hesab etmək olarmı?
– Hələ ki sülh prosesi yoxdur, ayrı-ayrı xoşməramlı jestlər var. Amma ötən ilin dekabrında iki ölkənin Xarici İşlər nazirliklərinin birgə bəyanatı və daha sonra hərbi əsirlərin dəyişdirilməsi faktı müəyyən ümidlər yaradır. Xatırladığım qədər ilk dəfəydi ki, tərəflər arasında birbaşa, vasitəçisiz danışıqlar baş tuturdu. Ən azından, bildik ki, tərəflər görüşüb, nədəsə razılaşa bilərlər. Amma hazırda hansısa sülh prosesindən danışmaq tezdir. Tərəflərin sülhə fərqli baxışı var və bir tərəfin sülh şərtləri mütləq digər tərəf üçün məqbul olmaya bilər.
Qeyd etmək vacibdir ki, mahiyyət etibarı ilə münaqişə artıq həll olunub və hazırda sövdələşmə gedir. Bakının ritorikası bir qədər yumşalıb. Təbii ki, təhdidlər var, amma Azərbaycan mediasını izləyirsinizsə, bununla paralel olaraq, Ermənistanla bağlı danışıq dili yumşalıb. Mən erməni tərəfinin ritorikasını da daha konstruktiv adlandırardım. Amma yenə xatırlatmaq istəyirəm ki, müharibə başa çatıb, sövdələşmə gedir, Bakı güclü tərəf kimi imkan daxilində sülhün ona vacib olan konfiqurasiyasını qəbul etdirməyə çalışır, bu da Ermənistanda tamamilə əsaslandırılmış qorxuya səbəb olur. Ancaq bu, başa düşüləndir, qalib tərəf həmişə öz şərtləri ilə sülh bağlamağa çalışır. Biz 30 il ərzində eyni şeyi etdik. Nəticə budur ki, siyasət uğursuz oldu. Hesab edirəm ki, Bakı İrəvanın səhvlərindən dərs çıxarmalıdır.
– Bir tərəfdən yüksək vəzifəli məmurlar sülh sazişi layihəsi ilə bağlı təklif mübadiləsi barədə mütəmadi məlumat verirlər. Digər tərəfdən, həmin məmurlar eyni müntəzəmliklə danışıqlar üzrə tərəfdaşlarını irəli getmək istəməməkdə, prosesi ləngitməkdə və ya uzatmaqda, böyük dövlətlər arasındakı xarici tərəfdaşlarının maraqlarına xidmət etməkdə ittiham edirlər. Bunlar bir-birinə necə uyğun gəlir? Biri digərinə mane olmurmu?
– Bunu 30 ildir deyirlər. Yenə də hər şey sülhə fərqli baxışımızdan irəli gəlir. İrəvana təhlükəsizlik zəmanəti lazımdır. 12 sentyabr 2022-ci il tarixindən və Bakının “sülhü zorla qəbul etdirmək” siyasətindən sonra bu qorxuların əsası var. Bir incə şeyi başa düşmək lazımdır. 2020-ci il müharibəsindən sonra Bakının hərəkətləri və ritorikası Ermənistan cəmiyyətində Azərbaycanın və ya ən azı Əliyev rejiminin Ermənistana yaratdığı ekzistensial təhlükə ilə bağlı mövcud fikirləri tam təsdiqləyir. Mən iddia etmirəm ki, Azərbaycanın həqiqətən də belə bir niyyəti var, amma önəmli olan bunu Ermənistanda necə görmələridir. Öz növbəsində Ermənistana qarşı təhdidlər erməni cəmiyyətinin müəyyən hissəsini radikallaşdırır və eşitdiyiniz radikal fikirlər Ermənistanın özündə populyar olmaya bilər, amma bundan daha önəmli olanı onların Azərbaycanda necə qarşılanmasıdır. Bu da öz növbəsində azərbaycanlılar arasında mövcud olan narrativləri təsdiqləyir.
Deyərdim ki, bu, istənilən uzunmüddətli münaqişəni müşayiət edən narrativlərin mübarizəsidir. Amma bu və ya digər şəkildə hansısa diplomatik proseslər davam edir və bizim bu proseslər zamanı konkret nədən söhbət getdiyindən xəbərimiz yoxdur… Xarici İşlər nazirliklərinin birgə bəyanatı da bu baxımdan sürpriz oldu.
– Ermənistan və Azərbaycanın bu il ərzində sülh müqaviləsi imzalaya bilməsinə ümid nə qədər böyükdür? Bunun üçün nə tələb olunduğu aydındırmı?
– Fikrimcə, yox. Sülh müqaviləsi imzalanacaq, lakin bu, uzun prosesdir. Onu bir neçə mərhələyə bölmək olar. Birinci mərhələ: sərhədlərin delimitasiyası, yerlərdə faktiki sülhü təmin edən mexanizmlərin yaradılması. İkinci mərhələ: gələcək sülh müqaviləsinin şərtləri. Tərəflər hələ danışıqların formatı ilə bağlı razılığa gələ bilmirlər: İrəvanı daha çox Qərb formatı, Bakını isə görünür, Moskva daha çox qane edir.
Sülh müqaviləsini imzalamaq üçün çox şeyə ehtiyac yoxdur: Ermənistanın təhlükəsizliyinə və suverenliyinə təminat, Azərbaycan üçün də eyni təminat.
Başa düşürəm ki, Azərbaycan cəmiyyətində də qorxu və inamsızlıq var. Bu, Ermənistandan belə görünür: Bakı gələcəkdə münaqişənin nəticələrinə yenidən baxılması cəhdlərini heçə endirmək üçün hələ uzun onilliklər öncədən Ermənistan dövlətinin belini qırmağa çalışır. Buna görə də, Ermənistana təhlükəsizlik zəmanəti lazımdır, çünki Azərbaycanın suverenliyi Ermənistanın suverenliyi hesabına təmin edilə bilməz və əksinə. Biz başa düşməliyik ki, bu, ikitərəfli prosesdir. Ermənistan artıq Azərbaycana qarşı ərazi iddialarından əl çəkib və buna görə də Azərbaycandan eyni dərəcədə konstruktivlik gözləyir. İstər iqtisadi asılılıq olsun, istərsə də eksterritorial dəhlizlər – Ermənistana qarşı onun suverenliyini azaldan istənilən əlavə tələblər Ermənistanda narahatlıq yaratmaya bilməz. Onların əslində nə olmasının əhəmiyyəti yoxdur. Ola bilsin ki, bu, sadəcə olaraq, minimumu əldə etmək məqsədilə maksimum tələb edən blefdir, amma bir daha təkrar edirəm, vəziyyətə Ermənistanın mövqeyindən baxsanız, belə ritorika narahatlıq doğurur.
– Aydındır ki, tərəflər arasında etimad problemi var. Məsələn, hələ də həm İrəvandan, həm də Bakıdan qonşu ölkənin aqressiv niyyətləri ilə bağlı ittihamlar eşidilir. Bu problemi necə həll etmək olar? Ermənistan və Azərbaycanın yekun sənədi imzalamasına əsas maneə bu deyil?
– Heç bir şəkildə. Bu, 30 illik münaqişənin tamamilə təbii nəticəsidir. Əsas odur ki, bu, danışıqlar prosesinə mane olmasın. Amma münaqişənin diplomatik aspektindən danışırıqsa, fikrimcə, əsas maneə inamsızlıqdan çox, sülhə fərqli baxışdır. Digər maneə ondan ibarətdir ki, tərəflər sülh ideyasını yaxşı təbliğ edə bilmirlər. Müharibənin yeganə alternativi olan sülhü deyil, qarşılıqlı faydalı əməkdaşlıq olan sülhü. Tərəflər harada və nəyi bir-birinə güzəştə getməyə hazırdırlar və bundan nə əldə edəcəklər? Sülhü biznes-ideya kimi reklam etmək lazımdır. Münaqişə tərəflərini sülhdə maraqlandırmaq üçün onlar bilməlidirlər ki, sülh vəziyyəti “soyuq” müharibə vəziyyətindən daha yaxşıdır. Əslində biz elə bir nöqtədəyik ki, sülh müqaviləsi imzalanmasa, heç bir tərəf heç nə itirməyəcək. Sualı belə qoymaq lazım deyil: sülh müqaviləsi imzalanmasa, biz nə itirəcəyik, əksinə, onu imzalayanda nə qazanacağıq? İnam isə daha çox zaman məsələsidir. Qarşılıqlı xoşməramlı jestlər tərəflərin bir-birinə inamını əhəmiyyətli dərəcədə gücləndirə bilər.
– Siz dekabrın 7-də Bakı və İrəvanın əsirlərin dəyişdirilməsi və Ermənistanın Ümumdünya İqlim Sammitinin (COP) Bakıda keçirilməsinə razılığı ilə bağlı birgə bəyanatı elan olunarkən tərəflərin maraqlı təşəbbüsünü qeyd etdiniz. Bu cür təcrübələrin davam etdirilməsi reallığına necə baxırsınız? Məsələn, tərəflər aşağıdakı birgə bəyanatla çıxış edə bilərdilər – Bakı və İrəvan heç bir xarici vasitəçi cəlb edilmədən yalnız ikitərəfli əsasda dinc danışıqlar prosesini davam etdirmək niyyətlərini bəyan edirlər, bütün görüşlər Ermənistan-Azərbaycan sərhədində baş tutacaq. Sizcə, buna nail olmaq mümkündürmü, indiki şərait buna imkan verirmi?
– Düzünü desəm, mən həmişə birbaşa danışıqların tərəfdarı olmuşam. Sadəcə, ona görə ki, 30 il ərzində biz birbaşa danışıqlar istisna olmaqla, bütün mümkün platformalarda bütün mümkün formatları sınamışıq. Amma son vaxtlar bu fikrə şübhə ilə yanaşıram. Yuxarıda göstərilən səbəbə görə: Bakı bu cür danışıqlarda güclü tərəf kimi İrəvana sülhün onun üçün faydalı olan konfiqurasiyasını qəbul etdirməyə çalışacaq. Hesab edirəm ki, bir tərəfin şərtləri ilə sülh uzunmüddətli ola bilməz, geosiyasi vəziyyət dəyişə bilər və dəyişəcək, 20 ildən sonra sülh müqaviləsinin şərtlərindən razı olmayan tərəf ona yenidən baxılmasını tələb edəcək. Ona görə də, fikrimcə, uzunmüddətli sülhə nail olmaq üçün güc qeyri-bərabərliyini tarazlaşdıracaq faktor lazımdır. Amma 7 dekabr bəyanatı, düzünü desəm, mənim üçün tamamilə sürpriz oldu və tərəflərin konstruktiv olacağına ümid yaratdı. Bu, əvvəldə qeyd etdiyim xoşməramlı jestlərdən biridir.