Bia.Az

400 milyonun arxasındakı haqq-hesab | Ədalət Verdiyevin yazısı

Siyasət
 8-02-2024, 17:07     188

Ermənistan hazırda tarixinin ən mürəkkəb dövrünü yaşayır. Köhnə ənənəvi müttəfiqlər nəinki Ermənistanın təhlükəsizliyinə zəmanət vermir, hətta arada İrəvanı yüngül formada tənqid, təhqir və hətta təhdid də edirlər. İrəvan son aylarda dəfələrlə Rusiyaya ödədiyi 400 milyon dolların qarşılığında silahları ala bilmədiyini və bu səbəbdən ödənişi geri tələb etdiyini bildirib. Kreml isə özünü eşitməzliyə vuraraq, 400 milyonu qaytarmaq istəmir.

Əslində Kreml bu məsələdə qismən haqlıdır. Çünki indiyə qədər Ermənistana kredit və ya yardım adı altında göndərdiyi hərbi təyinatlı məhsulların ümumi dəyəri milyardlarla ölçülür. Təkcə 1997-ci ildə Rusiya Ermənistana 1 milyard dollarlıq silah-sursat ötürdü. Onların arasında taktiki raket komlekslərinin 8 atıcı qurğusu və 24 taktiki raket də vardı.

1997-ci ildə dəyəri 1 milyard dollar olan silahların bugünkü məzənnə ilə qiyməti ən azı 3-4 dəfə bahadır. Maraqlıdır ki, bu silahlar Ermənistan ilə Rusiya arasında sonradan imzalanan “Dostluq, əməkdaşlıq və qarşılıqlı müdafiə barədə” sazişdən öncə verilmişdi.

Ondan əvvəl, 1993-1996-cı illərdə isə Kreml İrəvana 9,5 min ədəd raket və artilleriya sursatı, 72 zirehli vasitə, 600 vaqon sursat göndərmişdi. Bundan başqa, minlərlə müxtəlif təyinatlı hərbi texnika, on min tonlarla yanacaq, 16 minə qədər rabitə vasitəsi, 41 km. kabel vermişdi. 1992-1994-cü illərdə Rusiya aerodromlarından, xüsusilə də Mozdokdan İrəvana “İl-76” və “AN-12” təyyarələri ilə sursat daşınması üçün 660 reys həyata keçirilmişdi.

Rusiyanın Gürcüstan ərazisində ləğv edilmiş hərbi bazalarına məxsus silah-sursat və texnikanın hissə-hissə Ermənistana, yaxud bu ölkənin o vaxt işğal altında saxladığı Azərbaycan ərazilərinə yerləşdirilməsi də sirr deyil. 2006-cı ildə Ermənistan Rusiyadan 8 ədəd “P-17” markalı operativ-taktiki raket kompleksi və onun üçün 32 raket, həmçinin yüzlərlə minaatan almışdı.

2013-cü ildə Ermənistanda keçirilən hərbi paradda nümayiş olunan 3 “Toçka-U” operativ-taktiki raket kompleksini Rusiya vermişdi. Eyni ildə Ermənistan ordusu təlimlərdə ilk dəfə Rusiya istehsalı olan 2C7 “Pion” özüyeriyən haubitsalardan istifadə etmişdi.

2013-2014-cü illərdə İrəvan Rusiyanın “AFM Servis” şirkətindən 4 kompleks “Ptero E-5” tipli pilotsuz uçuş aparatını (PUA) almışdı. Bundan əlavə, Rusiya 2012-ci ilin avqust ayında təmənnasız olaraq 102-ci bazanın anbarından Ermənistan “BMP-2” və “BMP-3” piyada döyüş maşınları, “BTR-80” bazasında “R-149” komanda-qərargah maşını, “BTR-70” və “BTR-80”, 152 mm çaplı 2A65 “Msta-B”, 152 mm çaplı 2A36 “Giatsin-B”, 2S3M “Akasiya”, çox sayda müxtəlif çaplı artilleriya sursatları, tanklar üçün 125 mm çaplı mərmilər, bir divizion “Kub” zenit-raket kompleksi, “S-300” ZRK-lər üçün 5B55K, 5B55R və 5B55U tipli idarə olunan raketlər, aviasiya üçün idarə olunmayan “S-8” və “S5” raketləri, idarə olunan “X-25ML” və “R-60M” raketləri vermişdi.

44 günlük Vətən müharibəsində Ermənistan tərəfindən Şuşaya atılan “İsgəndər-M” raketlər də Ermənistan ordusuna 2016-cı ildə verilmişdi.

2020-ci ilin iyulunda Ermənistan-Azərbaycan sərhədində baş vermiş hərbi toqquşma zamanı Rusiyadan Ermənistana 1000 tondan artıq silah və sursat daşınıb.
2021-ci ildə Rusiyada istehsal olunan raketlərin və artilleriya sursatlarının Ermənistana verilməsi, oradan isə rus kontingentin müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə daşınması da faktdır.

Bütün bu sadalanan silah-sursat Ermənistana heç bir saziş imzalanmadan, qeyri-leqal yolla ötürülüb. Bu barədə nə istehsalçı, nə də idxalçı BMT-nin Silahlar Reyesterinə məlumat verib. Avropada adi silahlı qüvvələr haqqında müqavilə üzrə 220 tanka malik olmalı olan Ermənistan Vətən Müharibəsi zamanı bundan iki dəfə artıq tank itirdi. Lakin bu qədər silahın onlara qanunsuz verilməsi Azərbaycandan başqa heç kimi narahat etmədi. Bu barədə beynəlxalq təşkilatların hesabatlarında və ya dünya ictimaiyyətinin adından danışan ölkələrin rəhbərlərinin çıxışlarında bir kəlməyə də rast gəlinmir.

Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilənin imzalanması üçün vaxtilə dəridən-qabıqdan çıxan Fransanın indiki rəhbərliyi 30 ildir alnında “işğalçı” damğası gəzdirən Ermənistana silah ixrac etməyə hazırlaşır. İki əsrdir ki, Rusiyanın forpostu olan Ermənistan ərazisində rus bazası olmasına baxmayaraq, “sərhəd təhlukəsizliyinin monitorinqi” adı altında Fransadan və Almaniyadan kəşfiyyatçıları ölkəyə dəvət edib. Bu isə təbii ki, Ermənistanı dövlət kimi yaradan, qoruyan və saxlayan Rusiyanı dərindən narahat edir. Rusiya rəsmilərinin çıxışlarında və ya Kremlə yaxın olan KİV-lərdə Ermənistan hakimiyyəti sərt tənqid olunur.

Ermənistanın baş naziri Nikol Paşinyan isə Rusiyadan yardım və ya kredit hesabına əldə edilən silahların geniş siyahısını görmək istəmir. Onun tək istədiyi Rusiyadan 400 milyonu alıb, yeni “adaxlısına” ötüməkdir. Bu rolu üzərinə götürən Makron Ermənistanı Azərbaycana qarşı silahlandırmağa çalışır. Fransanın Ermənistanın təhlükəsizliyinə zəmanət verməsinin mümkün olmayacağı barədə yazmışam, odur ki, bu mövzuya təkrar toxunmayacam.

Son illərdə baş verən məğlubiyyətlərin fonunda Nikol Paşinyanın Qərb vektorunu seçməsi İrəvana böyük problemlər vəd edir. Ermənistanın əsas problemi ondan ibarətdir ki, can atdığı Qərb və dua etdiyi Astvas uzaq, imtina etdiyi Rusiyaya isə yaxındır...

Ədalət Verdiyev
Xüsusi olaraq AzVision.az üçünскачать dle 12.1