Bia.Az

“Yaxın zamanda yenə hansısa məmurun tutulmasının şahidi olacağıq”

Siyasət
 20-07-2020, 18:20     369

Məlum olduğu kimi, Ermənistan iyul ayının 12-də günorta saatlarından başlayaraq Tovuz rayonu ərazisində atəşkəs rejimini kobud şəkildə pozub. İşğalçı ölkə artilleriya qurğularından istifadə edilərək mövqelərimiz atəşə tutub. Məhz bu səbəblə bir müddətdir ki, cəbhə xəttində gərginlik hökm sürür. Mübarizədə general və polkovnik daxil olmaqla 12 şəhid vermişik. Lakin Azərbaycan Ordusu da düşmənə cavab olaraq artilleriya, minaatan və tankların tətbiqi ilə gedən döyüşlərdə düşmənin dayaq məntəqəsini, artilleriya qurğularını, avtomobil texnikasını və xeyli sayda canlı qüvvəsini məhv edib.

Maraqlıdır, baş verən proseslər bir müddət əvvəl ölkədə rüşvətxor və korrupsioner məmurlara qarşı aparılan həbslərin arxa plana keçməsinə səbəb ola bilər?


Məsələ ilə bağlı Yenisabah.az-a açıqlama verən Milli Təhülkəsizlik Nazirliyinin keçmiş şöbə rəisi, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bildirib ki, əksinə diqqət sərhəddəki gərginliyə yox, məhz kadr islahatlarına yönələcək:

“Biz kadr islahatları zamanı yüksək rütbəli məmurlarla bağlı baş verən hadisələri görmüşük. Belə ki, sözügedən islahatlar zamanı, əsasən, icra başçıları həbs olunub. İstər Mədəniyyət Nazirliyində, istər Dövlət Sərhəd Xidmətində, istərsə də Xarici İşlər Nazirliyində baş verən proseslər məlumdur, orada sadəcə kadrlar dəyişib, məmurlar həbsi nəzərə alınmayıb. Nə mədəniyyət naziri, nə DSX sədri, nə də xarici işlər naziri həbs edilməyib. Onların prosesdən hansı şəkildə, niyə kənarda qaldıqları isə müəmmalıdır. Çox maraqlıdır ki, o yerlərdəki pulların bir hissəsi hara gedib? Bu səbəblə hesab edirəm ki, kadr islahatları dayandırılmayacaq. Sərhəddə baş verən mövqe atışlarından itkilərlə çıxdıq. Məncə, diqqət yenidən ölıkənin daxilinə yönəldiləcək. Ona görə də görünür, yaxın zamanda yenə də rüşvət və korrupsiya ilə bağlı hansısa məmurun tutulmasının şahidi olacağıq. Bəlkə də proses tezliklə baş tutacaq”.

Xarici İşlər Nazirliyindəki kadr dəyişikliyinə gəldikdə isə İlham İsmayıl qeyd edib ki, biz Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanla danışıqlarda əldə edəcəyi uğuru fikirləşirik. O isə nazirdən və ona tapşırılan xarici siyasi kursdan asılıdır: “Düşünürəm ki, orada da kadr islahatı yox, kadr dəyişikliyi olacaq. Azərbaycanın yeni Xarici işlər naziri lap sabahdan kadr dəyişikliyinə başlasın. Bəli, orada kimsə öz yerində deyil, kimsə kiminsə himayəsində olub, indi bunu dəyişməyə cəhd oluna bilər. Amma bildirim ki, yenə də tanışlıq, qohumluq vasitəsilə kadr dəyişikliyi olacaqsa, bunun bizim xarici siyasətimizdə əhəmiyyətli rolu olmayacaq. Tamam başqa istiqamət götürmək üçün tamam başqa meyarlar, sözün həqiqi mənasında dövlətçilik meyarları olmalıdır. Lakin hazırda vəziyyəti nəzərə alaraq düşünürəm ki, başdan olan kadr dəyişikliyi yerlərdə olan kadr dəyişikliyi səviyyəsidə davam edəcək. Xüsusi islahat olmayacaq”.

BIA.azскачать dle 12.1