Bia.Az

MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib - SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALAR

Siyasət
 28-04-2020, 13:51     524

MTN vətəndaşları şərləmək üçün 75 tapançanı qaçaq yolla ölkəyə gətirib - SABİQ NAZİR NİCAT QULİYEVDƏN SENSASİON AÇIQLAMALARAli Məhkəmə Plenumunun sabiq siyasi məhbuslar İlqar Məmmədov və Rəsul Cəfərov haqqında bəraət qərarı verməsi indiyədək qanunsuz həbs olunan şəxslərin məsələsini bir daha gündəmə gətirdi.

Bu sətirlərin müəllifi olaraq bəndəniz də MTN-nin cinayətlərinin qurbanlarından biri kimi bəraət tələb etdim.

Bunun üçün əlimdə ciddi əsaslardan biri məndən təxminən ay yarım əvvəl həbs edilmiş Prezident Heydər Əliyev Hökümətində sabiq iqtisadi əlaqələr naziri Nicat Quliyevin işində üzə çıxan sensasion faktlar oldu.

Bəlli oldu ki, MTN-dəki mütəşəkkil cinayətkar dəstə eyni silahlarla həm sabiq naziri, həm də məni şərləyib.

Nicat Quliyev ona təyin edilən 3 il cəzanı sonadək çəkdi. Onun hətta qanunvericiliyin imkan verdiyi “cəzadan vaxtından əvvəl azad edilmə” haqqı da tanınmadı.

Hazırda xaricdə yaşayan sabiq nazirin həbsi barədə çoxsaylı fikirlər səsləndirilmişdi. Ancaq indiyədək o, bu barədə danışmadığından bu suallar cavabsız qalıb.

Nicat Quliyev həbsdən azad olunanda müsahibə istəyimizə müsbət yanaşsa da söhbətimiz indiyə təsadüf etdi.

Hesab edirəm ki, sabiq nazirin Gununsesi.org-a eksklüziv müsahibəsi cəmiyyət tərəfindən maraqla qarşılancaq.

– Nicat müəllim, yəqin ki, İlqar Məmmədov və Rəsul Cəfərovun bəraət almasından xəbərdarsınız. Elə söhbətimizə bu haqda fikirlərini öyrənməklə körpü salmaq istəyirəm.

– Ali Məhkəmənin Plenumu iki şəxs haqqında barələrində əvvəl çıxarılmış məhkəmə qərarlarını ləğv edərək, işlər üzrə icraata bəraətverici əsasla xitam verməsi, sözsüz ki, xoş haldır. Mən diqqət etdim, bu, cəmiyyət və beynəlxalq ictimaiyyət tərəfindən də müsbət qarşılanmışdır. Hüqüqlarının bərpa edilməsi haqları olduğu şəxslər barədə qəbul edilən bu qərar əlbəttə ki, dövlət iradəsinin ifadəsi kimi də qiymətləndirilməlidir.

– MTN-nin qurama ittihamı ilə həbs olunan şəxslərdən biri olaraq bəraətiniz üçün çalışmağınızdan xəbərim var. Həbsiniz necə baş verdi? Mən o zaman mediada “Azərbaycanın müstəqilliyi uğrunda xidmətləri olan bir ailənin üzvlərinin yaşadığı mənzilə basqın təşkil edilib” xəbərini oxumuşdum. İstərdim ki, danışasınız, proses necə baş verdi?

– Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin bir qrup məsul şəxslərinin cinayət məsuliyyətinə cəlb edilməsi, onların məhkəmə araşdırmaları və barələrində çıxarılmış hökmlər haqqında məlumatlardan da artıq geniş ictimaiyyətə də məlum olmuşdur ki, MTN-dəki mütəşəkkil dəstə öz qeyri sağlam məqsədlərinə nail olmaq üçün nümayişkəranə şəkildə hüquq və qanun əleyhinə aktiv fəaliyyət göstərmiş, qurama işlərin tərtib edilməsi, qondarma ittihamların verilməsi, sübutların saxtalaşdırılması və gizlədilməsi kimi yolverilməz, məkrli üsullardan da istifadə etmişlər.

Siz də bilirsiniz ki, bu ünsürlərin uzun illər ərzində amansız təqibinə mən də məruz qalmışam. Bunların artıq geniş bilinən iş metodu, başqa qurumlar üzərindəki təsiri və onların “iş”lərinə baxılması “təcrübəsi” mənə və ailəmə qarşı qanuna zidd hərəkətlərin təsbit edilməsini, təbii ki, istisna edirdi. Belə bir vəziyyət məni Cinayət Məcəlləsinin 228.1-ci maddəsi üzrə qondarma ittihamla 3 il həbsdə tutulmağıma da gətirib çıxarmışdır.

Güman edirəm ki, mənə və ailəmə qarşı ikrah hissi doğuran faktla bağlı ictimaiyyət məlumatlıdır. Bu səbəbdən həbsdə tutulmağımla nəticələnən hadisəyə dair sadəcə qısa bir xatırlatmanın kifayyət edəcəyini sayıram.

Sualınızın ikinci hissəsinə gəlincə, mən 7 avqust 2013-cü il tarixdə saat 19 radələrində Novxanı kəndindəki yaşadığım evdən bir neçə yüz metr məsafədə yerləşən təsərrüfat malları mağazasındaykən MTN-nin əməkdaşları tərəfindən qollarım qandallanaraq, elə əynimdəki bağ paltarında MTN-nin mərkəzi binasına gətirilib törətmədiyim əməldə – CM-nin 228.1-ci maddəsi ilə ittiham edilərək MTN-nin təcridxanasına yerləşdirildim.

Bundan 4-5 saat sonra, saat 23.30 radələrində, MTN, Novxanı kəndindəki evimizə quldursayağı basqın etdi. Evdə yalnız həyat yoldaşımın və azyaşlı qız övladlarımın olduğunu bilə-bilə, MTN-nin təqribən 30-a yaxın maskalı-silahlı əməkdaşı divarın üstündən aşaraq həyətə soxulmuşdu, məhkəmə qərarı olmadan axtarış adıyla səhər saat 7-yə qədər evi alt-üst etmişdilər. Hədsiz təzyiqə məruz qalan ailə üzvlərimin emosional vəziyyətini düşünürəm ki, təsəvvür etmək o qədər də çətin olmaz.

Məni həbs etmək üçün formal əsas kimi sadəcə həmin axşamçağı mağazaya getmək üçün idarə etdiyim avtomobilə 07 avqust 2013-cü il tarixli “baxış” protokolu göstərilmişdir. Aydındır ki, açıq-aşkar quramanın və saxtakarlığın başlanğıç sənədlərindən olan bu protokol məni həbs etmək üçün əsas yaratmaq və bu həbsin qondarma ittihamla həyata keçirildiyini pərdələmək məqsədilə tərtib edilmişdir. Bu protokolda avtomaşında darağında 8 ədəd 9×18 mm döyüş patronu ilə “Makarov” odlu döyüş tapançası “askar edildi”yi əks edilmişdir. Məni həbs etdikdən dörd ay sonra, MTN “askar etdiyi” “Makarov” odlu döyüş tapançasını bu dəfə “MR-371” siqnal tapançasının odlu döyüş silahına çevrilmiş “Makarov MR-371” kimi sırıyraq sənədləşdirmışdir.

Həm “Makarov” döyüş tapançalarının, həm də, əslində heç odlu silah belə olmayan “MR-371” siqnal (səs) tapançalarının yeganə istehsalçısı Rusiya Federasiyasında yerləşən “İjevsk Mexaniki Zavodu” Səhmdar Cəmiyyətidir. MTN-nin sırıdığı kimi “Makarov MR-371” adıyla yarandığı gündən heç bir vaxt məhsul istehsal etməyən bu Səhmdar Cəmiyyətinin vəkillər mərhum Elton Quliyev, Əfqan Məmmədov və Fuad Ağaevin sorqularına rəsmi cavabları, bu Səhmdar Cəmiyyətinin bilavasitə istehsalat müəssisəsində aparılan tədqiqatlar nəticəsində də əldə olunmuş etibarlı və tutarlı dəlillər MTN-nin adı çəkilən “baxış” protokolunun, onun mütəxəssis rəyinin, həmçinin Məhkəmə Ekspertiza Mərkəzinin ekspertlərinin rəylərinin həyasızcasına uydurulmuş olduğunu birmənalı olaraq təstiq etdi, MTN-nin məni həbs etmək üçün müvafiq “iş” saxtalaşdıraraq tərtib etdiyini bir daha təkzibediməz şəkildə sübut etdi.

– Azərbaycanın ən görkəmli vəkilləri Elton Quliyev, Əfqan Məmmədov, Adil İsmayılov və Fuad Ağayev çox ciddi tədqiqatlar aparmışdı və sensasion nəticələrə gəlmişdilər. Bu haqda daha nə deyə bilərsiniz?

– Adlarını qeyd etdiyiniz dəyərli peşəkarların, başda mərhum Elton Quliyev olmaqla apardığı tədqiqatlardan tapançaların MTN-nin ixtiyarında olduğu faktı hasil olur. Mütəşəkkil dəstə 75 ədətdən ibarət bir qutu səs tapançalarını, izi itirmək üçün bir neçə şirkət üzərindən alqı-satqısını rəsmləşdirdıkdən sonra onları qaçaq yolla Rusyadan Azərbaycana gətirmişdir. Bildiyiniz kimi, eyni partiyaya aid olan bu siqnal tapançaları MTN-nin başqa işlərində, o cümlədən oxşar ssenari üzrə tərtib edilən sizin barənizdəki 1042 saylı “iş”də də keçir. Görünür, MTN bu tapançları məxsusi olaraq insanları şərləyərək onlara ağır cəzaların verilməsi məqsədilə əldə etmişdir.

Bunlar “işim” üzrə “rəy” vermiş ekspertlərin adından da sənəd saxtalaşdırmışdır. Bu barədə bir müddət əvvəl Adil İsmayılov istifadəçisi olduğu sosial şəbəkənin şəxsi hesabından bildirmişdir. “İş”də həmin rəy(lər)in saxta olması əsla şübhə doğurmamalıdır və onların altında imzası olan (yaxud uydurulan) şəxslərin əslində belə tədqiqat aparmaması sabiq MTN-nin sadəcə ölkə qanunlarını, Konstitusiyanı, insan hüquq və azadlıqları sahəsində Azərbaycanın üzərinə götürdüyü benəlxalq öhdəlikləri ayaq altına ataraq, etdiyi saxtakarlıqların miqyasını, törətdiyi dəhşəti və vəhaməti bir daha aydın şəkildə gözlər önünə sərir.

– Məhkəmə mənim də prosesimdə vəkilim Bəhruz Bayramovun istehsalçı zavoda silahı hansı ölkəyə verməsi barədə vəsatətini rədd etmişdi…

– Çünki, obyektiv araşdırma cinayət işinin qurama olduğunu təsdiq edir. Həbs olunduğum ilk günü MTN-nin sırıdığı silahlarla bağlı tədqiqatların aparılmasını müdafiəçilərimdən xahiş etdim. Nəticələri hazır olduqca mərhələlərlə məhkəmələrə təqdim edilirdi. Lakın beyhudə…, buralar, əfsuslar olsun “mtn ruhunda” köklənmişdi… Zənn edirəm ki, MTN ləğv edildikdən sonra onun işlərinin araşdırılması istiqamətində başladılan sürəcin dəvam etdirilməsi doğru olardı. Aparalıan təhqiqatlar göstərmişdi ki, dövlətin müxtəlif qurumlarında MTN-nin aparıcı vəzifəli şəxslərinin mənfur, sözün əsl mənasında qeyri-insani əməlləri haqda ətraflı məlumat və sənədli sübutlar mövcuddur… Onların cinayətlərinin qurbanlarının qəsb edilmiş haqlarının, etibarlarının iadə edilməsi ölkənin ədalət-hüquq sisteminə inamın və güvənin artması, ədalətin və həqiqətin təcəlli etməsi baxımından xususi əhəmiyyət kəsb edir.

– Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutmusunuz. Orada qalib olacağınız şəksizdir. Plenumun son qərarı sizdə məhkəmələrimizə inam yaratmayıb ki?

– Qeyd etməliyəm ki, mövzü bəhs Ali Məhkəmənin qərarı hüquqlarımızın bərpa olunacağına inamı artırır. Fəqət arzu olunan odur ki, birincisi, məhkəmələr tərəfindən qərəzli qərarlar qəbul edilməsin; ikincisi, milli məhkəmələr ədalətli qərarları beynəlxalq institutların təsirinə ehtiyac qalmadan çıxartsın, onlar üçün bu alışılmış praktika, norma xarakteri daşısın. MTN şiddətinə məruz qalmış birisi kimi bu həm də mənim səmimi arzumdur.

– Həbsinizin siyasi tərəfinə toxunmaq istəyirəm. Həbsinizdə iki versiya səslənmişdi. Birincisi, Eldar Mahmudov konfilikt yaşadığı Vasif Talıbovdan qisas almaq üçün onun xalası oğlunu şərləyib, ikincisi, həmin dövrdə Milli Şuranın sədri olan Rüstəm İbrahimbəyov arasında “əlaqəyə” görə həbs olunmağınız nə dərəcədə doğru idi?

– Bu yazılardan xəbərim var. Məni həbs etdikdən dərhal sonra belə məlumatların tirajlanmasında maraqlı olan şübhəsiz ki, elə MTN-nin özü idi. Yəni, bizə qarşı qurama işin təşkilatçısı… Bendjamin Dizraeli deyərdi ki, “bir yalan olur, bir ağ yalan, bir də statistika” Bunların bu həmlələri daha çox statisikaya uğun gəlir sanki…

Bir mütəfəkkirin kəlamını xatırlayıram: ”Önəmli olan insanın nəyə inandığı deyil, inandığı şeyin onu nə hala salmasıdır.” Bu adamların inandıqları şeylər bizim ocaqlarımıza, ailələlərimizə basqın təşkil edə biləcək hala salmışdı, dəyərləri xor görəcək hala.

Ona görə də ləğv oldular…

Pərviz Həşimli
Gununsesi.orgскачать dle 12.1