Bia.Az

“Sovet xəritəsi əsas götürüləcəksə, DQMV bərpa olunmalıdır” iddiası - təzə erməni hiyləsi

Siyasət
 28-02-2023, 12:44     223

Hüquq eksperti: “Nə hüquqi, nə siyasi, nə fiziki baxımdan mümkün olmayan bir şərti irəli sürmək faktiki olaraq sülhdən imtina etməkdir”

Ermənistan rəhbərliyi müxtəlif bəhanələr və qəbuledilməz şərtlər irəli sürməklə Azərbaycanla sülh müqaviləsindən yayınmağa davam edir. Hələ üstəlik, utanmazcasına Bakını sülhdə maraqlı olmamaqda suçlayır. Bəzi siyasi müşahidəçilərə görə, baş nazir Nikol Paşinyan artıq sələflərinin - Köçəryan-Sərkisyan xunta rejiminin pozucu siyasət kursuna qayıdıb. Lakin bu zaman o unudur ki, indi qalib tərəf Azərbaycandır. Özü də həmişəlik. 
Bu arada R.Köçəryan dönəmində xarici işlər naziri işləmiş Vardan Oskanyan öz aləmində guya Nkol Paşinyana  qiymətli məsləhətlərini verib. Məsələn, deyib ki, əgər rəsmi İrəvan Bakı ilə danışıqlarda manevr imkanlarını genişləndirmək istəyirsə, o zaman bu “arqument”dən istifadə edə bilər: “Azərbaycan sərhədlərin delimitasiyası üçün sovet xəritəsini əsas götürürsə, onda zəhmət çəksin Şuşa və Hadrutun daxil olduğu DQMV-ni bərpa eləsin”.
Guya ki, sovet xəritələrindən istifadə avtomatik məhz bu anlama gəlir. Doğrudur, SSRİ dağılandan sonra da Rusiya tərkibində bütün muxtar qurumlar qalır. Lakin Rusiya Federativ respublikadır, unitar ölkə deyil. İkinci yandan, Rusiyada muxtar qurumlar aborigen xalqlara məxsusdur və onların başqa heç bir muxtar dövlət qurumu yoxdur. Ermənilər isə artıq öz müqəddəratını təyin ediblər, Ermənistan adında saxta da olsa dövlətləri var.
Bəs daha hansı postsovet respublikalarında muxtar qurumlar qalır və Vardan Oskanyanın iddiasının hansısa hüquqi əsası varmı?

Çingiz Qənizadə
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq eksperti Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, Ermənistan rəhbərliyi 44 günlük müharibədən keçən iki ildən artıq müddətdə müxtəlif bəhanələrlə 10 noyabr üçtərəfli bəyanatının tələblərinə əməl etməkdən yayınır: “Ermənistan prosesi hər vəchlə uzatmağa çalışır. İndiyə qədər sərhədlər delimitasiya olunmayıb, sülh sazişi imzalanmayıb, Zəngəzur dəhlizinin açılması üçün İrəvan heç bir iş görməyib. Bu azmış kimi, yeni gülünc, beynəlxalq hüquqa zidd bəhanələr, iddialar səsləndirməyə başlayıblar. Nikol Paşinyan son zamanlar özünü Robert Köçəryan, Serj Sərkisyan kimi aparır, sərsəm iddialar ortaya atır, xunta rejiminin təmsilçiləri olmuş diplomatların, siyasətçilərin irəli sürdüyü iddiaları əsas kimi göstərməyə çalışır. İndi də Vardan Oskanyanı ortaya atıblar və onun dilə gətirdiyi sərsəm iddianı tirajlayırlar. Belə görünür ki, Nikol Paşinyan özündən əvvəlki sələflərindən məsləhət almağa başlayıb. Lakin unudur ki, məhz sələflərinin yürütdüyü yanlış siyasət, iddialar, işğalçılıq siyasəti Ermənistanı 2020-ci ildə məğlubiyyətlə nəticələnən müharibəyə sürüklədi. Keçmiş nazir Oskanyanın ortaya atdığı ideya sülhə deyil, yeni gərginliyə xidmət edir”.
Ekspert vurğuladı ki, Dağlıq Qarabağ Muxtar Vilayəti 30 ildən artıqdır rəsmən ləğv edilib. Nə beynəlxalq hüquq, nə də Azərbaycanın Konstitusiyası Vardan Oskanyanın ideyasının reallaşmasına imkan vermir: “Azərbaycanla Ermənistan arasında hansı dövrün xəritəsinin əsas götürülməsindən asılı olmayaraq sərhədlərin delimitasiyası, demarkasiyasının aparılması ilə Azərbaycanın dünya tərəfindən, BMT tərəfindən qəbul olunan ərazisində mövcud olmuş və qanuni şəkildə ləğv edilmiş bir inzibati ərazi vahidini eyniləşdirmək, əlaqələndirmək tamamilə absurddur. Hüquqi baxımdan zərrə qədər də əsas yoxdur. Ermənilərin indi də bu məsələni şərt kimi irəli sürməsi o deməkdir ki, Ermənistan bütün hallarda sülh sazişinə getmək istəmir. Nə hüquqi, nə siyasi, nə fiziki baxımdan mümkün olmayan bir şərti irəli sürmək faktiki olaraq sülhdən imtina etməkdir. İki dövlət arasındakı sərhədlə bir dövlətin daxili işi olan inzibati ərazi vahidinin bərpa olunması məsələsini qarışdırmaq pozuculuqdan başqa bir şey deyil. Azərbaycan dövlətinin səbir limitini Ermənistan bu hərəkətləri ilə bitirməkdədir. Ermənilər bilməlidirlər ki, bu, onlara baha başa gələ bilər.
Azərbaycan unitar dövlətdir  və onun tərkibində hansısa muxtar bir dövlətin yaradılması qeyri-mümkündür. Azərbaycan federativ dövlət deyil. Ümumiyyətlə, keçmiş SSRİ respublikalarında yalnız Rusiya bu gün federativ dövlətdir". скачать dle 12.1