Bia.Az

Keçmiş rektor Ankarada harada gizlənir, kimlər qaçırıb?

Siyasət
 22-02-2023, 12:06     252

Nurlana Əliyeva “mən aydan arı, sudan duruyam” desə də, onun xarici ölkəyə müraciət etməklə gətirilməsi təmin oluna bilər

Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə araşdırması davam etdirilib. APA xəbər verir ki,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə barəsində məcburi məhkəməyə gətirilmə qərarı qəbul olunmuş Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyevanın ölkədə olmadığı elan olunub. Məlum olub ki, Nurlana Əliyeva məcburi gətirilmə ilə bağlı vəsatət müzakirə olunan vaxt ölkədən gedib.

Hakim Əli Məmmədov deyib ki, aidiyyəti orqanlar vasitəsilə Nurlana Əliyevanın ölkə sərhədlərinə daxil olmadığı barədə məlumat alıb. Onun hazırda Türkiyənin Ankara şəhərində olduğu bildirilir. Məhkəmə Nurlana Əliyeva barəsində yanvarın 18-də keçirilən iclasda qəbul olunan qərarı qüvvədə saxlayıb. O, ölkəyə daxil olan kimi polis vasitəsilə məhkəməyə gətiriləcək. Bundan başqa, cinayət işində adı keçən, əvvəllər Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) işləmiş Fərahilə Babayeva-Şükürovanın da məhkəməyə məcburi gətirilməsi barədə qərar qəbul olunub.
“Mən Türkiyədə olduğuma görə məhkəmə proseslərinə gedə bilməmişdim. Mənim məhkəməyə zorla aparılmağıma lüzum yoxdur, növbəti prosesə özüm gedəcəyəm”. Bunu Gununsesi.info-ya açıqlamasında Nurlana Əliyeva demişdi. O bildirib ki, təqsirləndirilən şəxsin ona qarşı dedikləri həqiqət deyil: "Mənim ölkədən qaçmağım barədə deyilənlər yalandır. Mən aydan arı, sudan duruyam, hazırda evimdə oturmuşam. Məhkəməyə də ona görə getməmişəm ki, bu barədə mənə hər hansı rəsmi bildiriş gəlməyib".
Yada salaq ki, bu cinayət işində söhbət 200 mindən artıq yeyintidən gedir. 226 min manatlıq mənimsəmə, dələduzluq, rüşvət verməyə təhrik kimi əməllərdə təqsirləndirilən Dürdanə Əliyeva Bakı Slavyan Universitetinin Əlavə və qiyabi təhsil şöbəsinin müdiri olub. Cinayət işinin materiallarında iddia olunur ki, şöbə müdiri bu universitetdə ikinci ali təhsil alan tələbələrin verdiyi ödənişləri xəzinəyə köçürməyib. Həmçinin bir sıra şəxslərdən universitetdə işə düzəltmək və başqa adlarla pul alaraq onları aldadıb. Cinayət işində 100-dən çox adamın təhsil haqqı kimi ödədiyi pulların ələ keçirilməsindən söhbət gedir. Dürdanə Əliyeva məhkəmədə bütün günahın rektorun üzərində olduğunu deyib. Onun sözlərinə görə, Nurlana Əliyeva da, hətta universitetin mühasibi də prosesin iştirakçısı olub. Lakin onlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılan istintaq zamanı məsuliyyətdən kənarda saxlanılıblar: “Mən bu işləri tək görə bilməzdim...”
Məhkəmədə bundan öncə təqsirləndirilən Əliyevanın vəkili vəsatət verib ki, sabiq rektor çağırılıb dindirilsin. Hakimlər də bu vəsatəti təmin edib. Lakin Nurlana Əliyeva məhkəməyə gəlməyib. Ona görə də onun məcburi gətirilməsinə qərar verilib. Məcburi gətirilmə o deməkdir ki, şəxs könüllü şəkildə məhkəmənin çağırışı ilə gəlməkdən imtina edirsə, bu halda, daxili işlər orqanlarına məlumat verilir və polis vasitəsilə gətirilir. Amma göründüyü kimi, adının hallandığı məhkəmənin sonunu gözləməyən sabiq rektor  “növbəti məhkəməyə gəlib ifadə verəcəm” desə də, ölkəyə qayıtmayıb. Bəs bu halda hansı orqan məsuliyyət daşıyır?  Belə qalmaqallı işdə adı keçdiyi və bu yeyintiyə görə rektor vəzifəsindən uzaqlaşdırılan Nurlana Əliyeva ölkədən qaçmaqla özünü daha da hədəfə gətirməyibmi?
Məcburi məhkəməyə gətirilməsinə qərar verildi, ölkədən çıxdı – Nurlana  Əliyeva hardadır? - Reportyor
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, vətəndaşın adı “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na Ədliyyə, Daxili İşlər, Fövqəladə Hallar, Vergilər, Müdafiə nazirlikləri, Baş Prokurorluq, Dövlət Sərhəd Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Dövlət Gömrük Komitəsinin tələbi ilə salınır: “Hazırda həm Ədliyyə, həm də Daxili İşlər nazirliklərinin elektron xidmətləri şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmətlər borcluları əhatə edir. Digər qurumların qadağa qoyduqları şəxslərin məlumatlandırılma prosesi isə qanunvericilikdə açıq şəkildə göstərilməyib. Təkcə şəxs haqqında başqa yerə getməmək barədə iltizam alınarsa, bu barədə məlumatlandırma tələb olunur. Mülki işlərdə, borcun ödənilməsi və ya məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı işlərdə "stop" qoyulması üçün mütləq məhkəmə qərarı olmalıdır. İcraçı məhkəməyə müraciət edir ki, filan məhkəmə qərarı icra olunmur, ona görə də barəsində ölkədən çıxış məhdudiyyəti qoyulsun. Cinayət işləri ilə bağlı “stop” qoyulanda - məsələn, Prokurorluq, Daxili İşlər Nazirliyi - o qurumların məhkəmə qərarına ehtiyacı yoxdur. Onlar “Giriş-çıxış və qeydiyyat” İdarələrarası Avtomatlaşdırılmış Məlumat Axtarış Sisteminə (İAMAS) girərək şəxsin adını əlavə edirlər. Bu, prosessual hərəkət olduğu üçün yazılı nüsxədə təqdim olunmur".
Hüquqşünasın sözlərinə görə, əgər şəxs məhkəmənin çağırışlarına məhəl qoymursa, barəsində məcburi gətirilmə qərarı verilə bilər: “Şübhəli şəxsə məhdudiyyət qoyulursa, bunun qanuni əsası var, bu cinayətin üstünün açılması üçün şəxs gərək ölkədən çıxmasın. Amma şahidə məhdudiyyət qoyula bilməz. Ədliyyə Nazirliyi bildirir ki, vətəndaşın ölkədən getmək hüququ aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər. Saxlanıldıqda və ya barəsində hər hansı qətimkan tədbiri seçildikdə, məhkum edildikdə, barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edildikdə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər barəsində cəzanın çəkilməsi təxirə salındıqda, müddətli həqiqi hərbi xidmətə çağırıldıqda, vergi tələbləri və maliyyə sanksiyalarının ödənilməsi ilə bağlı məhkəmə qərarı olduqda, beynəlxalq tibbi sanitariya qaydalarına və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq profilaktik peyvəndlər tələb olunan ölkələrə gediş-gəliş zamanı.
Həmçinin Miqrasiya Məcəlləsində qeyd olunur ki, dövlət sirri ilə işləməyə buraxılmış şəxslərin tanış olduqları məlumatın məxfilik müddəti bitənədək, lakin 5 ildən çox olmamaq şərti ilə, xarici ölkəyə daimi yaşamağa getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Hərbi vəziyyət olarsa “Hərbi vəziyyət haqqında” müvafiq qanunvericiliyə əsasən vətəndaşların ölkədən getməsi və ölkəyə gəlməsi üçün xüsusi qaydalar tətbiq edilə bilər. Ədliyyə Nazirliyinin 2016-cı ildə istifadəyə verdiyi onlayn xidmət şəxsə ölkədən çıxış qadağasının olub-olmadığını öyrənməyə imkan verir, amma bu xidmət təkcə borcluları əhatə edir. Daxili İşlər Nazirliyi də 2017-ci ildə eyniadlı elektron xidmət istifadəyə verib və bu xidmət də ancaq mülki-hüquqi borcu olanları əhatə edir. 
Şəxsin barəsində məcburi gətirilmə qərarı varsa, həmin şəxs ölkədə deyilsə və qayıdıb gəlməsini əngəlləyən əsaslı səbəb yoxdursa, bu halda xarici ölkəyə müraciət etməklə gətirilməsi təmin oluna bilər".
скачать dle 12.1