Bia.Az

AB-nin missiyası, Rusiyanın Qafqazdan çıxarılması planı... - Putin hansı addımı atacaq?

Siyasət
 22-02-2023, 11:44     253

Rusiyanın bu məsələyə mövqeyi kifayət qədər sərt olacaq. Çünki AB-nin Qafqaza göndərilən missiyası mülki missiya adını daşısa da, əslində Avropanın bölgəmizdə yerləşməsinin başlanğıcıdır.

Bu sözləri Yenipress.az-a AB-nin Ermənistana göndərdiyi missiya və Rusiyanın ona münasibəti haqqında danışan siyasi şərhçi Turab Rzayev deyib. Politoloq Paşinyanı hakimiyyətə gətirənlərin onun qarşısına Rusiyanı Ermənistandan çıxmaq hədəfi qoyduğunu bildirib:
“Missiyanın tərkibində 8-10 Fransa jandarmı, eyni zamanda təxminən 19-20 Almaniya polisi də olacaq.
Fransada jandarmlar ölkənin Müdafiə Nazirliyinə tabedir. Onlar Ermənistan-Azərbaycan sərhədində patrul xidməti həyata keçirəcəklərini ölkədə əhalinin təhlükəsizliyini qoruyacaqlarını bildirirlər. Əslində hazırkı sayla bunu etmək mümkün deyil. Bunu hansı mandatla edəcəklər və erməni əhalisinin təhlükəsizliyini kimdən qoruyacaqlar? Baş verən proses daha uzunmüddətli planın tərkib hissəsidir. Məqsəd Ermənistan və Azərbaycan arasındakı aparılan prosesə müdaxilə etmək, eyni zamanda rus bazasının ölkədən çıxarılması məsələsi gündəmə gəldiyi zaman rus hərbçilərlə yerli əhali arasında silahlı qarşıdurmanın baş verməsi halında tərəf olmaqdır.
Rusiya bunun onu Qafqazdan tamamilə çıxarmaq planının tərkib hissəsi olduğunu çox gözəl bilir. Dünən növbəti missiyanın gəlməsi ilə əslində Rusiyanın Ermənistandan çıxarılmasının əsası qoyuldu. Moskva bunu yalnız AB-nin yox, dolayı yolla Vaşinqtonun bölgəyə daxil olması, həm də Ukraynada başlayan konfrantasiyanı Cənubi Qafqaza keçirməsi kimi qəbul edir. Cənubi Qafqaz artıq qlobal güclərin açıq qarşıdurma meydanına çevrilir. Rusiya da ciddi mənada çox böyük narahatçılıq keçirir. Çünki Paşinyanı hakimiyyətə gətirən qüvvələr açıq şəkildə onun qarşısına hədəf qoyublar. Bu hədəf rus ordusunun Ermənistandan çıxarılmasıdır. Paşinyan iqtidara gəldikdən sonra rus ordusunun ölkədən çıxarılması tələb olunur, Gümrüdə hərbi bazanın önündə mitinqlər keçirilir və əgər xatırlayırsınızsa, rus əsgərinin erməni vətəndaşını güllələməsi hadisəsi də baş vermişdi. Bütün bunlar əsas məqsədə çatmaq üçün təbii və ya süni yollarla hazırlanmış zəmindir”.
T.Rzayev bildirib ki, Rusiya AB-nin bu addımına sərt cavab verməsə, Paşinyan təşkilatdan daha böyük ordu kontingentinin ölkəsinə göndərilməsini istəyə bilər:
“Prosesə Rusiyanın cavabı kifayət qədər birmənalı olmadır. Rusiyanın ölkəmizdəki səfiri və XİN başçısı Sergey Lavrov verdikləri açıqlamalarda sözügedən addımı Cənubi Qafqazda ABŞ-ın yeni münaqişə ocağı yaratmaq həmləsi kimi qəbul etdiklərini bildiriblər. Ancaq göstərilən münasibət yetərincə sərt olmadı. Vladimir Putinin də AB missiyasının göndərilməsinə münasibət bildirməsi gözlənilir. Putinin bu haqda daha sərt açıqlama verməsi mümkündür. Əks halda, səssizlikdən ruhlanan Paşinyan AB-dən əlavə ordu kontingentinin göndərilməsini istəyə bilər. Bu isə ən azından Rusiyanın bölgədəki nüfuz dairəsinin bölünməsi deməkdir. Fikrimcə, əgər Paşinyan Ermənistana AB-nin beynəlxalq koalisiya ilə təşkil olunan ordu göndərməsinə nail olsa, Rusiyanın beynəlxalq kontingentə qarşı addımlar atması, onunla açıq döyüşə girməsi çox çətinləşə, hətta qeyri-mümkün ola bilər. Hazırkı məqamda Rusiyanın fərqli üsullarla AB-nin Ermənistan vasitəsilə Cənubi Qafqaza doğru genişlənməsinin qarşısını almağa çalışacağını düşünürəm”.скачать dle 12.1