Bia.Az

İsfahanın vurulması çox ciddi hadisədir - General

Siyasət
 30-01-2023, 19:53     169

İrandakı strateji obyektlərə son iki gündə PUA-lar ilə edilən hücumlarla bağlı hələ ki, nə İsrail, nə də ABŞ səsini çıxarır. Fikrimcə, bunun səbəblərindən biri də Azərbaycanın Tehrandakı səfirliyinə təşkil edilən hücumdur. Hücumu təşkil edənlər mesaj vermək istəyir. Çox maraqlı və diqqətçəkən məqamdır.

Bu sözləri Yenipress.az-a son iki gün ərzində İrana təşkil edilən gecə hücumları haqqında danışan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının Kəşfiyyat İdarəsinin keçmiş rəisi, general-polkovnik İsmayıl Haqqı Pekin deyib.

Pekin PUA hücumlarının ehtimal olunan bir sıra səbəblərindən danışıb:

“Bir neçə gün öncə ABŞ və İsrail Aralıq dənizində “Juniper Oak 2023” adlı böyük bir təlim keçirdi. Bu, eyni zamanda İrana qarşı həyata keçirilmə ehtimalı olan əməliyyatın təlimi idi. Bəs hücumu kim gerçəkləşdirdi? Məncə, ABŞ, yaxud İsrail versiyası daha ağlabatandır. Fikrimcə, edilən hücum silah satışı ilə bağlı Rusiya və İrana da mesaj ola bilər. Hədəflərin arasında İsfahan vilayəti də var. Çünki “Uran Hekzaflorid” (UF6) istehsal zavodu buradadır. İstehsal vilayətin mərkəzi Nətənz şəhərində aparılır və uranın zənginləşdirilməsinin ilk mərhələsi orada həyata keçirilir. Müəssisələr yerin üstündədir, mən də İrana etdiyim səfər zamanı bunun şahidi olmuşam. İsfahanda hərbi aerodrom da var.
Başqa bir versiyaya görə, İran PUA-ları da həmin bölgədən Rusiyaya göndərir. Yəni edilən hücumlar həm uranın zənginləşdirilməsi, həm də kamizadze PUA-larının Rusiyaya verilməsi ilə bağlı İrana edilən xəbərdarlıqdır”.
General-polkovnik çox ciddi qlobal oyunun hazırlandığını və yaza doğru vəziyyətin daha da gərginləşəcəyini vurğulayıb:
“Çox ciddi bir oyun hazırlanır. Oyunun içində Cənubi Qafqaz, İran və Orta Şərq var. Digər tərəfdən, bu gün Blinkenin Orta Şərqə səfəri başlayır.  Masada bir çox məsələ müzakirə ediləcək. Müzakirə ediləcək əsas məsələlərdən biri də Fələstin probleminin ikidövlətli həll variantıdır.
Hazırki gərgin vəziyyətdə Ukrayna müharibəsi davam edir, lakin qlobal güclər digər bölgələrin də prosesə daxil olmasını istəyir. Fikrimcə, Azərbaycanın yerləşdiyi coğrafiya da çox həssasdır, ona görə daha diqqətli və balanslı hərəkət etməlidir. Türkiyə isə qurulan oyun planının hər cəbhəsiylə kəsişir. Dövlətimizin əsas vəzifəsi Türkiyədə sülhün və sabitliyin qorunmasıdır. Çünki yaza doğru vəziyyət daha da gərginləşəcək”.скачать dle 12.1