Bia.Az

İran “Azərbaycanla barışdıq” deyir, bəs reallıq nə deyir?

Siyasət
 14-01-2023, 12:00     166

Xəbər verildiyi kimi, Antalyada Asiya Parlament Assambleyasının iclası keçirilib. İclas çərçivəsində İran, Azərbaycan və Türkiyə parlamentləri sədrlərinin üçtərəfli və ikitərəfli görüşləri də olub.

“Azad İran” Telegram kanalının məlumatına görə, İran İslam Şurası Məclisinin sədri Məhəmməd-Bağer Qalibaf azərbaycanlı həmkarı Sahibə Qafarova ilə görüşü barədə danışarkən: “Son zamanlar Azərbaycanla müəyyən fikir ayrılıqları olub, indi bu problemlər həll olunub və mənim Bakıya gələcək səfərim, eləcə də belə görüşlərin davam etdirilməsi ilə bağlı qərar qəbul edilib”.
İki ölkə arasındakı problemlər gerçəkdənmi həll olunub? Olunubsa, rəsmi Tehran Bakının Qarabağa keçən diversantlarla bağlı notasına niyə indiyədək cavab verməyib? Azərbaycandan üzrxahlıq etməyib? Problemlər həll olunubsa, Tehran nədən Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasına və Zəngəzur dəhlizinə hər vəchlə əngəl yaradır, İrəvana silah-sursat, raketlər bağışlayır, dronlar (PUA) vəd edir, SEPAH generalları az qala hər həftə Azərbaycanı hədələyir? Hətta Antalya görüşündən sonra da İran rəsmi KİV-lərindən biri ölkəmiz əleyhinə yazıya yer verib.
Qoca Baydenin yeni sayıqlaması - “Dağlıq Qarabağ xalqı”...
 
Şəhla Cəlilzadə: “Azərbaycan Zəngəzur dəhlizini 2024-cü ilədək reallaşdırmağı qarşıya məqsəd qoyub və...”
Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, beynəlxalq münasibətlər üzrə şərhçi Şəhla Cəlilzadə “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, 2022-ci il İran-Azərbaycan münasibətlərinin ən gərgin olduğu il olaraq tarixə düşdü: “Bu, 2020-ci ilin parlaq qələbəsindən sonra Azərbaycanın geostrateji mövqeyini daha da gücləndirməsi və Cənubi Qafqaz regionunda yeni reallıqlar yaratması ilə birbaşa bağlıdır. Regionda müstəsna maraqları olan İran isə təbii ki, öz siyasi-iqtisadi və strateji mövqelərinin itirilməsindən narahat olduğu üçün Azərbaycanın fəaliyyətini təhdid olaraq qiymətləndirməkdədir. Təsadüfi deyil ki, ötən il ərzində dəfələrlə ən yüksək rəsmi şəxslərinin dili ilə İran bölgənin geosiyasi xəritəsinin dəyişdirilməsinə imkan verilməyəcəyini, Zəngəzur dəhlizinin açılmasına etiraz edərək bunun ”qırmızı xətt" olduğunu bəyan edib. Halbuki Azərbaycan regionun coğrafi xəritəsini dəyişmir, tamamilə öz beynəlxalq hüquqla tanınan, 30 ildir işğalda olan coğrafiyasını bərpa edir və 10 noyabr 2020-ci il üçtərəfli bəyanatdan irəli gələn, Ermənistanın öhdəsinə götürdüyü, lakin icra etmədiyi müvafiq öhdəliklərin icrasını təmin etməyə çalışır. İran isə Azərbaycanın haqlı davranışları qarşısında əks mövqedə dayanaraq qeyri-rəsmi formada da olsa (SEPAH və digər hakimiyyətyönlü kanallar vasitəsilə) Azərbaycana qarşı ərazi iddiaları səsləndirib, ölkəmizdə dünyəvi dövlət modelinin dəyişdirilməsi üçün gizli təşkilatların dəstəklənməsinə maksimum səy göstərib (təşkilatın bir sıra üzvlərinin qaçaraq İranda sığınacaq tapdığı qeyd oluna bilər), 30 ildə sərhədimizdə bir dəfə olsun hərbi təlim keçmədiyi halda son 2 ildə 3 dəfə təlimlər keçirmiş, ən son təlimlər zamanı Araz çayı üzərindən panton körpülər ataraq Azərbaycana hücum hazırlığını nümayiş etdirib. Bununla yanaşı, təcavüzkar Ermənistanla hərbi-iqtisadi əməkdaşlığı genişləndirən İran tarixi Azərbaycan torpaqlarında konsulluq açıb, Laçın yolundan Qarabağa qeyri-qanuni formada agentlərini keçirib, hələ də buna görə Azərbaycan tərəfinə hər hansı rəsmi açıqlama verməyib, yaxud üzrxahlıq etməyib. Bütün bunlara Azərbaycan təbii ki, səssiz qalmadı: biz də ötən il ərzində Türkiyə ilə birgə məhz Araz üzərində panton körpülərin atıldığı hərbi təlimlər keçirməklə Şuşa Bəyannaməsinin faktiki icraat mexanizmlərinin olduğunu İrana nümayiş etdirmiş, cənab Prezident tərəfindən Səmərqənddə Türk Dövlətləri Təşkilatının IX Zirvə görüşündə cənubi azərbaycanlıların mədəni və dil haqlarının qorunacağına işarə ilə Azərbaycan dövlətinin xarici ölkələrdə yaşayan 40 milyon azərbaycanlının hüquq və azadlığının, təhlükəsizliyinin, milli kimliyinin qorunması və onların assimilyasiyaya uğramamasının təmin edilməsinə xüsusi diqqət ayıracağına dair dövlət siyasətimiz aydın şəkildə elan olunub, İranın düşmən adlandırdığı İsraillə siyasi münasibətlər ən üst səviyyəyə çıxarılaraq orada səfirliyin açılması təmin edilib".
Ekspert cənub qonşumuzu narahat edən məsələlərə də toxundu: “Aydındır ki, İranı daha çox narahat edən məsələ Azərbaycanın hazırki geosiyasi mövqeyi ilə yanaşı, gələcəkdə ata biləcəyi addımlardır. Belə ki, Prezident İlham Əliyev bunu aydın şəkildə ifadə edib. Odur ki, İran dərin dövlət ağlı ilə düşünərək Azərbaycanla münasibətlərin normallaşdırılmasının ikitərəfli formatda daha faydalı nəticələrə gətirə biləcəyini dərk etməkdədir. Antalyada baş tutan İran-Azərbaycan parlament sədrlərinin görüşündə müsbət mesajlar ötürülüb. Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşündə İran parlamentinin sədri Məhəmməd Bağır Qalibaf vurğulayıb ki, iki ölkə münasibətlərin inkişafına və dərinləşməsinə can atır”. Buna münasibət bildirən İran XİN sözçüsü isə vurğulayıb ki: “İran və Azərbaycan iki qonşu ölkədir. Düşünürük ki, iki ölkə arasında mövcud olan bəzi anlaşılmazlıqlar danışıqlar yolu ilə həll olunmalıdır. Azərbaycan tərəfi bu haqda müsbət addımlar atıb və İran da öncədən olduğu kimi, bu çərçivədə addımlayır”.
O, İran və Azərbaycan arasında münasibətlərin soyuq olmasına dair iddiaları təkzib edərək qeyd edib ki, bəzi anlaşılmazlıqlara baxmayaraq, İranla Azərbaycan arasında münasibətlər normaldır. Bir daha geosiyasi sərhədlərin dəyişilməzliyinə vurğu edən İran siyasətçisinin sözlərindən də məlumdur ki, normallaşmaya dair fikirlər qeyri-səmimidir. Çünki Azərbaycan Zəngəzur dəhlizini 2024-cü ilədək reallaşdırmağı qarşıya məqsəd qoyub və buna İran mane ola bilməz".
Partiya sədri prezidentin çağırışına qoşuldu - Fuad Əliyev qeydiyyatdan  keçdi » Vertikal.az
Fuad Əliyev: “İran postmüharibə dönəmində iç üzünü hamıya tanıtdı”
Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin dövlətlərarası münasibətlərin düzələcəyinə hələ ki, ümidi azdır: “Türkmənistanda keçirilən görüşdə dövlət başçısı İlham Əliyevlə iranlı həmkarı münasibətlərdə qarşılıqlı hörmətdən söz açmışdılar. Və çox keçmədi ki, molla rejimi əleyhimizə yenə düşmənçilik siyasətini davam etdirdi. Bununla da göstərdilər ki, Azərbaycana qarşı nifrət püskürməyindən əl çəkmək fikrində deyillər. Mənim fikrimcə, rəsmi Bakı Tehranla bağlı siyasətində güneylilərin hüquqlarını müdafiə prosesini genişləndirməlidir. İran postmüharibə dönəmində iç üzünü hamıya tanıtdı. Bundan sonra onlardan xoş məram gözləməyə dəyməz. İran Azərbaycanla normal münasibətlərini davam etdirmək istəyindədirsə, özü maraqlı olmalıdır”.
Akif Nağı: “Əsas meyar din deyil, milliyətçilikdir”
Akif Nağı: “Münasibətlərin tam normallaşmasından danışmaq hələ tezdir”
Azad Vətən Partiyasının sədri Akif Nağı barışıq üçün İranın həyata keçirməli olduğu məsələlərə toxundu: “Parlament sədrləri səviyyəsində görüş, aparılan müzakirələr müəyyən mülayimləşmənin olduğundan xəbər verir. Amma münasibətlərin tam normallaşmasından danışmaq hələ tezdir. Bunun üçün İran tərəfi ilk növbədə region siyasətinə yenidən baxmalı, Azərbaycanla Ermənistan arasında aydın və konkret seçimini etməli, prioritetlərini dəqiqləşdirməli, eyni zamanda, Zəngəzur dəhlizi, Ermənistan rejimi və Qarabağdakı terror tör-töküntüləri ilə münasibətlərinə aydınlıq gətirməli, İranda gedən aksiyalar zamanı azərbaycanlılara qarşı edam və digər cəza tədbirlərinə qarşı son qoymalı və başqa istiqamətlərdə zəruri addımlar atmalıdır. Azərbaycan və İran qarşılıqlı əməkdaşlıqda maraqlıdır, burada hər iki tərəfin istəkləri təmin olunur. Bir-birinə çoxlu tellərlə bağlı olan iki qonşu ölkə bütün amilləri nəzərə almaqla xoş münasibətlərin bərqərar olmasına çalışmalıdır”.
скачать dle 12.1