Bia.Az

Yaralı ayı

KÖŞƏ YAZARLARI
 28-06-2022, 09:32     1 108

Natiq Cəfərli
REAL Partiyası

İyunun 9-da gənc alim, mühəndis və iş adamları ilə görüşən Rusiya prezidenti Vladimir Putin özünü I Pyotrla (1682-1725-ci illərdə rus çarı) müqayisə edib, böyük ölkə olmağın torpaqların genişləndirilməsindən (faktiki işğaldan) keçdiyini deyib, suverenliyin əsasını, böyüklüyün təməlini ərazi ilə ölçüb.
Tipik imperiya düşüncəsidir, belə yanaşma bütün postsovet məkanı üçün təhlükədir. Bu gün orta statistik rusiyalı elə Putindir, əhalinin böyük əksəriyyəti eynən onun kimi düşünür, çünki elə “proqramlaşdırılıblar”, böyük ölkə olmağın, “imperiya” modelinin iqtisadiyyat və əhalinin rifahı olduğunu qəbul etmək istəmirlər.
Torpaqların artması heç də ölkənin rifahı, inkişafı demək deyil, müasir “imperiya” tipi, məsələn, Cənubi Koreyadır.
1991-ci ildə SSRİ dağılanda Rusiyanın ümumi daxili məhsulu (ÜDM) 517 milyard dollar idi, sonra kəskin düşdü, 1996-cı ildə 396 milyard dollara dirəndi.


Eyni dövrdə, 1991-ci ildə Cənubi Koreyanın ÜDM-i 367 milyard dollar idi, 1996-cı ildə isə 597 milyard dollara yüksəldi.
Sonrakı dövrlərdə Rusiyanın ÜDM-i artmağa başladı. 2021-ci ildə ölkənin ÜDM-i 1 trilyon 780 milyard dollar olub.
Həmin il Cənubi Koreyanın ÜDM-i 1 trilyon 800 milyard dollar göstərilib.
2021-ci ilin məlumatlarına görə, Rusiyada adambaşına 12200 dollar ÜDM düşüb.
Həmin dövrə Cənubi Koreyada adambaşına düşən ÜDM 34865 dollar olub.
2021-ci ildə Rusiyanın ixracı 491,6 milyard dollar olub, bunun da 60 faizə yaxını neft-qazdır.
Həmin il Cənubi Koreyanın ixracı 644,5 milyard dollar olub, tamamı real sektor, texnoloji məhsullardır.
2022-ci ilin sanksiyalarından öncə Rusiyanın qızıl-valyuta ehtiyatları 630 milyard dollar idi, indi onun 300 milyard dolları dondurulub.
Cənubi Koreyanın qızıl-valyuta ehtiyatları isə 452,3 milyard dollardır.
Rusiya əslində bədbəxt ölkədir, resurslara, əraziyə rəğmən böyük ölkə ola bilmir, imperiyanı ərazi ilə ölçür. Normal sistemi olsaydı, Rusiya indi ABŞ-dan da beş dəfə yaxşı yaşamalı, varlı və nüfuzlu ölkə olmalı idi.
Cənubi Koreyanın ərazisi Rusiyadan 170 dəfə kiçik, əhalisi 3 dəfə azdır, amma bu ölkə əsl müasir “imperiyadır”, torpaqları yox, bazarları tutur, ərazini deyil, əhalinin qarajlarını, ciblərini, evlərini “işğal” edir.
Nə qədər ki, orta statistik Rusiya vətəndaşı elə Putin kimi olacaq, imperiya olmağın formulunu ərazi genişliyi ilə ölçəcək, bizə, qonşulara, postsovet ölkələrinə təhlükə həmişə qalacaq.
Şimalda həmişə ayı olub, bu gün isə yaralı ayı var, yaralı və ağlıni itirmiş ayı…
скачать dle 12.1