Bia.Az

Bir tay ayaqqabım...

KÖŞƏ YAZARLARI
 22-10-2021, 11:12     56

İmdad Əlizadə

1992-ci ilin may ayında Laçının Oğuldərə kəndindən köçkün düşəndə bir müddət Tərtərdə Hüseyn dayımgilə sığınmış, daha sonra Murovun ətəyində (Göygöl rayonu) çadırlarda məskunlaşmışdıq…
Didərginliyin ilk ayları, dədə-baba yurdunun ətrinin burnumuzdan çəkilmədiyi, gözəlliyinin gözümüzün önündən getmədiyi günlər… Bir yandan çox qısa zamanda evimizə qayıdacağımız ümidi ilə yaşayır, o biri yandan çətinliklərə sinə gərməyə çalışırdıq.
Çətinlik? Yox, əsl zülm, sağ ikən cəhənnəmi görmək. Doqquz nəfərlik ailəmiz yardım kimi verilən bir çadırda məskunlaşmışdı, demək olar hər gün yağış yağırdı, duman, sis, palçıq… Axı nə qədər yaş yorğan-döşəkdə yatmaq, gecə leysan yağanda, sel gələndə yuxulu-yuxulu qalxıb sal qayanın üstünə çıxıb yağışın səngiməsini gözləmək olardı?!
…Bir gün atam Gəncəyə gedəcəkdi. Dedi hazırlaş, səni də aparacam. Səhərə yaxın yola düşdük, alatoranda şəhərin kənarındakı mal bazarına çatdıq, gətirdiyimiz mal-qoyunu satdıq.
Mən yaxınlıqdakı bazardan alış-veriş edib Murovun ətəyinə – çadırımıza qayıdacağımızı düşünürdüm, amma elə olmadı, atam dedi şəhərə çıxaq, Gəncəni gəzək, sonra bazarlıq edib dönərik. Təbii, atam Gəncəyə bələd idi, əvvəllər dəfələrlə burada olmuşdu, məqsədi məni şəhərlə tanış etmək, könlümü almaq idi. Gəncənin tarixi yerlərini gəzdik, restoranda yemək yedik, atam mənə, anama, bacı-qardaşlarıma geyim-kecim aldı.
Mağazaların birində şabalıdı rəngdə ayaqqabı satılırdı, xoşuma gəldi, atam ayaqqabıya maraqla baxdığımı gördü, bəyənib-bəyənmədiyimi soruşdu, baha olsa da aldı… Sevinirdim…
Axşamtərəfi Gəncədən çıxdıq, fəqət həmin gün çadırımıza dönə bilmədik, güclü yağış yağmışdı, dərələr, çaylar daşmışdı, Kürəkçayın üstündə bir neçə körpü uçmuşdu, yol bağlanmışdı. Toğanalıda Sədaqət mamam və həyat yoldaşı Eldar dayı ilə rastlaşdıq, onlar da Gəncədən gəlirdilər.
Qaranlıq düşmüşdü, yağış hələ də yağırdı. Getməyə yol axtardıq, məsafə uzaq olsa da hətta piyada getməyə çalışdıq, mümkün olmadı. Qərib axşam, qərib yer…
Toğanalıda qaldıq, atamın, bəlkə də Eldar dayının tanışı evində. Mehriban, qonaqpərvər ailə kəndin qırağında yaşayırdı.
Möhkəm soyuqlamışdım, tir-tir əsirdim, evin xanımı hərarətimi ölçdü, dərman verdi. Yatanda utana-utana atama dedim ki, mənim üçün yorğan istəsin, üşüyürəm, amma heç kim razı olmadı, onda bildim ki, qızdırması olan adamın üstünü qalın örtmək olmaz, mələfənin altında əsirdim…
Səhəri daha yaxşı açdım, nahar elədik. Narın yağış yağırdı, yollar yenə bağlıydı, piyada yola düşdük. Zəligölün, Maralgölün yanından ötüb günortadan sonra çadırımıza çatdıq…
Aldığımız meyvələr əzilmiş, geyimlər islanmışdı, amma hamı sevindi…
1992-ci ilin yayında Azərbaycan Ordusu cəbhədə uğurlu hərbi əməliyyatlar keçirdi, Ağdərənin böyük hissəsini, Laçının şimalında bir neçə kəndi, o cümlədən Oğuldərəni erməni işğalından azad etdi.
Yayı Murovun ətəyində keçirdik. Oktyabrın əvvəlində Oğuldərəyə qayıtdıq. Düşmən məktəbimizi yandırmışdı, atam qonşu kəndlərdən stol-stul, yazı lövhələri gətirdi, boş evlərin birində məktəb təşkil etdi. Müəllimlərimizin hamısı yox idi, sinifləri birləşdirir, yaxın ixtisas müəllimləri bir neçə fənni tədris edirdilər.
Gəncədən aldığımız ayaqqabını ilk dəfə kəndimizdə geyindim. Hava imkan verəndə geyinib məktəbə gedirdim. Uzağı beş-altı dəfə oldu belə fürsət…
1993-cü ilin martında düşmən yenidən Laçının şimal kəndlərini işğal edə-edə Oğuldərəyə yaxınlaşdı. Martın 31-də doğma evimizdən ikinci dəfə didərgin düşdük, ailəmiz pərən-pərən oldu. Dörd bacı-qardaşım Kamal dayının oğlunun köhnə QAZ-52 markalı maşını ilə yola düşdü, anam və qardaşım Babək isə piyada. Mən təsərrüfat işlərinə kömək etmək üçün atamın yanında qaldım, amma az sonra atam dedi bilinmir vəziyyət necə olacaq, ermənilər yenidən kəndə girə bilərlər, sən qalma, qaç anangilə çat. Qalmaq üçün təkid etdim, amma razılaşmadı, atamdan ayrıldım, qaça-qaça ondan uzaqlaşdım…
Qar yeni əriməyə başlamışdı, yol palçıqlıydı, yerimək olmurdu, min bir əziyyətlə Bazar düzündən keçib, Ağduzdağı aşıb, axşama yaxın Kəlbəcər rayonunun Tirkeşəvənd kəndinə (biz bu kəndi Bəylik adlandırırıq, qədim bəy kəndidir) çatdıq.
Kəlbəcərdəki vəziyyətdən xəbərimiz yox idi, elə bilirdik düşmən yalnız Laçının kəndlərinə hücuma keçib. Kəlbəcərdə əmin-amanlıq olduğunu düşünürdük. Tirkeşəvənddə yaşayan qohumlarımıza sığınmağı, ara sakitləşəndə yenidən geri qayıtmağı nəzərdə tuturduq.
Tirkeşəvənddə dəhşətli vəziyyətlə üzləşdik, kənddə bir adam da qalmamışdı. Burada öyrəndik ki, ermənilər bir neçə gündür Kəlbəcərə hücum edirlər, rayonun xeyli hissəsi işğal olunub, düşmən Tuneli tutub. Tunelin tutulması isə Kəlbəcərin bir hissəsinin o biri hissəsi ilə, o cümlədən Laçının şimalı ilə əlaqəsinin kəsilməsi demək idi, yolumuz bağlanmışdı, mühasirəyə düşmüşdük.
Gecəni burada qaldıq. Səhər açıldı, çıxılmaz duruma düşmüşdük, düşmən Tuneli zəbt eləmişdi, nə edəcəyimizi, hara gedəcəyimizi bilmirdik. Atamgildən isə hələ də məlumat yox idi. Mühasirəni yarmaq üçün dağ yolları ilə getməyə qərar verdik.
Bir atımız vardı. Oğuldərədən çıxanda özümüzlə xurcunda ancaq əlavə geyim götürmüşdük, bundan artığına gücümüz çatmamışdı. Tirkeşəvənddən yola düşəndə ehtiyat geyimləri də atdıq, çünki daşımağa taqətimiz yox idi, yalnız əynimizdəki paltarlar qaldı. Ayağımda rezin çəkmə vardı, kənddən bir qədər aralananda yadıma düşdü ki, həmin geyimlərin içində atamın Gəncədən mənə aldığı ayaqqabı da var, atı çapa-çapa geri döndüm, qaldığımız evin qabağındakı meydançada paltarların içindən ayaqqabını götürdüm, hər iki tayın bağını bir-birinə düyünləyib çiynimə atdım, cəld geri qayıdıb, anamgilə çatdım.
Üç gün gecə-gündüz yol gəlib, qarlı dağlardan, sərt yamaclardan, qayalıqlardan keçib düşmən mühasirəsini yara bildik.
Anamın ayağında qaloş vardı, Ömər aşırımı buz bağlamışdı, anam tez-tez yıxılırdı, rezin çəkməni ona verdim, qaloşu özüm geyindim.
Murovun bəri üzündə, Toğanalıdan yuxarıda bizi maşınlara mindirdilər. Hara getdiyimizi bilmirdik. Qaloşu ayağımdan çıxardım, dörd gün qabaq çiynimdə gətirdiyim ayaqqabını geymək istədim, amma…
Məlum oldu ki, ayaqqabının bir tayı yoxdur, haradasa düşüb, ancaq xəbərim olmayıb, o biri tayının ipi paltomun düyməsinə dolanıb qalıb…
Bir tay ayaqqabını atmadım, özümlə Hacıkəndə gətirdim, gecəni orada qaldıq, növbəti gün Hüseyn dayım bizi Tərtərin Hüsənli kəndinə evlərinə apardı, bir tay ayaqqabımı da özümlə götürdüm… Erməni işğalının bir nişanəsi kimi…
1993-cü ilin sonu, 1994-cü ilin əvvəlində düşmən torpaqlarımızı işğal edə-edə Hüsənliyə çatdı, kənd hər gün tank, top, raket atəşinə məruz qalırdı. Yanvarın 3-dən 4-nə keçən gecə Hüsənlidən də didərgin düşdük. Amma bu dəfə işğalın nişanəsini özümlə götürə bilmədim…скачать dle 12.1