Bia.Az

Yağıntıda üzə çıxan...

KÖŞƏ YAZARLARI
 30-09-2021, 00:56     32

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Yağış Bakının “kosmetikasını” yuyur, bütün problemləri üzə çıxarır. Nə etməli?

Böyük şəhər bələdiyyəsinin yaradılması və seçkili mer institutunun təsisi problemlərin həlli üçün önəmli addım ola bilər. Çünki bu gün haqlı-haqsız “söyülən”, tənqid edilən Bakı Şəhər İcra Hakimiyyəti mənasız qurumdur, şəhər təsərrüfatı tam olaraq onun əlində deyil. Yol tikintisinə qismən müdaxilə edə bilir, su-kanalizasiya sistemi “Azərsu”dan asılıdır, nəqliyyat sistemi, elektrik şəbəkəsi və qaz təminatı başqa əllərə baxır.
Bakı Şəhər İcra Hakimiyyəti torpaq və sərəncam satan orqandır, pul qazanmaq mənbəyidir, şəhər idarəçiliyi deyil.
Yaxşı, mer seçilsə, bütün problemlər dərhal həll olunacaqmı? Əvvəla, yox, ikincisi, bu, səlahiyyətlərin çərçivəsindən asılı olacaq – əsl yerli özünüidarəetmə institutu kimi təsis olunsa, şəhər təsərrüfatı böyük şəhər bələdiyyəsinə həvalə edilsə, addım-addım problemlərin həllinə doğru gedə bilərik.
Amma onu da bilək ki, şəhəri abıra salmaq üçün fədakarlıq və milyardlarla vəsait tələb olunacaq. O mənada fədakarlıq ki, şəhərin mərkəzi hissəsindəki eybəcər binaların sökülməsinə o evlərdə yaşayan camaat necə baxacaq? Mülkiyyət hüququ məsələsi necə həll olunacaq? Şəhərin yaşamağa yararlı hala gəlməsi naminə onlar da fədakarlıq edəcəklərmi?
Daha bir önəmli məsələ şəhərin yükünün azaldılmasıdır – bunun üçün unikal şərait yaranıb. Biz yaxın 9 ildə işğaldan azad edilmiş ərazilərə 1,5 milyon vətəndaş köçürməliyik, orada iqtisadi fürsətlər Bakıdan yaxşı olmalıdır.
Bundan başqa ölkədə mütləq ikinci milyonluq şəhər yaranmalıdır – ərazi, əhali, Qarabağa və Şərqi Zəngəzura coğrafi yaxınlıq baxımından və logistik uyğunluğa görə bu, Gəncə şəhəri olmalıdır.
Beləliklə, normal, işlək, qanunun aliliyi, iqtisadi azadlıqlar təmin edilmiş sistem qurmalıyıq ki, həm işğaldan azad edilən torpaqlar ölkəyə iqtisadi yük deyil, yeni inkişaf mərhələsi üçün təkan olsun, həm də Bakının əhalisi 2 milyon nəfər həndəvərinə düşsün.
Yəni bir yağış probleminə açıq göz və ağılla baxsaq, yenə də sistem dəyişikliyinə qədər gedib çıxırıq.
скачать dle 12.1