Bia.Az

İranın "Qordi düyünü" - ABŞ onu kəsməyə tələsmir

KÖŞƏ YAZARLARI
 14-01-2023, 12:06     289

Bu həftə Azərbaycan İsrailə səfir təyin etdi. Doğrusu, bu haqda qərarı və sərəncamı eşidəndə onun tezliklə reallaşacağına bir az şübhə etmişdim. Məsələ onda deyildi ki, bu illər ərzində biz dəfələrlə İsraildə səfirlik açmağa yaxın olmuş, amma hər dəfə də onu təxirə salmışdıq.
Bu haqda düşünəndə adamın yadına konstitusiyamızın bir maddəsi– hərbi doktrina haqqında məşhur maddə düşürdü. Bu məsələ də bir az problemli idi. Ona görə də onu birinci Konstitusiya qəbul ediləndən on illər sonra reallaşdırdıq.
Amma İsrailə artıq səfir təyin edilib, bu isə o deməkdir ki, məsələyə dönməz xarakter verilib və o, birdəfəlik həllini tapıb – daha Təl-Əviv diplomatik münasibətlərimizin assimmetrikliyindən gileylənməyəcək.
Məsələnin məhz indi, İranla münasibətlərin gərgin vaxtında həllini tapması da təsadüfi deyil. Səfirliyin açılması İranın təzyiqlərinə görə yubadılırdı. Bəli, bu illər ərzində Tehranın Azərbaycanda gözlərinə ancaq İsrail və ABŞ görünürdü. Bakı, nəhayət, bu qarabasmalara son qoymağa qərar verdi – Təl-Əvivdə öz səfirliyini açdı.
Bu arada deyildi ki, İran parlamentinin spikeri Bakıya, İran prezidenti isə Ankaraya səfərə hazırlaşır. Düşünmək olardı ki, onlar yaxın qonşularla münasibətləri korrektə etməyə çalışırlar. Amma biz bunun əyani əlamətlərini görmürük: İran hələ də Ermənistanla sıx münasibətdə qalmaqda davam edir, yenə də Ermənistanla sərhəd məsələsinin onun üçün qırmızı xətt olduğunu iddia edir...
Bəli, vəziyyət belədir. Bu durumda hamı İrandakı etirazları izləməkdədir. Amma bəri başdan bir məsələni qeyd edək: etirazlardan sonrakı İranın dəyişib-dəyişməyəcəyini deyə bilmərik, amma onu bilirik ki, Azərbaycan daha əvvəlki kimi olmaycaq, necə deyərlər, daha Tehranın nazı ilə oynamayacaq. O ki qaldı etirazların davamlı olmasına, onlar güman ki, davam edəcək, çünki rəsmi Tehran onların bitməsi üçün heç nə etmir, əksinə, güzəşt və islahatlar əvəzinə təzyiqləri davam etdirir, gündə bir adamı edam edir...
Ümumi fikir və yaxud da qiymətləndirmə budur ki, inqilab, deyəsən, bu dəfə də baş tutmadı, çünki proses çox uzandı. Burada bir məqam da var. Tehran nüvə silahı əldə etmyə yaxınlaşır. Və bu ən çox ABŞ və İsrail üçün təhlükə kəsb edir. İsrail İrana qarşı kəskin addımların tərəfdarıdır. Amma ABŞ haqqında bunu demək olmur.
Düzdür, illərdir ki, Vaşinqton Tehrana qarşı kəskin iqtisadi-siyasi sanksiyalar tətbiq edir. Amma indiki məqamda anti-İran kolasisiyası ABŞ-dan daha real, daha praktiki addımlar gözləyir. Fəqət, bunlar yoxdur.
Etirazların lap əvvəlində ABŞ prezidenti Cozef Bayden dedi ki, biz İranı azad edəcəyik. Amma hələ də bunun əlamətləri görünmür. Bizə hətta elə gəlir ki, huşsuz bir qoca olan ABŞ prezidenti özü də artıq nə dediyini xatırlamır, çünki dünya hər gün bu qocanın bir hoqqası haqqında eşidir və hər dəfə də təəccüblənir: doğrudanmı demokratik ABŞ-da prezident vəzifəsini Baydendən və Trampdan başqa daşıya biləcək bir adam yoxdur? Bəli, Bayden huşsuz bir qocadır, Tramp isə avantürüstün biridir və daha çox Vladimir Jirinovskini xatırladır...
Bayden və komandası İranla köhnə sazişə qayıtmaq istəyir. Amma bu məsələdən çıxış yoludurmu? Xeyr. Hətta fasilələrlə olsa da İran nüvə silahı əldə etmək cəhdlərini davam etdirib və etdirəcək. Adama hərdən elə gəlir ki, Vaşinqton Tehran məsələsini həll etməyə tələsmir və hətta bunu istəmir də! İran məsələsi “Qordi düyünü” kimidir və onu qəti, kəskin bir zərbə ilə “kəsmək” lazımdı. Əks təqdirdə çox gec olar və biz bunu digər avtoritar rejimlərin misalında görürük...
 
скачать dle 12.1