Bia.Az

“Bu nədir, yazırsız, biz deyənləri yazın”

KÖŞƏ YAZARLARI
 12-11-2022, 15:09     522

Samir Sarı

Şəxsən mən özüm oxucunun yazı sifariş etməsinə çox hiddətlənmirəm, fikirləşirəm ki, oxucu xalqın bir nümayəndəsidir, onu hansı problem narahat edirsə, ondan yazmaq vacibdir.

Sonucda işimizin adı budur ki, yaza-yaza problemləri həll edək, nəyisə qaydasına qoyaq. Bunu etmiriksə, gərək gedib 150-200 il əvvəlin şairləri kimi ala gözlərdən, büllur zənəxdanlardan, nə bilim, mina gərdənlərdən, müjgan kipriklərdən şeir yazaq. O da indiki yaşımıza, başımıza yaraşmır, həm də indiki gənclər “zənəxdan”, “gərdən”, “müjgan” kimi kəlmələrin nə demək olduğunu bilmirlər.
Ya da meyxanaçılar kimi hansısa ilahi qüvvənin zühur edərək “sıfır problem” durumu yaradacağına ümidlərimizi qafiyələndirməliyik, o da olmaz, çünki bilirik ki, elə şey heç vaxt olmayacaq.
Ona görə də gərək oxucunun sözünə qulaq verəsən, görəsən, dərdi-səri nədir, nə düşünür, hansı müşkülünə çarə axtarır.
İntəhası, bu məsələdə bir əndazə yoxdur. Bəzi oxucular hesab edirlər ki, jurnalist gəlib oturmalıdır redaksiyada, oxucudan yazı sifarişi - zəng, mesaj gözləməlidir. Əgər o, özündən bir şey yazıbsa, oxucu zəng edib təpinməlidir ki, o yazdığını sonra saxla, mənim sifarişimi qabağa sal.
Elə olanda da olmur, yazar tayfası da bir kaprizlidir, cırnayırlar. O gün baxıram ki, bir oxucu hər gün ( və il on iki ay) xalqın ümdə problemlərinə dair yazı yazan, TV-də danışan bir həmkarıma irad tutub ki, meyxanaçının qətl törətməsi hadisəsindən niyə yazmısan, sən xalqın ümdə problemlərindən yaz. O da qayıdıb sərt cavab vermişdi ki, məni idarə etməyə çalışma.
Bu məsələdə həmkarım haqlıdır. Çünki ən azı həmin gün xalqın ümdə problemlərindən biri elə narkomaniyanın kütləviləşməsi, bu andırın açıq təbliğatının şiddətlənməsi, həmin zəmində kriminogen durumun ağırlaşmasıydı. Məgər gənclərin və yeniyetmələrin, eləcə də uşaqların yeni əsrin bəlasından uzaq tutulmasını təmin etmək xalqın, hətta bəşəriyyətin ümdə problemi deyilmi?
Ancaq oxucu yazara göstəriş verir ki, ondan yazma. Eləsi var, konkret göstəriş verir, deyir, “Tərtər işi”nin üstünün açılmamasından yaz.
Yeri gəlmişkən, bu iş üzrə məhkəmə gedir, ancaq belə anlaşılır ki, bəzilərinin həbsini istədiyi adamlar (dəxli yoxdur o şəxslər bu cinayətdə iştirakçı olublar, ya olmayıblar) tutulmayınca bu cinayət işinin ört-basdır edilməsi barədə qənaət hakim olacaq.
Mənim də elə oxucularım var, birtəhər yola verirəm. Sadiq oxuculardır, hətta fanat da demək olar, amma hərdən başları çönür, müqayisə aparırlar, deyirlər ki, “15-20 il əvvəl daha ürəkdən tikan çıxardan yazılar yazırdınız”.
Tərs kimi, bu məmləkətin əhlinin “ürəyindəki tikanlar”ı birdəfəlik artlayıb qurtarmaq olmur, ha çıxardırsan, yeniləri əmələ gəlir. Məsələn, bir zamanlar “ah, Şuşa, vah Şuşa”, nə bilim, “uy-uy-uy, Füzuli” deyib sızlayırdıq, işğal altında qalan torpaqlara görə ürəyimizə sancılmış tikanlardan yazırdıq. İki il öncə bu vaxtlar tikanlığı şumladıq, indi yerində ağıllı gülüstan salınır, amma hiss olunur ki, məsələ tam həll olunmayıb. İndi də oxucu tələb edir ki, azad olunan yerlərin hələ də məskunlaşdırılmamasına dair sərt və ifşaedici yazılar yazılsın. (Özü də yazı mütləq sərt və ifşaedici olmalıdır, yumşaq ifşaedici olsa, yazı hesaba alınmır). Deyirsən, axı orada hələ evlər tikilməyib, camaatı təzədən çadırlaramı köçürsünlər, minalar tam təmizlənməyib, camaat qırılsınmı, deyirlər, vətən torpağı müqəddəsdir, demirdilərmi, torpaq alınsın, qaça-qaça gedəcəyik, getsinlər dəə (bu yerdə “ə”lərin sayı 7-ni keçə bilər).
Yadıma gəlir, uzun illər öncə bizə daha sərt yazmağı tövsiyə edən biri vardı. Özü də redaksiyadakı otağımızın dinlənilməsindən ehtiyat edərək bu tövsiyəsini pıçıltı ilə edirdi – bir özü eşidirdi, bir də sərt tənqidi yazı yazmalı olan müəllif. İndi həmin adam böyük vəzifə tutur, hamınız tanıyırsınız, onun məsləhət verdiyi müəllif isə indi də yazmağındadır və ona yaxınlaşa, qulağına nəsə yumşaq bir şey pıçıldaya bilmir.
Yəni dediyim odur ki, yazar və oxucu arasında qarşılıqlı ünsiyyət və razılaşma olmalıdır. Yaxşı olar ki, gündəm mövzularından nəyin yazılmasını, nəyin yazılmamasını vacib sayan oxucular hər gün səhər sosial şəbəkədə planlaşdırma etsinlər, jurnalistlərə mövzu versinlər: 1. Ukrayna-Rusiya müharibəsi; 2. İranın iddiaları; 3. Ermənistanın təxribatları və s.
Hərçənd eləsi də olacaq, bu mövzuları yaxın qoymayacaq, başqa mövzular verəcək: 1. Korrupsiya maxinasiyaları; 2. Məmurların ifşası; 3. Sosial problemlərin qabardılması və s.
Di gəl, hamını razı sal görüm. Amma bir yaxşı iş var ki, hamının əli sosial mediaya çatır, istəyənlərin də hamısının səhifəsi var, istədiklərini yaza bilərlər. Adama deyərlər, belə crətli, əqidəli, prinsipial oğlansan, o dediklərini özün yaz.скачать dle 12.1