Bia.Az

Azərbaycan böhrana necə hazırlaşır? - NƏ ETMƏLİ?

İqtisadiyyat
 2-09-2022, 13:00     539

Avrozonada istehlak qiymətləri enerji və ərzaq qiymətlərinin artması ilə avqust ayında rekord həddə yüksəlməyə davam edib.

“Eurostat”ın məlumatına görə, 19 üzvlü Avrozonada illik inflyasiya 9,1 faiz təşkil edib. Əvvəlki ayda inflyasiya 8,9 faiz olub. İnflyasiya aylıq 0,5 faiz artıb. Təxminləri üstələyən inflyasiya rəqəmi, gələn həftə keçiriləcək iclasda Avropa Mərkəzi Bankının FED-i təqib edib 75 bənd artırıb-artırmayacağı məsələsini də gündəmə gətirir. Bəzi ECB rəsmiləri yüksək artımın iqtisadiyyatı tənəzzülə sürükləyəcəyindən narahatdırlar. İqtisadçılar arasında yaşayış xərclərinin artımın tələbi azaltması ilə Avro Bölgəsinin qarşıdakı rüblərdə tənəzzülə girəcəyi gözləntiləri artır. Qeyd edək ki, Fransada inflyasiya 6,8 faizdən 6,5 faizə düşüb. Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada dünən açıqlanan inflyasiya rəqəmi 8,8 faiz ilə 50 ilin zirvəsinə çatdı. Polşada inflyasiya artmaqda davam edir və avqustda 16,1%-ə çatıb. Polşada ərzaq illik ifadədə 17,4%, enerji resursları 40,3%, yanacaq 23,3% bahalaşıb. Mərkəzi Bankın son məlumatına görə, ölkəmizdə də inflyasiya 13 faiz təşkil edib.

İlin sonuna qədər digər ölkələrdə olduğu kimi rekord həddə çatacaqmı? Dia.az-ın məlumatına görə, millət vəkili Azər Badamov “Cümhuriyət”ə bildirib ki, Rusiya-Ukrayna müharibəsi dünya iqtisadiyyatında dərin çat yaradıb:

“Bu dünya ərzaq bazarlarında, o cümlədən dünyanın aparıcı valyutalarının dəyərsizləşməsində də özünü göstərdi. Bu gün illər ərzində sabit iqtisadiyyatı olan Avrozonada inflyasiya tempi yüksək sürət alıb. İnflyasiyanın dərinləşməsi nəticəsində həm Avropanın bazarlarında, Avrozonada təqdim olunan mal və məhsulların dəyəri kəskin artıb, avro kəskin ucuzlaşıb. Əgər ilin əvvəlində avro dollarla müqayisədə 2 manata yaxın idisə, artıq dollarla eyni, 1,70 manat səviyyəsinə mübadilə edilir. Bu proseslər Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərir. Ölkə iqtisadiyyatı müəyyən qədər idxaldan asılıdır. Xarici bazarlarda qiymətlərin bahalaşması Azərbaycanın daxili bazarlarına da öz təsirini göstərib. Bu gün Mərkəzi Bankın açıqlamasına görə, ölkədə 13 faiz inflyasiya qeydə alınır. İlin sonuna qədər hansı istiqamətdə dəyişəcəyi yenə də dünyada baş verən proseslərdən asılı olacaq. Əgər müharibə dayanarsa, dünya iqtisadiyyatı sabitləşəcək. Ölkəmizdə sosial-iqtisadi siyasət düzgün istiqamətlənib. Baxmayaraq ki, qonşu ölkələrdə valyuta ucuzlaşır, inflyasiya daha da böyükdür, ölkəmizdə müəyyən qədər resurslardan istifadə etməklə iqtisadiyyatda inflyasiyanın qarşısı alınır. İlin sonunadək də bugünkü inflyasiya tempinin kəskin artmasının qarşısı alınacaq”.

O bildirib ki, insanların sosial rifahına birbaşa təsir göstərən amillərdən biri də valyutanın ucuzlaşmasıdır:

“Azərbaycan manatı isə sabitdir ki, bu da müəyyən qədər inflyasiyanın qarşısının alınmasına imkan verir. Valyutanın möhkəmliyinin saxlanması üçün imkanlar çoxdur. Çünki Azərbaycan neftinin qiyməti büdcədə nəzərdə tutulduğundan yüksəkdir. Qeyri-neft məhsullarının ixracından valyuta daxil olur. Bu da manatın gücünün qorunub saxlanmasına imkan verir. Düşünürəm ki, ilin sonunadək manatın məzənnəsi sabit qalacaq”.

Millət vəkilinin fikrincə, bahalaşma əhalinin sosial vəziyyətinə təsir göstərir:

“İlin sonunadək müəyyən sahələrdə əmək haqqı, pensiyanın artacağı da gözləniləndir. Hesab edirəm ki, bu istiqamətdə növbəti addımlar atılacaq. Dövlətin siyasəti ondan ibarətdir ki, vətəndaşın sosial rifahı yaxşı olsun. Beynəlxalq bazarlarda baş verən dəyişikliklərin Azərbaycan iqtisadiyyatına mənfi təsirləri minimuma ensin. Bu siyasət öz uğurlu nəticələrini göstərib. Hesab edirəm ki, bu istiqamətdə sosial-iqtisadi siyasətin davam etdirilməsi vətəndaşlarımızın rifahına xidmət edəcək”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə bildirib ki, ilin sonunadək ölkədə inflyasiyanın rekord həddə çatacağı ilə bağlı gözlənti böyükdür:

“Çünki Azərbaycanda inflyasiya iki komponentdən ibarətdir. Birincisi, məhz xarici inflyasiyanın təsiridir. Biz xaricdən məhsul idxal edirik və əgər xaricdə qiymətlər qalxıbsa bizə də təsir edir. Bizdə daxili inflyasiya da var. Artıq bir neçə ildir ki, Mərkəzi Bankın proqnozları özünü doğrultmur, birrəqəmli inflyasiya olmur. Böyük ehtimal var ki, Azərbaycanda inflyasiya son 20 il ərzində ən yüksək inflyasiya göstəricilərindən biri ola bilər. Hələlik görmürəm ki, hökumət, Mərkəzi Bank nə isə ciddi tədbir görsün. Qanuna görə, inflyasiya ilə mübarizə Mərkəzi Bankın səlahiyyətindədir”.

İnfyasiyaya milli valyutanın məzənnəsinin təsirinə gəldikdə isə ekspert deyir ki, bazar iqtisadiyyatı şəraitində işləyən ölkələrdə inflyasiya ilə ölkə valyutasının məzənnəsi sıx bağlıdır:

“Ancaq Azərbaycanda belə deyil. Çünki Azərbaycanda bazar iqtisadiyyatı prinsiplərinə ciddi riayət olunmur. Milli valyutanın məzənnəsi də bazar prinsipləri ilə müəyyən edilmir, Mərkəzi Bankın inzibati qərarı ilə həll olunur. Vayuta ehtiyatlarının çox olması imkan verir ki, bu məsələ tənzimlənsin. Buna görə də milli valyutanın məzənnəsi üçün təhlükə yoxdur. Çünki neftin qiyməti kifayət qədər yüksəkdir və valyuta ehtiyatlarımız da çoxalır”.
скачать dle 12.1