Rusiyadakı azərbaycanlıların pul problemi - NƏ BAŞ VERİR?
Rusiya rublu dəyərini itirməyə davam edir.
Bu kəskin ucuzlaşma isə təbii ki, bir çox ölkələrə də birbaşa təsir göstərir.
Nəzərə almaq lazımdır ki, Azərbaycanın da ən böyük ticarət tərəfdaşlarından biri məhz Rusiyadır. Üstəlik, orada yaşayan milyonlarla həmyerlimizin olduğunu da unutmaq olmaz.
Bütün bunlar və daha çoxu rublun ucuzlaşmasının Azərbaycana da təsirini qaçılmaz edir. Hətta Rusiyadan Azərbaycana pul köçürmələrinin də kəskin azaldığı məlum olub. Belə ki, bu ilin ilk 6 ayında Rusiyadan Azərbaycana olan pul köçürmələri ötən ilin eyni dövrü ilə müqayisədə 44,5% azalıb.
DİA.AZ-ın məlumatına görə, iqtisadçı alim Fuad İbrahimov “Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Rusiyada yaşayan soydaşlarımız Azərbaycandakı ailələrinə, qohumlarına illər boyu pul göndəriblər:
“Bu gün göndərilən pulların həcminin azalması da normaldır. Çünki onlar pulu rublla köçürmürlər, rublu digər məzənnəyə çevirərək köçürürlər. Əlbəttə ki, rus rublu dəyər itirdikcə, Azərbaycan manatı qarşısında da ucuzlaşır. Amma Rusiyada yaşayan soydaşlarımızın qazancı o dərəcədə artmır. Yəni oradan pulu manata, dollara və ya avroya çevirib göndərəndə, kifayət qədər azalma baş verir. Bəlkə də onlar yenə də əvvəlki qədər pul göndərirlər, amma valyutanı çevirəndə dəyəri azalır. Bu isə Azərbaycan vətəndaşına göndərilən pula təsir edir”.
Ekspert qeyd edib ki, bu gün Rusiyaya ən çox kənd təsərrüfatı məhsullarını ixrac edən ölkə Azərbaycandır:
“Bu günləri Rusiyaya ixrac etdiyimiz məhusulların qiymətində artım edə bilmirik. Amma sahibkarlarımızın gəliri azalır. Çünki onlar orada məhsullarını rus rublu ilə satdıqdan sonra onu manata və ya dollar çevirdikdə də gəlirləri kifayət qədər azalır. Proses bu iki göstərici üzrə davam edir.
Bunun da səbəbi bəllidir. Rusiyanın apardığı müharibə fonunda ona qarşı tətbiq olunan sanksiyalar iqtisadiyyatını bir növ iflic vəziyyətinə gətirib çatdırıb. Nəticə etibarilə də, milli valyutaları ucuzlaşıb. Rusiya müəyyən dövrdə süni olaraq bu prosesi saxlaya bilmişdi, amma indi buna əngəl ola bilmir. Düşünürəm ki, bu proses davam etdikcə, artıq iqtisadiyyatın yoğrunluğu sindromu ilə üzləşəcək. Bu isə prosesin davam etməsinə dəlalət edir”.