Bia.Az

“MÖVQEYİMİZ ELƏ OLMAMALIDIR Kİ, 15-20 İLDƏN SONRA BAŞIMIZA DÖYƏK...” – “Dərk etməliyik ki, Qərb bizim dostumuz deyil...”

Gündəm
 18-10-2022, 13:30     146

Arif Əliyev: “Biz gələcəyimizə qarantiyasız baxa bilmərik, hərbi şəraitimizi maksimal dərəcədə yaxşılaşdırmalıyıq”
“Danışıqlar biz gördüyümüzdən xeyli dərindir və bir çox məsələlər artıq razılaşdırılıb”

Ermənistanla Azərbaycan arasında gedən fəal diplomatik danışıqlarda əldə edilən razılaşmalara bu dəfə Fransa Prezidenti Emmanuel Makronun sərsəm bəyanatları, bir növ, kölgə saldı. Vasitəçi qismində çıxış edən rəsmi Paris Azərbaycanda etimadını itirməklə yanaşı, cəmiyyətin və dövlət başçısının sərt təpkisi ilə üzləşdi.

Bununla paralel olaraq, Cənubi Qafqazda Avropa ilə Rusiya arasında ciddi rəqabətin getdiyi, Vaşinqtonun da bu prosesdə fəallığını artırması müşahidə olunur.

Bütün bu proseslərlə yanaşı, silahlar susmur, kiçik miqyaslı da olsa, erməni təxribatları özünü büruzə verir.

“AzPolitika.info” bu proseslərin mahiyyətini və gələcək inkişaf ssenarilərini “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri, analitik Arif Əliyevlə müzakirə edib:

- Arif bəy, son zamanlar Azərbaycanla Ermənistan arasında fəal diplomatik təmaslar müşahidə olunur. Vaşinqton, Praqa və nəhayətdə Astanada geniş müzakirələr aparıldı, ABŞ-da və Praqada sənədlər imzalandı. Sizcə, əsas mübarizə platforması Ukrayna olduğu halda, hazırda böyük güc mərkəzlərinin bölgəmizə bu cür diqqət ayırmasının səbəbi nədir?
- Bu fəallıq təkcə Qarabağ deyil, Rusiya ətrafında olan bütün konfliktlərlə əlaqəlidir. Məsələn, Qırğızıstan, Qazaxıstan və Moldovada gedən prosesləri nəzərə almalıyıq. Qərb açıq-aşkar Rusiyanın ətraf ölkələrdə xüsusi rolunu təmin edən bu konfliktləri mümklün qədər tez həll etmək istəyir. Yəni, Rusiyanın bir zamanlar həmin ölkələrin əllərinə keçirdiyi qandalları çıxarmaq istəyir. Bu kontekstdən baxdıqda son dövrlər fəallaşma açıq görünür. Amma sizə deyim ki, gözlənilməz heç nə baş vermir. Sadəcə, Qərb bu siyasətini açıq şəkildə və sürətlə həyata keçirməyə başlayıb. Bu, təxminən 2020-ci ildən götürülən xəttdir.
İkinci səbəb odur ki, Nikol Paşinyan Ermənistanda öz resurslarını bir qədər genişləndirib və mövqelərini bərkidib. Bundan sonra düşündüyü planı açıq və cəsarətlə həyata keçirməyə başlayıb.
- Amma biz görürük ki, Praqada tərəflər bir-birinin ərazi bütövlüyünü bəyanat formasında qəbul etsə də, irəliyə doğru qəti addımlar atılmır. Ümumiyyətlə, müharibənin başa çatmasından iki il ötür. Sizcə, sülh sazişinə doğru hansısa böyük addım gözlənilirmi, yoxsa bu məsələ illər çəkəcək?
- Əslində, bizə elə gəlir ki, real heç nə baş vermir. Lakin sadəcə, biz işin içində deyilik. Əslində, çox ciddi proseslər gedir. Məsələn, cəmi bir neçə ay əvvəl Azərbaycanın irəli sürdüyü şərtlər mübahisələr doğururdu, bəzən etirazlar da səslənirdi. Amma indi həmin şərtlərin istər Ermənistan, istərsə də Avropa tərəfindən qəbulu şübhə doğurmur. Sülh müqaviləsi haqqında əvvəl ehtiyatla danışır, deyirdik ki, sülh sazişi olmayana qədər prosesdə ciddi irəliləyiş əldə etmək mümkün olmayacaq. Amma bu gün söhbət həmin real sənədin hazırlanmasından gedir. Nəzərə almalıyıq ki, bizim bildiyimiz və ya bizə açıqlanan informasiya ola bilsin, baş verənlərin 20-30 faizidir. Təkcə Qarabağ məsələsi deyil, bütövlükdə bütün konfliktlərdə vəziyyət belədir. Qısası, danışıqlar bizim gördüyümüzdən xeyli dərindir və ehtimal edirəm ki, bir çox məsələlər artıq razılaşdırılıb.
Əlbəttə, bu çox mürəkkəb və çətin prosesdir. Söhbət dövlətlərarası komissiyaların yaradılmasından, işindən, delimitasiya və demorkasiya prosesindən gedir. Bu, o demək deyil ki, komissiyalar aktiv fəaliyyətə başlayacaq, oturub qısa müddətə sərhəd məsələsini həll edəcəklər. 30 ildir Gürcüstanla sərhədlərimizin delimitasiya və demorkasiya prosesini başa çatdırmamışıq, hazırda işlər gedir. Eləcə də Rusiya ilə. Yəni bu, uzun və kifayət qədər ağrılı prosesdir. Amma ilkin mərhələdə atılan addımlar olduqca fəaldır. Mən bu prosesin uğurlu olacağı və sonda məntiqi nəticəsinə çatacağına inanıram.
Ancaq aydındır ki, məsələ təkcə Azərbaycanın və Ermənistanın istəklərindən, Türkiyə və Avropadan asılı deyil. Rusiyanın da burada mühüm rolu var. Putin son açıqlaması zamanı aydın dedi ki, Avropanın burada fəallaşmasından narazıdır və buna imkan verməməyə çalışacaq. Bu da Rusiyanın vəziyyətindən asılı olacaq. Əgər Rusiya Ukrayna müharibəsində əlavə təzyiqlərə tab gətirərək möhkəmlənə biləcəksə, bu perspektiv bizim üçün çətin və ağrılı olacaq. Yox, əgər indiki vəziyyət və Rusiyanın zəifləməsidavam edəcəksə, proseslər daha sürətlə gedəcək.
- Demək istəyirsiniz ki, Azərbaycan-Ermənistan münasibətləri tərəflərdən daha çox Rusiya və kollektiv Qərbdən, onların arasında gedən hərbi, siyasi, diplomatik və iqtisadi savaşdan asılıdır?
- Söhbət Rusiyanın öz mövcudluğunu və təsirini saxlamaq imkanlarının nə dərəcədə olmasından asılıdır. Məgər biz istəyirdik ki, Rusiya gəlib Xankəndinin qapısında otursun və bizə problem yaratsın, Qarabağdakı proseslərin məntiqi başa çatmasına imkan verməsin? Bunu nə Prezident, nə xalq, nə də müxalifət istəməzdi. Lakin biz bununla barışmalı olduq. Niyə? Çünki Rusiyanın burada təsir imkanları böyükdür. Baxın, bizdən xeyli güclü olan Ukraynada Rusiya nələr edir. Ona görə də bu faktor nəzərə alınmalıdır. İndi Rusiyanın zəifləməsini qeyd etsək də, ayının hələ gücü çox şeyə kifayət edər. Ümumən Rusiya mürəkkəb məsələdir. 
Məsələ ondadır ki, ruslar Ukraynada məğlub olsa da, biz çətin vəziyyətlə qarşılaşacağıq, qalib gəlsə də, ağrılı və mürəkkəb proseslərdən keçməli olacağıq. Bunlar Azərbaycana təsirsiz ötüşməyəcək. Odur ki, bizim gözümüz həmişə şimala baxır. Təbii ki, bu məsələlər Avropaya da təsirsiz ötüşmür. Təsadüfən demədim ki, Avropanın strateji proqramlarından biri Rusiyanın öz ətrafına təsir imkanlarını saxlayan konfliktləri sürətlə həll etməkdir. Qırğızıstanla Özbəkistan arasında illərlə mövcud olan və həllini tapmayan məsələlərin birdən-birə həllini də bura şamil edərdim.
- Qeyd etdiniz ki, biz istəmədən rus sülhməramlılarını Xankəndinə buraxmalı olduq. Amma Avropa da Rusiyadan geri qalmır. Prezident Makron utanmadan siddia edir ki, Azərbaycan Qarabağı işğal edib, Paris heç vaxt Ermənistanı dəstəksiz qoymayacaq və s. Sanki bu prosesdə maraqlı qüvvələrin hamısı Ermənistanın başını sığallayır, əvəzində bizim üzərimizə gəlir...

Birincisi, Qərbin mövqeyini belə birməmalı qiymətləndirməzdim, çox adam çox şey deyir. Əsas odur ki, imzalanan rəsmi sənədlərdə, ortaya qoyulan proqramlarda heç “dağlıq Qarabağ” ifadəsi belə yoxdur. Siz müharibədən əvvəl və ya dərhal sonra belə bir mövqeni təsəvvür edirdinizmi? Gördüyünüz kimi, mövqelərdə də dəyişikliklər baş verib və bu, qiymətləndirmə üçün başlıca şərtdir.
İkincisi, biz bir şeyi dərk etməliyik - Qərb bizim böyük dostumuz deyil, Qərb Azərbaycanın dini və milli təəssübkeşliyini çəkən toplum deyil. Elə Avropa İttifaqı da. Təbii ki, onların Ermənistana yaxınlığı, canıyananlığı Azərbaycanla müqayisədə daha çoxdur. Baxmayaraq ki, onlar bir çox hallarda mövcud şərtləri qəbul edirlər, xüsusilə II Qarabağ müharibəsindən sonra yaranan durumu. Amma biz hamımız başa düşürük ki, istər dini, istər milli, istərsə də tarixi bağlılıqlarda onların Ermənistana münasibəti daha yaxın olacaq. Necə ki, nə baş verməsindən asılı olmayaraq, Türkiyə bizə yaxındır. Eyni şərtlər Ermənistanla Qərbin münasibətlərində də mövcuddur, xüsusilə Fransa ilə. Fransa da Avropa Birliyində sonuncu dövlət deyil, əksinə, bu qurumun siyasətini formalaşdıran beş ölkədən biridir. 
Odur ki, biz istər Qərbə, istərsə də başqa istiqamətlərə qucağımızı açanda bilməliyik ki, bu münasibətlərdə hər bir dövlətin özünün marağı və gələcəyə baxışı əhəmiyyətli rol oynayır. Onlar üçün Qarabağın kimdə olacağı üçüncü dərəcəli məsələdir, birinci və ikinci dərəcəlisi öz maraqları, bunun gələcəkdə onlara nələr verməsi, Azərbaycana təsir imkanlarını saxlaya bilib-bilməmələridir. Üstəlik, ortada enetgetika məsələsi var. Eləcə də İran məsələsi. Bütün bunları nəzərə alanda başa düşürük ki, ən yaxın dostumuz özümüzük. İşləri elə ölçüb biçməliyik ki, maraqlarımızı təmin edək. Hələ mən bu məqamları deyəndə güclü erməni diasporasına, onların Qərb siyasətçilərinə təsirinə toxunmuram. Odur ki, bu məqamları nəzərə almalıyıq.
Yeri gəlmişkən, Azərbaycanda daxili siyasətlə bağlı narazılığımız və tənqidlərimiz olsa da, xarici siyasətdə qeyd etdiyim məqamların ciddi şəkildə nəzərə alındığının şahidi oluruq.
- Sizcə, Ermənistanda Nikol Paşinyana qarşı proseslər uğurlu olsa və keçmiş iqtidar nümayəndələri hakimiyyəti götürsə, Rusiyanın indi tutduğu mövqedə ciddi dəyişikliklər baş verə bilərmi?
- Mən bu fikri əsaslı hesab edirəm. Amma Paşinyanın devrilməsini real hesab etmirəm. Ona görə yox ki, xalq arasında Paşinyanın imici çox yüksəkdir. Paşinyanın da səhvləri kifayət qədərdir. Qənaətimcə, daxildə Paşinyana qarşı əsas rəqib keçmiş hakimiyyət olmasaydı, Paşinyan çoxdan hakimiyyətdən getmişdi. Erməni xalqı ən pis variantı keçmiş iqtidar nümayəndələrinin hakimiyyətə qayıtmasında görür. Çünki onların korrupsiyasını görüb, onların dövründə Ermənistanın tam mənada Rusiyanın vassalına çevrilməsini müşahidə edib. Ona görə də, bütün hallarda Paşinyanın zəiflikləri və səhvləri olsa belə, Ermənistanda qərbyönümlü qüvvələr yaranana qədər onu dəstəkləyəcəklər. 
Bu baxımdan Paşinyanın uduzmasını real saymıram. Deməli, bir variant qalır. Kənar zərbələrlə Paşinyanı devirmək və keçmiş qüvvələri hakimiyyətə qaytarmaq. Bu da Rusiyanın ssenarisi ola bilər. Məsələn, Ermənistandakı son seçkilərdə Rusiyanın müxalifətə verdiyi maliyyə və media dəstəyini göstərmək olar. Əslində, növbədənkənar seçkilərdə müxalifətin apardığı prosesin arxasında hansı qüvvənin dayandığı açıq görünürdü. İndiki mərhələdə əgər orada hansısa dəyişiklik olarsa, bu, Rusiyanın dəstəyi ilə ola bilər. Qərb buna çalışmır, Azərbaycan bunda maraqlı deyil. İranın da Ermənistana təsir qüvvəsi o qədər də ciddi deyil. Belə bir şey Rusiyanın vasitəsilə mümkün ola bilər. Çünki bu halda Rusiya Azərbaycana əlavə təzyiq imkanı əldə edə bilər.
- Gördüyümüz odur ki, Azərbaycan-Ermənistan dialoqu və müzakirələri fəallaşdıqca, İrandan da anti-Azərbaycan bəyanatları çoxalır, bu ölkənin rəsmiləri hansısa “qırmızı xəttdən” bəhs edir, İrəvana açıq dəstəyini nümayiş etdirir. İranın belə fəallığı və anti-Azərbaycan bəyanatları nə ilə bağlıdır?
- Bir vacib şərt var ki, Azərbaycan müstəqillik dövründə daim İran üçün təhlükəli görünüb. Çünki Azərbaycanın güclənməsi İranda mərkəzdənqaçma meyllərinə təsir edə bilər və bu, İranda narahatlıq yaradır. İlkin şərt belədir ki, Azərbaycanın inkişafı İran üçün problemlər yarada bilər, xüsusilə əgər İranda qeyri-demokratik rejimdirsə və sanksiyalar səbəbindən bir qədər də zəif düşübsə. Odur ki, Azərbaycanın sabit inkişafını İran indidən özü üçün təhlükə kimi qəbul edir. Son 30 ildə, xüsusilə 44 günlük savaşda İranın necə davrandığını da hər kəs görüb.
Əlbəttə, digər səbəblər də var. Məsələn, logistikanın Azərbaycan üzərindən keçməsi, nəqliyyat xətlərinin genişlənməsi. Bu, İrana olan ehtiyacı da azaldır. Hətta Rusiyanın İrana ehtiyacını müəyyən qədər zəiflədir. Odur ki, bunlar İranın xeyrinə baş verən proseslər deyil və bunların İranda qıcıq yaratması müəyən qədər anlaşılandır. Bunun üzərinə İrandakı qeyri-sabitliyi gəlsək mənzərə bir qədər də aydın görünər. Odur ki, İranın Ermənistana azalmayan marağının səbəbini başa düşmək olar.
- Azərbaycan və Ermənistan arasında fəal danışıqların davam etməsilə paralel Azərbaycan Ordusunun mövqeləri erməni silahlı dəstələri tərəfindən atəşə tutulur. Belə aktiv diplomtik danışıqlar fonunda silahlar nədən susmur?
- Biz məsələyə tərəfsiz jurnalist kimi qiymət versək, bu xəbərlərlə yalnız Müdafiə Nazirliyinin verdiyi məlumatlardan tanış olmalıyıq. Orada hansı proseslərin getdiyini dəqiq şəkildə söyləyə bilmərik. Xüsusilə, nəzərə alaq ki, Ermənistan tərəfdə başqa dövlətin də qüvvələri var. Yəni, təxribat cəhdləri var və böyükdür.
Həm də indiki bir tərəfin zəif, bir tərəfin güclü olduğu vəziyyətdə hər kəs özünün maraqlarını təmin edir. Mən onu deyə bilərəm ki, son vaxtlar Azərbaycan belə situasiyalarda özünün mövqelərini xeyli dərəcədə yaxşılaşdırıb. Əldə edilən yüksəkliklər uzun müddət Azərbaycana təhlükə törədirdi və gələcəkdə də təhlükə törədə bilərdi. İndi bu yüksəkliklər Azərbaycanın nəzarətindədir. Əlbəttə, beynəlxalq səviyyədə kimlərsə nəsə deyir, Ermənistan iddia edir ki, bu yüksəkliklər onundur, Azərbaycan oradan çəkilməlidir. Amma Ermənistan-Azərbaycan münaqişəsi yeni başlamayıb, hər iki ölkə müstəqil olduğu illərdən əvvəl başlayıb. Mən yaxın tarix kimi 1918-ci ili deyə bilərəm, hələ ondan əvvəlki tarixə toxunmuram. Bizdə təminat varmı ki, sülh müqaviləsi bağlasaq belə, 15-20 ildən sonra vəziyyət dəyişdikdən sonra Ermənistanda yenidən hansısa qüvvə baş qaldırıb “ora bizim ərazilərimizdir, qaytarmaq lazımdır” deməyəcək? 
O zaman bu mövqelərin və yüksəkliklərin rolu əhəmiyyətli olacaq. Yəni, hərbi-strateji mövqelərimiz elə olmamalıdır ki, 15-20 ildən sonra başımıza döyməyək Sözsüz ki, təhlilçilər bunun əhəmiyyətini başa düşür. Odur ki, nə deyilməsindən asılı olmayaraq, Azərbaycan öz gələcəyi üçün iş görür. Biz öz gələcəyimizə qarantiyasız baxa bilmərik. Biz hərbi şəraitimizi maksimal dərəcədə yaxşılaşdırmalıyıq. Əgər bunun əhəmiyyətini biz başa düşürüksə, sözsüz ki, hərbi strateqlər daha yaxşı anlayır və bunu icra edirlər. O, başqa məsələdir ki, kimsə bunu haqlı, kimsə haqsız hesab edə bilər. Amma mən bunu zəruri addımlar kimi qiymətləndirir və əhəmiyyətini anlayıram. 30 il Ermənistan bizim ərazimizdə oturub yüksəkliklərdən nəzarət edir, ərazilərimizdə taxıl əkirdi. Bütün sərvəti talayıb aparıb. Onlara deyirdilərmi ki, sən çəkilməlisən, müstəqil Azərbaycanın torpalqlarını işğal etmisən? Yox, sadəcə danışıqlar gedirdi, heç kim də məsələni indiki qədər kəskin şəkildə qoymurdu. Bəli, biz anlayırıq ki, indi Avropanın bəzi məsələləri ədalətsiz qiymətləndirməsi mümkün ola bilər, ancaq ölkənin gələcək təhlükəsizlik zərurətini nəzərə alanda mütləq atılmalı addımlar var. Heç bir ölkə, o cümlədən Avropa bizə zəmanət verə bilməz ki, sabah Ermənistanda revanşist maraqlar baş qaldırmayacaq.
Söhbət Ermənistan ərazilərini tutub oradan erməniləri qovmaqdan getmir. Təəssüf edirəm ki, sosial şəbəkələrin Azərbaycan seqmentində belə çağırışlar var ki, niyə dayandıq, irəli getmədik və s. Bu gün tutulan qayalıq və yüksəkliklərdə heç vaxt insan yaşamayıb. Onun insan yaşayışı və ya resurslar baxımından əhəmiyyəti yoxdur. Amma onların hərbi-strateji mənada əhəmiyyəti var. Bu baxımdan keçmişə baxanda və gələcəyə nəzər salanda bu addımları əsaslı hesab edirəm. Biz sabah sülh müqaviləsi imzalamış olsaq da, ən yaxşı şərtlər daxilində bizim zəmanətimiz olmalıdır.скачать dle 12.1