Bia.Az

“RUSİYA TAM ÇÖKDÜRÜLƏNƏ QƏDƏR MÜHARİBƏ DAVAM ETDİRILƏCƏK” - “Putin həm də bizim Türkiyə ilə münasibətlərimizə işarə vurmaq istəyir...”

Gündəm
 14-06-2022, 13:09     129

Sərdar Cəlaloğlu: “Ukraynada Rusiyanı məğlub etmək vacibdir ki, dünya nizamında ciddi dəyişiklik olmasın”

“Ukraynada döyüşənlərin əksəriyyəti qeyri-ruslardır... Putin həm ölkə daxilində demoqrafiyanı öz xeyrinə dəyişir, həm də əhalinin diqqətini daxili problemlərdən yayındırır

Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü davam edir. Hazırda Donbasda qanlı döyüşlər gedir və rəsmi Kiyevin acıqladığı məlumata görə, ölkənin 20 faizi işğal olunub. Bunun fonunda Putin özünü I Pyotrla müqayisə edərək “müqəddəs rus torpaqları” uğrunda savaşdığını bildirir.
“AzPolitika.info” bu mövzunu Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müzakirə edib:

- Sərdar bəy, Rusiya Ukraynada müharibəyə başladığı vaxtdan Kremlin məğlub olacağını deyirsiniz. Hazırda Ukraynanın 20 faiz ərazisi faktiki işğal edilib, Qərb verdiyi sözün əksinə olaraq Ukraynaya silah çatdırılması prosesini ləng həyata keçirir. Bu baxımdan vəziyyəti necə qiymətləndirirsiniz?
- Məncə, nə Rusiya, nə də Ukraynanın verdiyi informasiyaya inanmaq doğru olmazdı. Çünki hər iki tərəf öz qələbəsini şişirdir və əks tərəfin məğlubiyyəti görüntüsünü yaratmağa çalışır. Bu müharibədə tərəflərin irəli getməsi və ya geri oturdulması ümumilikdə nəticə haqda qəti fikir söyləməyə imkan vermir. Vaxtı ilə Hitlerin ordusu Moskvanın 26 kilometrliyində idi, eləcə də yunanlar Türkiyə ərazisinin böyük hissəsini tutmuşdu, İzmirin sahillərində idilər. Amma nəticədə SSRİ Almaniyanı, Türkiyə də Yunanıstanı məğlub etdi. Yəni, müharibə dayanmırsa və gedirsə, bu halda cəbhədə yaranan müvəqqəti vəziyətə görə nəticə çıxarmaq düz olmaz. Amma bildiyiniz kimi bu gün Ukraynanın əsas problemi silahdır. Lazım olan silahlar tam şəkildə Kiyev hökumətinə çatdırılmayıb. Ukrayna hələ köhnə rus və sovet silahları, yaxın məsafəni hədəfə alan komplekslər verilib.
İkincisi, əgər ruslar Ukrayna üzərində ciddi üstünlük əldə edəcəksə, bu halda NATO ölkələri aktiv şəkildə müharibəyə qoşulacaq. İndiki halda Ukrayna özü Rusiyanın qarşısında duruş gətirə bildiyinə görə hərbi əməliyyatlara başqa ölkələr qoşulmayıb.
ABŞ başda olmaqla Qərb bilir ki, Ukrayna məsələsi Rusiyanın istədiyi kimi həll olunacağı təqdirdə dünyada siyasi münasibətlər II Dünya Müharibəsi ərəfəsinə qayıdacaq. Rusiya bu halda dünyaya öz şərtlərini diktə etməyə çalışacaq, dünya yenidən qütbləşəcək. “Soyuq müharibə” məsələsi gündəmə gələcək, dünya yenidən silahlanmaya start verəcək və inkişafdan qalacaq. Məcbur olacaq ki, dövlətlər milli gəlirlərinin əhəmiyyətli hissəsini silahlanmaya sərf etsin. Odur ki, Ukraynada Rusiyanı məğlub etmək vacibdir ki, dünya nizamında ciddi dəyişiklik olmasın. Mən müharibənin hər hansı bir mərhələsində Ukrayna və Rusiyanın irəliləməsini qələbə kimi qiymətləndirməyin əleyhinəyəm. Qələbə yalnız o halda ola bilər ki, tərəflərdən biri məğlubiyyətini elan etsin.
Ukraynada deyirlər ki, cəbhədə vəziyyət ağırdır. Amma cəbhədə vəziyyətin ağır olması məğlubiyyət demək deyil. Putin mümkün qədər çalışır ki, nailiyyətlər əldə edərək bunu cəmiyyətinə təqim edə bilsin. Ona görə də bütün gücünü məhdud əraziyə - Donbasa qoyub. Halbuki, buna qədər Kiyevi tutmaq, Lvova qədər çıxmaq niyyətində idi. Amma son nəticədə müharibəni Donbasda aparmağa məcbur oldu. Üstəlik, müharibədə ruslar bir o qədər də irəli gedə bilmir. Gözənildiyi kimi, rus qoşunları orada əhəmiyyətli irəliləyiş əldə edə bilməyiblər. Bu baxımdan mən vəziyyəti Ukrayna üçün acınacaqlı qiymətləndirmirəm. Düşünürəm ki, bu müharibədə Ukrayna qalib gələcək.
- Qərb hansı səbəblərdən silahları vaxtında Ukraynaya çadırmır, axı müharibə az qala dörd aydır ki, gedir...
- Qərbin müharibə haqqında informasiyası ilə Ukrayna tərəfinin verdiyi informasiya üst-üstə düşmür. Qərb Ukraynanı o şəkildə silahlandırmaq istəyir ki, müharibə nəzarətdən çıxmasın, Qərbin nəzərdə tutduğu “Yol xəritəsinə” uyğun olsun. Ukraynalılar bəzən vəziyyəti drammatikləşdirir və müharibəni Rusiya ərazisinə keçirəcək silahlar istəyirlər. Açığı, bu da Qərbin və ABŞ-ın maraqlarına uyğun deyil.
- Niyə?
- Burada məqsəd Rusiyanı öz yerində oturtmaqdır. Daha Rusiya ərazisində müharibə aparmaq deyil. Çünki belə olacağı təqdirdə dünyada daha təhlükəli proseslər ola bilər. Bu baxımdan Qərb heç nəyi gecikdirmir. Lazım olan vaxt həmin silahları verəcək. İndi vermirlərsə, deməli, bu silahları Ukraynaya vermək üçün ciddi əsaslar yoxdur.
- Rusiya-Ukrayna müharibəsi fonunda Vladimir Putinin qeyri-adi hərəkətləri müşahidə olunur. O, I Pyotru misal çəkir, onun 21 il Şimal Müharibəsi apardığını xatırladaraq özünün də “qədim rus torpaqları” uğrunda savaşdığı mesajnı verir. Bütün bunlar təhlükəli deyilmi?
Öncə nəzərə alaq ki, rus cəmiyyətində millətçi bir kəsim, imperialist təfəkkürlü insanlar var. Ruslar hələ də sovet psixologiyası ilə yaşayır. Bu baxımdan əhalinin böyük hissəsi imperiyapərəst olduğundan və “böyük rus” ideologiyasını mənimsədiyindən Putin əhalinin rəyini nəzərə alır. Müharibə gedir, itkilər var. Putin insanların övladlarını əlindən alsa da, onları kasıb yaşatsa da, onların beyinlərindəki ideyaya cavab verən lider kimi çıxış etməyə çalışır. Bu səbəbdən də rus imperiyasını təbliğ edir, I Pyotra, İvan Qroznıya heykəl qoyur. Ukraynada aparılan müharibəni də bu kontekstdən cəmiyyətə təqdim edir. Üstəlik, Kremldə Pyotrun heykəlinin altında oturub dünyanın müxtəlif liderlərini qəbul etməsi rusların hamısında qeyri-adi rəğbət oyadır. Amma məşhur məsəl var, balıq tutmaq istəyən öz xoşuna deyil, balığın xoşuna gələni qarmağa taxmalıdır. Odur ki, Putinin özünün xoşuna gəlməsə belə, bu bəyanatların hamısını “böyük rus” təffəkküründə olan insanları özünə tərəf çəkmək, onların rəğbətini qazanmaq üçün verir.
- Demək istəyirsiniz ki, reallıqda Putin özünü çar kimi görmək istəmir?
- Yox. Əksinə, çar qeyri-adi vəzifə deyil. Çardan da böyük rütbələr və məqsədlər var. Məsələn, Hitler dünyanı tutmaq istəyirdi, Putinin də gücü çatsa, belə addımlar ata bilər. Halbuki, Putin Ukrayna məsələsində böyük yanlışlıqlara yol verib. O, Krımın, Gürcüstanın işğalı ilə bağlı beynəlxalq reaksiyanı anlamadı. Düşünülmüş şəkildə Qərb də çalışırdı ki, Rusiya birbaşa münaqişəyə cəlb olunsun. Rusiya münaqişəyə cəlb olundu. İndi bu müharibənin tezliklə başa çatmasına imkan verilməyəcək. Əslində, Ukraynanın indiki müvəqqəti uğursuzluğu da müharibənin uzanmasına xidmət edən situasiyalardan biridir. Bu gün Ukrayna Rusiyanı vurub ərazilərindən çıxaracağı halda müharibə dayanacaq. Və ya ruslar istədiklərinə çatsalar müharibə başa çatacaq. Bu hallar isə Qərbə imkan verməz ki, Rusiyanı istədiyi formada cilovlaya bilsin. Ona görə də, Rusiyanı tamamilə çökdürülənə, onu Qərbdən asılı vəziyyətə salana qədər müharibə davam etdiriləcək. İndi Qərbin addımları bu baxımdan müharibənin uzadılmasına xidmət edir.

- Putinin “müasir dövrdə dövlətlər ya suveren, ya da müstəmləkə ola bilər, aralıq dövlət olmur” bəyanatının ciddi analizə ehtiyacı var. Çünki o, bu fikrində yalnız Ukraynanı nəzərdə tutmur. Sizcə, Putin bununla nəyə işarə vurur?
- Mənim qənaətimcə, Putin ölkələrin Qərblə əlaqələrinə, eləcə də bizim Türkiyə ilə münasibətlərimizə işarə vurmaq istəyir. Dünyada heç bir dövlət mütləq şəkildə müstəqil deyil. Çünki beynəlxalq təşkilatlara üzv olmaq tələb edir ki, bəzi səlahiyyətlərdən imtina edəsən. Bu da müstəqilliyi və suverenliyi müəyyən mənada məhdudlaşdırır. Putin dövlətlər arasındakı müqavilələri asılılıq kimi təqdim etməklə keçmiş SSRİ ölkələrini, Şərqi Avropanı müttəfiqlikdən məhrum etmək və onları təkləmək məsədi güdür. O, istəyir ki, bu ölkələr Qərblə əməkdaşlıq etməsin. Çünki bu halda asanlıqla Polşanı, Rumıniyanı, Belarusu, Bolqarıstanı, Orta Asiya respublikalarını ram edə bilər. Amma hamı başa düşür ki, müasir dövrdə ayrılıqda mövcud olmaq və milli təhlükəsizliyi təmin etmək mümkün deyil. Bizim Türkiyə ilə əlaqələrimiz əslində bizim hərbi qarantımızdır. Bu baxımdan digər türk ölkələri də bunu təkrarlamalıdır. Hazırda Ukraynanın tələbi onun suverenliyinə, ərazi bütövlüyünə və təhlükəsizliyinə təminat verilməsidir. Bu baxımdan Putin tam müstəqil olmağın mümkün olmadığını hamıdan yaxşı bilər.
Putinin rus torpaqları ilə bağlı anlayışları nə tarixlə, nə də müasir siyasi gerçəkliklərlə uyğun gəlmir. Ruslara məxsus olan tarixi torpaqlar əslində müasir Rusiyanın malik olduğu torpaqlardan azdır. Bu torpaqların bir hissəsi türk xalqlarına, bəzi hissələri digər xalqlara məxsusdur. Bu baxımdan Ukrayna, Qafqaz, Orta Asiya necə rus torpağı ola bilər? Faktiki olaraq bugünkü Rusiya və rus xalqı klassik mənada öz torpaqlarından daha çoxuna malikdir. Orada 150-yə yaxın xalq yaşayır. İndiki rus dövləti də ənənəvi rus dövləti deyil. Bu baxımdan Putin həddən artıq yersiz iddialar irəli sürür. Onun hər bir iddiası da rus dövlətinə və xalqına məhrumyyətlər hesabına başa gələcək.
- Uğur qazansa necə olacaq?
- Uğu qazana bilməz. ABŞ-ın hərbi büdcəsi Rusiyanın dövlət büdcəsindən çoxdur. Bu halda necə uğur qazana bilər? Bir neçə atom bombası ilə dünyanı hədələyir. Əslində bu, demaqoqiyadan başqa bir şey deyil. Dünyada nüvə başlığı daşıyan raketləri yerindəcə məhv etmək üçün sistemlər var. ABŞ Pezidenti Bayden də dedi ki, Putinin nüvə silahı ilə bağlı dedikləri “blef”dən başqa bir şey deyil. Rusiyanın nə texnikası, nə texnologiyası, nə də ordusunun əhvalı təsəvvür edildiyi kimi onu qüdrətli dövlət, güclü ordu hesab etməyə imkan vermir. Biz gördük ki, Rusiya özündən 4 dəfə kiçik Ukraynada necə məğlubiyyətə uğradı, dünyanın ikinci ordusu imicini qazanan ordu əslində dünyanın 60-cı ordusunun qarşısında diz çökdü. Bu da onu göstərir ki, Rusiya blef üzərində siyasət aparır. Qorxutmaqla, təzyiqlə, bleflə.
- Sizcə, Kreml nə zaman Ukrayna savaşından geri çəkilə bilər, bunun işartıları görünürmü?
- Əslinə baxsanız, Putinin intervensiyasının səbəbi Rusiyanı dağılmaqdan saxlamaqdır. Politologiya elmi artıq sübut edib ki, diqqəti daxili problemlərdən yayındırmaq üçün dövlət xarici münaqişəyə cəlb edilməlidir. Zamanında SSRİ özünü saxlamaq üçün Əfqanıstana daxil oldu, indi də Rusiya Ukraynada müharibəyə girdi. Bu da onu göstərir ki, Rusiyada mərkəzdənqaçma meylləri və bu meylləri saxlamaq üçün xarici düşmənə ehtiyac yaranıb.
Yeri gəlmişkən, bu müharibədə həlak olanların çoxu qeri-ruslardır. Əsasən buryatlar, tatarlar, Komidə yaşayanlar, Dağıstan xalqları və digərləridir. Sanki burada rus yaşamır, döyüşmür. Niyə? Çünki müharibyə cəlb olunan insanlar gələcək mərkəzdənqaçma meyllərinin potensial daşıyıcılarıdır. Bu baxımdan Putin bir daşla iki dovşan vurur. Ölkəsinin və əhalisinin diqqətini xarici müdaxiləyə cəlb etməklə diqqəti daxildəki problemlərdən yayındırır. Digər tərəfdən, Rusiya çox təhlükəli olan mərkəzdənqaçma meyllərinin daşıyıcılarını bu müharibədə məhv edir. Baxın, bu mühribədə 10 minə qədər buryat iştirak edir. Ukrayna müharibəsində iştirak edənlərin az qala 60 faizi buryatlar, Dağıstan xalqları, tatarlar və digərləridir. Ruslar bu mühariədə o qədər də fəal iştirak etmir. Putin ölkə daxilində demoqrafiyanı öz xeyrinə dəyişir, eyni zamanda əhalinin diqqətini daxili problemlərdən yayındırır...
- Həm də MDB daxilində qorxu mühiti yaradır...
- Açığını deyim ki, Rusiya uzun müddət dövlətlərə şərt qoyur ki, özlərinə müttəfiq axtarmasınlar, bloklara daxil olmasınlar. Elə Ukraynaya da ona görə hücum çəkib ki, Kiyev NATO-ya getmək istəyir. Keşmiş SSRİ məkanında Rusiyadan asılı olmayan, özünə müttəfiqlər qazandıran ölkələr də var. Azərbaycanın Türkiyə, sonra isə Pakistanla müttəfiq olması bu mənada əhəmiyyətlidir. Bu baxımdan Türk Dövlətləri Təşkilatı gücləndirilməli, təcili vahid ordu da yaradılmalıdır ki, belə vəziyyətlərdə qoruna bilsin. Ruslar Orta Asiyanı işğal etmək haqqında düşünür. Mən Qazaxıstanda və Özbəkistanda mövcud olan real situasiyanı bildiyimdən bunu deyirəm. Eyni zamanda əminəm ki, Putin öz məqsədinə çata və SSRİ-ni bərpa edə bilməyəcək.скачать dle 12.1