Bia.Az

UZAQ VƏ YAXIN QAZAXISTAN NÜMUNƏSİ... – Yaxud “gözü çıxmış qardaş”dan götürülməli dərslər

Gündəm
 8-01-2022, 20:47     22

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Qazaxıstandakı hadisələr fonunda “Rusiyanın “tarixi rus torpaqlarında” baş verənlərə biganə qala bilməyəcəyini” bəyan edib. Və təbii ki, bu zaman təkcə Qazaxıstanı deyil, Ukraynanı və digər postsovet ölkələrini, bir sözlə, nə vaxtsa Rusiyanın işğalı altında olmuş bütün əraziləri nəzərdə tutub.

Hələ bu, Rusiyanın insanlara sülh, əminamanlıq, səbr, dözümlülük və s. aşılamalı olan din xadiminin mövqeyidir. Jirinovskilərin, zatulinlərin və digər məlum Kreml xidmətçilərinin, həmçinin bir sıra deputatların, rəsmi şəxslərin fikirləri isə özünün həyasızlıq səviyyəsinə görə Kirillin dediklərini də üstələyir. 
Rusiya imperiya maraqlarının xidmətində duran patriarxından oliqarxına, prezidentindən deputatına qədər bütünlükdə rus hakim elitasının “tarixi rus torpaqlarındakı” dayaqlarını isə formal olaraq, “rusdilli”, yaxud “rus kökənli” əhali adlandırdıqları sadə insanlar, reallıqda isə bu insanlardan istifadə edən və “5-ci kolon” kimi tanınan qüvvələr təşkil edir...

Bəli, rus dili, rus idarəçiliyi bir neçə nəsil azərbaycanlının təhsilə, dünya elminə, mədəniyyətinə, ədəbiyyatına və s. çıxışını təmin edib. Ancaq bunun qarşılığında Rusiyanın Azərbaycandan aldığı və almaqda davam etdiyi maddi və qeyri-maddi sərvətlər müqayisə edilməyəcək dərəcədə çoxdur. 
Bəli, müasir dövrdə də Rusiya Azərbaycan üçün əhəmiyyətli və danılmaz iqtisadi və siyasi tərəfdaş, nəhəng qonşu dövlət, kənd təsərrüfatı və əmək bazarıdır. Özü də təkcə Azərbaycan üçün yox, digər əksər MDB ölkələri üçün də.
Bəs, görək Rusiya bu yığcam və konkret kriteriyaya sığırmı, bununla barışırmı? Təbii ki, yox... Və bunu bu gün Qazaxıstanda bir daha nümayiş etdirir.

Siyasi şərhçilərin bir çoxu Qazaxıstanda baş verənləri və Rusiyanın bu ölkəyə “sülhməramlı” adıyla müdaxiləsini geopolitik və iqtisadi səbəblərlə yanaşı, son dövrlər Qazaxıstanda rus dilinin tədricən aradan çıxarılması, kiril əlifbasından latın əlifbasına keçid, milli kadrlara üstünlük verilməsi, qısası, bu ölkədə Rusiyanın maraqlarının sıxışdırılması ilə izah edirlər. Bunun nə dərəcədə doğru arqument olduğunu mübahisələndirmədən yalnız onu demək olar ki, “od olmayan yerdən tüstü çıxmaz” .
Qazaxıstanın nəzərəçarpan sosial-iqtisadi inkişafı, iqtisadiyyatını şaxələndirərək, həm Qərb, həm də Çin üçün önəmli iqtisadi tərəfdaşa çevrilməsi istiqamətində addımları və buna paralel olaraq, milli özünüdərketmə, öz köklərini tanıma prosesinin sürətlənməsi, eləcə də ölkə gənclərinin getdikcə daha çox Rusiya yox, qərbmeylli düşüncəyə sahiblənməsi Moskvanı qane edə bilməzdi. Bütün bunlar nəzərə alındıqda, Rusiyanın ölkədə baş qaldıran dinc sosial etirazlardan öz maraqları üçün istifadə etdiyinə dair iddialar olduqca inandırıcı görünür. 
Ən əsası isə bu prosesdə Rusiyanın bütün MDB ölkələrində olduğu kimi, özünün “5-ci kolonu”ndan məharətlə istifadə etməsidir. Bu gün silahsız qazax gəncinə avtomatdan atəş açan hərbçidən başlayaraq, ona bu əmri verən kiçik komandirə, generala, hətta prezidentə qədər uzanan zəncirdə “5-ci kolon”un həlqələrinin mövcud olduğu heç bir şübhə doğurmur...

Qazaxıstandakı mitinqlərdə iştirak edən dinc nümayişçilərin, gənclərin böyük əksəriyyəti rus dilini mükəmməl bilir və onların məhz Rusiyanın kuklasına çevrilən Tokayev hakimiyyətinə və Rusiyanın özünə qarşı rus dilində çıxışlarını əks etdirən çoxsaylı kadrlar var. Ancaq həm Rusiya, həm də Qərbdəki dairələr başda olmaqla, riyakar və ikiüzlü beynəlxalq güclər həmin gəncləri görməzdən gəlirlər. 
Rusdilli olmalarına baxmayaraq, belələri Rusiyaya qətiyyən gərək deyil. Moskvaya sadəcə, rus məktəblərini bitirənlər yox, həm də “rusbaş”a çevrilmiş qazaxlar, eləcə də Qazaxıstanda yaşayan ruslar lazımdır. Belələri isə kifayət qədərdir...
Qarabağdakı 44 günlük müharibənin sonunda müəmmalı şəkildə rus hərbi vertolyotunun vurulması göstərdi ki, Moskva öz siyasi ambisiyalarına nail olmaq üçün istənilən təxribata və insan qurbanlarına hazırdır.
Vladimir Putinin ABŞ-da yaşayan sabiq köməkçisi Andrey İllarionov o vaxt “həmin vertolyot orada, yəni Naxçıvanla sərhəddə nə gəzirdi” deyə sual vermişdi.
Eyni üsulla da Moskva üçün Qazaxıstandakı “mitinqçilərə” bir neçə rus millətindən olan Qazaxıstan vətəndaşını, yaxud rusdilli qazaxları öldürtmək heç bir problem təşkil etmir - təki, Rusiyanın işğalına, ilhaqına zəmin yaradılsın. Hələ heç kim təminat vermir ki, Rusiyanın xeyli vaxtdır göz dikdiyi və siyasətçilərin, deputatların dililə açıq şəkildə iddia etdiyi Qazaxıstanın şimalında, yaxud hansısa digər bölgəsində bu cür təxribatlar baş verməyəcək...

Bu baş verənlərə, əlbəttə ki, Azərbaycandan uzaq, mücərrəd hadisələr kimi baxmaq doğru olmaz. Azərbaycanda da Ramiz Mehdiyev demək olar ki, paralel siyasi qüvvə yaratmışdı və dövlət idarəetmə aparatına güclü təsir imkanlarına malik idi. 
Doğrudur, Mehdiyevi əsas siyasi proseslərdən, idarəetmədən uzaqlaşdırmaq mümkün olub, amma o, elə də uzağa getməyib, az-çox meydandadır və ona biət edənlərin də əksəriyyəti vəzifə, var-dövlət, mövqe sahibləri olaraq qalırlar. 

Bu qüvvənin sosial-siyasi bazasını, belə demək mümkünsə, elektoratını isə məhz cavanlı-qocalı “rusbaşlar”, yəni Rusiyaya mənəvi-siyasi bağlılığı əqidə olaraq seçənlər, eləcə də “elitarlıq”, yaxud “uzaqgörənlik” hesab edərək övladlarını rus sektorunda təhsilə yönəldən, həmin dildə təhsil alan, dərs deyən, danışan kəsim təşkil edir. Və məhz bu kəsim hətta özü bilmədən belə, hansısa anda Rusiyanın imperiya və işğal ambisiyalarının predmetinə, alətinə çevrilə bilər. Və o zaman öyündüyümüz multikulturalizm Rusiyanın vecinə də olmayacaq, köməyimizə çatmayacaq və hətta bəlkə də ziyanımıza işləyəcək...
Bu gün rus məktəblərinin, rus sektorunda təhsilin elmi, mədəni, siyasi və s. üstünlükləri, eləcə də Rusiyada təmsilçiliyimiz baxımından vacibliyindən danışanlar bir məqamı görməzdən gəlirlər. Nədənsə, tək-tük istisnaları çıxmaq şərtilə Azərbaycandakı rus məktəblərinin məzunlarının Rusiyanın mədəniyyət, incəsənət, elm, mətbuat kimi sahələrində aktiv təmsilçiliyinə, ən əsası da Rusiyanın siyasi həyatında iştirakına demək olar rast gəlinmir. Əksinə, rus dili və rus məktəblərinin az qala qadağan olunduğu Ermənistanınsa Rusiyanın istənilən strateji əhəmiyyətli sektorunda təmsilçiləri var. Bəs, o zaman hanı rusdilli təhsilin dövlət maraqlarımız baxımından faydası? 

Axı, həmin bu rusdilli məzunlar Moskvada, Sankt-Peterburqda hansısa elm, mədəniyyət ocağında, yaxud şimal qonşumuzun ictimai-siyasi həyatında yox, məhz Azərbaycanda yüksək, elit vəzifələrdə, postlarda təmsil olunurlar. Yeri gəlmişkən, hazırkı yeni kadr siyasətində çatışmayan cəhətlərdən biri də budur ki, bir çox qurumlardakı “yeni komandalar”da əhali ilə dil tapmağı bacarmayanlar, süründürməçiliyə, insanlara qarşı saymazyana, yekəxana davranışlara yol verənlər, hətta nazir səviyyəsinə qədər gedib çıxaraq, dövləti, rəhbərlik etdiyi qurumu və hökuməti də öz yersiz və əhalidə qıcıq yaradan açıqlamalarıyla çətin vəziyyətə salanlar arasında belələrinə çox rast gəlinir...
Məlum məsələdir ki, Azərbaycan gəncliyinin böyük hissəsinin nəzərləri Rusiyaya yox, inkişaf etmiş, demokratik dəyərlərə üstünlük verən sivil dünyaya yönəlib. Bu sıraya rus sektorunda oxuyan gəncliyimizin də böyük hissəsini aid etmək olar. Onlara qarşı diskriminasiya yolverilməzdir, ən azından ona görə ki, uşaq yaşlarından rus sektoruna göndərilmələri onların yox, valideynlərinin seçimi olub. 
Qətiyyən bu uşaqları, gəncləri “itirilmiş nəsil” hesab etmək yox, onların milli kimliyinin, düşüncələrinin, dəyərlərinin azərbaycanlı olaraq qalmasına nail olmaq gərəkdir. Bu isə həm dövlətdən, həm də cəmiyyətdən böyük çabalar tələb edir və bunun üçün Azərbaycanda rus dilinin, rus məktəbinin Rusiyanın “5-ci kolon”unun alətinə, bir sözlə rus ayısının pəncəsindəki caynaqlardan birinə çevrilməsinə imkan verməmək lazımdır.../“AzPolitika.info”скачать dle 12.1