Bia.Az

TEHRAN NƏ İSTƏYİR? - “İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq"

Gündəm
 21-05-2021, 13:06     276

Azərbaycanın hərbi zəfəri ilə yekunlaşan 44 günlük müharibədən sonra regionda yaranmış hərbi-siyasi vəziyyət İranı narahat etməyə başlayıb. Hər halda qonşu ölkənin siyasi dairələrindən verilən mesajlar belə nəticə çıxarmağa əsas verir.

Bir az əvvələ gedərək, müharibə günlərində Tehrandan verilən bəyanatları xatırlatsaq, müəyyən siyasi dairələrin Azərbaycanın hərbi uğurlarından heç də məmnun olmadıqları məlum idi. Azərbaycan Ordusunun İran-Azərbaycan sərhədini işğalçı erməni ordusundan təmizləməsi, Cənubi Azərbaycanla tarixi-siyasi, mədəni birliyin abidəsi olan Xudafərin körpüsünə bayraq sancması o taylı, bu taylı bütün azərbaycanlıları sevinc göz yaşlarına boğmuşdu.
Amma rəsmi Tehran nəinki bu sevinci bölüşdü, İnqlab Keşikçiləri Korpsunun ağır silahlarla, zirehli texnika ilə silahlanmış briqadasını Azərbaycanla sərhədə göndərdi. Güney Azərbaycan şəhərlərində erməni işğalçılarına gizli silah ötürülməsini təşkil edən İran rejiminə qarşı nümayişlər isə qəddarlıqda dağıdıldı, xeyli sayda soydaşımız həbs edildi.
Məlumdur ki, Azərbaycanın kəşfiyyat qurumları müharibə dövründə Rusiyadan Ermənistana silah ötürülməsində istifadə olunan marşrutları ifşa etmişdi. Həmin yollardan biri də İran ərazisindən keçirdi. İrəvana yolnan hərbi maşın karvanının fortoları soydaşlarımızda qəzəb doğurmuşdu...
Bütün bunlara baxmayaraq, Prezident İlham Əliyev Azərbaycanın İranla qarşılıqlı maraqlara əsaslanan mehriban qonşuluq siyasətinin davam etdirilməsinə sadiq olduğunu ifadə edib. İşğaldan azad edilmiş Xudafərin körpüsünü ziyarət edərkən dövlət başçısı İranla sərhədi "dostluq sərhədi" adlandırmışdı.
Müharibədən sonra İran xarici işlər nazirinin müavini Abbas Araqçı Bakıda səfərdə olub, ölkəsinin Qarabağın yenidən qurulmasında iştirak etmək niyyətini ifadə edib. Azərbaycan rəhbərliyi də prosesdə bütün dost ölkələrin şirkətlərinin iştirakına şərait yaradıldığını bildirib. O cümlədən, İran şirkətlərini də Qarabağa invesitisiya yatırmağa, quruculuq-abadlıq işlərində iştirak etməyə dəvət edib.
Amma hadisələrin inkişafı göstərir ki, İranın bölgədə Azərbaycanın maraqlarına zidd siyasət yürüdür.. Mayın 12-də Zəngəzurda, Azərbaycanla-Ermənistanın dövlət sərhədində baş verən gərginlik Tehranın niyyətlərini açıq müstəviyə çıxmasına şərait yaratdı.
Xatırladaq ki, Prezident İlham Əliyev bundan bir qədər əvvəl Naxçıvanda səfərdə olarkən, Zəngəzur dəhlizinin mütləq açıalacağını bəyan edib. Dövlət başçısı qeyd edib ki, bu, 10 noyabr razılaşmasının bir hissəsidir, zor, ya xoşluqla bu dəhliz yaradılmalıdır.

Sözügedən dəhliz Azərbaycanın qədim Zəngəzur bölgəsinin 45 kilometrlik hissəsindən keçməklə Türkiyə ilə birbaşa quru əlaqəni təmin etməlidir. Bu dəhliz bölgənin əsas oyunçuları olan Türkiyə və Rusiyanın da maraqlarına uyğundur. Qardaş ölkə bu dəhlizlə Orta Asiyaya maneəsiz çıxış, Rusiya isə Gürcüstandan üzərindən çıxışına alternativ yol əldə edir. Paralel olaraq Yaxın Şərqə yeni dəhliz imkanı qazanır.
İran qəti şəkildə bu dəhlizin yaradılmasına qarşıdır. İran Məclisinin milli təhlükəsizlik və xarici siyasət komissiyasının sədri Muctəba Zunnuri Ermənistanın Zəngəzur vilayətinin sərhədlərinin toxunulmaz qalmalı olduğunu və bölgədə hər hansı sərhəd dəyişikliyinə sərt cavab verəcəklərini bəyan edib.
O deyib: "İranın mövqeyi aydın və qətidir: biz bölgədə heç bir ərazi dəyişikliyini qəbul etmir, bütün ölkələrin ərazi bütövlüyünün qorunub-saxlanılmasından yanayıq. Habelə, sərhədlərimiz yaxınlığında bölgədən kənar hər hansı qüvvəni də qəbul etmirik. Əgər Ermənistan ərazisinin bir qismini ələ keçirmək istəsələr və Ermənistanla olan mərzlərimizdə yeni qonşu olarsa, bu bizim üçün qəbuledilməzdir".
Zunnurinin sözlərinə görə, İranla Ermənistan arasında mövcud sərhəd tam saxlanılmalı və qorunmalıdır.

İrandakı mühafizəkar elitarın tanınmış nümayəndəsinin, ölkədəki güc strukturlarının parlamentdəki nümayəndələrindən sayılan Müctəba Zünnuri isə Azərbaycanı qonşuluqdakı dövlətin "ərazi bütövlüyünü pozmaqda" suçlaması Tehranın niyyətlərinə daha bir aydınlıq gətirir.
Onu da xatırladaq ki, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası prosesinin fəallaşmasından sonra Ermənistanın Tehrandakı səfiri Artaşes Tumanyan İranın nəqliyyat və şəhərsalma naziri Məhəmməd İslami ilə görüşündə "Azərbaycanın ərazi bütövlüyümüzə iddialarının artdığı bir şəraitdə bunlara son qoymaq üçün dost İranın dəstəyini gözləyirik" demişdi.
O, daha sonra Fars Körfəzini Qara dəniz sahilləri ilə birləşdirəcək beynəlxalq tranzit dəhlizinin yaradılması istiqamətində işlərə başlamağı təklif etmişdi.
Nazir M.İslami cavabında deyib ki, İran bu nəqliyyat layihəsi çərçivəsində işlərə başlamağa hazırdır: "Proqram sadəcə, ölkələrimizin iqtisadi inkişafına yox, həm də regional təhlükəsizliyin təminatına yönəlib".
Göründüyü kimi İran rəsmisi dəhliz məsələsini daha çox təhlükəsizlik maraqları ilə əlaqələndirib.
Bundan sonra cərəyan edən hadisələrin xronologiyasına diqqət etdikdə İranın regionda daha da fəallaşmaq, Azərbaycana təzyiq göstərmək cəhdləri açı sezilir. İlk növbədə Naxçıvanda və cəbhəboyu rayonlarda hərbi təlimlərə başlayan Azərbaycan Ordusunun İranın kəşfiyyat təyyarələri tərəfindən izlənməsi faktı üzə çıxdı. Bu barədə videokadrlar sosial şəbəklərdə yayılıb.
Bu ərəfədə Azərbaycan Sərhəd Qoşunlarının “Göytəpə’” sərhəd dəstəsinin xidməti ərazisinə sərhəd pozucularının basqını həyata keçirildi. Atışma zamanı baş leytenant Eyvazov Samir Elmar oğlu və kiçik gizir Alimov Fərid Elçin oğlu şəhid oldu.
İran vətəndaşı olan sərhəd pozularından biri ələ keçirildi, digəri - Ağayi Əllahbəxş Bağış oğlu Yardımlı rayonunda keçirilən əməliyyat zamanı məhv edildi.
İki gün öncə İranın bir qrup yüksək rütbəli hərbçisi Ermənistana gəlib. Ermənistan mətbuatı İrəvanın “Zvartnots” hava limanında enən təyyarədən 10-a yaxın yüksək rütbəli zabitin düşdüyünü yazır.

Qeyd olunur ki, iranlı generalların İrəvana gəlişi Ermənistan-Azərbaycan sərhədindəki gərginliklə bağlıdır.
“Konkret hansı məqsəd və ya təkliflə çıxış edəcəklərini söyləmək çətindir, lakin bölgədəki hərbi-siyasi gərginliyin İranı narahat etdiyi şübhəsizdir”,-deyə məlumatda qeyd olunur.

Politoloq Elxan Şahinoğlu bildirir ki, Tehranın narahatlığının səbəbi bəllidir. Onun sözllərinə görə, başda Azərbaycan Prezidenti olmaqla Azərbaycan cəmiyyətində Zəngəzurla bağlı fikirlər genişlənir. Bu isə İranın hakimiyyət dairələrini narahat edir: "Çünki Azərbaycan nə zamansa Zəngəzura sahiblənsə bu o demək olacaq ki, İranın Ermənistanla sərhəddi olmayacaq. Bu perspektivi isə İrandakı dairələr qəbul etmək istəmir, deputatlar “sərhədlər dəyişdirilə bilməz” deyir, iranlı generallar İrəvana gedirlər. Halbuki, Ermənistan sərhədləri dəyişdirib Azərbaycan torpaqlarını 30 ilə yaxın müddətdə işğalda saxlayanda cənubdan buna etiraz yox idi. Ona görə İranla münasibətlərdə növbəti gərginliyə hazır olmalıyıq"."AzPolitika.info"скачать dle 12.1